Müasir Azərbaycanın yeni inkişaf tarixinin müəllifi Ulu Öndər Heydər Əliyev

Siyasət

1991-ci ilin oktyabr ayında Azərbaycan xalqı uzun illər həsrətində olduğu müstəqilliyini qanı bahasına yenidən bərpa etdi.Bu, ölkəmizin və xalqımızın həyatında dönüş nöqtəsi, yeni bir tarixi mərhələ idi. Lakin təəssüflər olsun ki, bu tarixi hadisə heç də istədiyimiz nəticəni vermirdi. Müstəqilliyimizin elə ilk illərindəcə ölkəmiz çox böyük sınaqlar, çətinliklər, bəlalarla üz-üzə dayandı. Bir tərəfdən isə Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın bir hissəsini işğal etməsi vəziyyəti daha da çətinləşdirirdi. Hakimiyyətin başı isə daxili siyasi çəkişmələrə, vəzifə uğrunda mübarizəyə, dövlət əmlakının mənimsənilməsinə qarışmışdı və bu acınacaqlı vəziyyət ölkəmizi hər gün biraz daha uçuruma sürükləyirdi. Ayrı-ayrı silahlı qruplaşmalar bəzi siyasi “lider”lərin rəhbərliyi altında hakimiyyət uğrunda mübarizəyə cəlb olunmşdu.
Siyasi böhranla yanaşı ölkədə hökm sürən iqtisadi tənəzzül, ərzaq qıtlığı insanların sosial durumunu olduqca çətin vəziyyətə salmışdı və bütün bunlar xalqın bu gündən sabaha ümidini, inamını qırmışdı.Məhz belə bir vaxtda xalq çətin vəziyyətdən çıxış yolunu Vətənini, xalqını sevən Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində gördü. Xalqımız bu tələblə küçələrə çıxmağa başladı. Xalqımız çox yaxşı başa düşürdü ki, ölkəni bu ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi cəsarətli, uzaqgörən, zəngin dövlətçilik təcrübəsinə malik bir rəhbər çıxara bilər. Ulu Öndər xalqın səsinə səs verdi və bu çətin və məsuliyyətli vəzifəni üzərinə götürdü. Beləliklə 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu.
Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bildi, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ulu Öndər ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə
ictimai-siyasi sabitlik bərqərar edildi.
İctimai-siyasi sabitliyə nail olduqdan sonra Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlı inkişafını təmin etmək istiqamətində Ulu Öndər tərəfindən atılan ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın yeni Konstitusiyasının qəbulu oldu.1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı. Çox qısa müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı və ictimai müzakirəyə təqdim olundu. Geniş ictimaiyyətin iştirakı ilə həyata keçirilən müzakirələrdən sonra Konstitusiya layihəsi 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsində (referendumda) 91,9 % səslə qəbul edildi.Bu Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi xalqımızın dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsinin qəti qələbəsi idi.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi.Ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün səmərəli, praqmatik xarici siyasət kursunun müəyyən edilməsi zərurəti yaranmışdı. Ulu Öndər Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu Öndər ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti və mənfi imici aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.Qısa müddət ərzində bir çox ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlıq quruldu. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirməyə başladı, ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilməyə yön aldı. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı.
Bütün sahələrdə olduğu kimi müstəqil Azərbaycanın iqtisadi inkişafı üçün mühüm işlər görülməyə başlanıldı.Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə, o cümlədən ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı.Ulu Öndərin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi.
İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edildi, 100-dən çox fərman və sərəncam imzalandı, 30-a yaxın dövlət proqramı təsdiq edildi.O cümlədən yeni neft strategiyası Azərbaycanın həm siyasi, həm də iqtisadi inkişafında çox böyük rol oynadı. 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu.
Ulu Öndərin rəhbərliyi altında Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görülmüş, orduda kütləvi fərarilik hallarına son qoyulmuş, hərbi intizam möhkəmləndirilmişdir. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Qafqazın ən böyük siyasi partiyasının yaradıcısı məhz Ulu Öndər Heydər Əliyevdir.
Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi.
Bütün qeyd olunanlar Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın möhkəmlənməsi və inkişafı istiqamətində gördüyü işlərin çox cüzi bir hissəsidir. Bu gün müstəqil Azərbaycan dövlətində təhlükəsiz və firavan şəraitdə yaşadığımıza görə məhz Ulu Öndər Heydər Əliyevə borcluyuq.Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz tərəfindən aparılan uğurlu siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib, regionun lider dövlətinə çevrilib, beynəlxalq aləmdə mövqeləri xeyli möhkəmlənib. Hər bir Azərbaycan vətəndaşı ölkəmizdə gedən inkişafın müsbət nəticələrini öz həyatında hiss edir.

Malik Mustafayev
Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru, Yeni Azərbaycan Partiyasının üzvü

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir