Deputat: Tarixi Zəfərimiz Ulu Öndərin müəyyənləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir

Siyasət

Görkəmli dövlət xadimi, dünyaşöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycanın müasir tarixinin ən mühüm mərhələsini təşkil edir. Çünki vaxtilə Sovet İttifaqının tərkibində olan Azərbaycan Ümummilli Liderin uzaqgörənliyi, siyasi müdrikliyi və qətiyyəti sayəsində inkişaf edib. 1993-cü ildə isə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müstəqilliyimizi təhlükədən xilas edərək, müasir Azərbaycan dövlətinin banisinə çevrilib. Bu gün dövlətimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurların təməlində Ulu Öndərin əbədiyaşar ideyaları dayanır.
Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qorunub saxlanması, milli dövlət quruculuğu, ölkəmizin inkişafı yolunda gördüyü böyük işlər, misilsiz xidmətləri xalqımız tərəfindən yüksək qiymətləndirilir. Ulu Öndərin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aqil Məmmədov bildirib.
A.Məmmədov qeyd edib ki, məhz Heydər Əliyevin uğurlu rəhbərliyi nəticəsində sovet hakimiyyəti illərində öz daxili imkanlarına yaşamağa qadir olan respublikalardan biri Azərbaycan idi. Bütövlükdə istər Azərbaycanın, istərsə də İttifaqın mərkəzi partiya və dövlət hakimiyyəti orqanlarının rəhbərliyində olarkən Heydər Əliyevin qayğısı nəticəsində ölkəmiz sosial-iqtisadi baxımdan yüksək səviyyədə inkişaf etmiş, ən qabaqcıl respublikalardan birinə çevrilmişdi.
“Heydər Əliyev sovet dövründə istər ölkəmizə rəhbərlik edərkən, istərsə də Moskvada çalışarkən Qarabağın inkişafına çox böyük diqqət və qayğı göstərib. Xüsusilə həmin dövrdə Şuşa şəhərində genişmiqyaslı quruculuq işlərinin aparılması və şəhərin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin tarixi xidmətləri ilə Şuşa şəhəri ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. 1977-ci ilin avqust ayında Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər Soveti “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etdi. Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsinin inşa edilməsi Ulu Öndərin Qarabağ bölgəsinə diqqət və qayğısının bariz nümunəsidir. Ulu Öndər özü də məqbərənin açılışında iştirak etmişdi. 1977-ci ilin iyulundan avqustadək Şuşada olan Ümummilli Lider, həmçinin Xurşidbanu Natəvanın abidəsinin açılışını da etdi. Üzeyir Hacıbəyovun və Bülbülün ev-muzeylərinin yaradılması da Heydər Əliyevin Şuşanın mədəni irsinin yaşadılmasına və təbliğinə göstərdiyi diqqətin təzahürüdür.
Zəfərimizdən sonra əsarətdən azad edilən Şuşada və Qarabağın digər bölgələrində Ulu Öndərin əsasını qoyduğu abadlıq və quruculuq işləri uğurla davam etdirilir və Azərbaycan dövləti bütün bunları öz gücü hesabına edir”, – deyə A.Məmmədov vurğulayıb.
Deputat diqqətə çatdırıb ki, Heydər Əliyevin rəhbərliyi dövründə erməni millətçiləri açıq çıxışlardan çəkinirdilər. Onlar bu müddətdə torpaq iddialarını heç vaxt dilə gətirməyə cəsarət etmədilər. Ulu Öndər erməni millətçilərinin Azərbaycana qarşı olan münasibətini yaxşı bilirdi və hər zaman onların əməllərinin qarşısını qətiyyətlə alırdı. Bütövlükdə, Heydər Əliyevin 1970-ci illərdə həyata keçirdiyi tədbirlər əzəli Azərbaycan torpağı olan Qarabağda azərbaycanlı əhalinin mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi.
“Bu gün Azərbaycanın yüksəlişi Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən düşünülmüş, uzaqgörən siyasətin real nəticəsidir”, – deyən A.Məmmədov bildirib ki, Ermənistanın təcavüzü nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş keçmiş vətəndaşlarımızın sosial müdafiəsini diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərin maddi vəziyyətinin və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə çox mühüm işlər görülüb. Ümummilli Liderin müdrik qərarı ilə Dövlət Neft Fondundan ilk vəsait qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Evlərindən didərgin düşmüş vətəndaşlarımızın maddi rifahının yaxşılaşdırılması üçün müxtəlif proqramlar həyata keçirilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Məcburi köçkünlərin çadırlardan müasir evlərə köçürülməsi, onların haqq səsinin dünyaya və beynəlxalq təşkilatlara çatdırılması sahəsində ilk addımlar da məhz Heydər Əliyevin hakimiyyəti dövründə atılıb.
Deputat bildirib ki, Ümummilli Liderin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş, həmçinin Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi.
“44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz və ərazi bütövlüyümüzün bərpa edilməsi Ümummilli Liderimizin müəyyən etdiyi, Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir.
Bu gün Azərbaycan dövlətinin qarşısında dayanan mühüm məsələlərdən biri də soydaşlarımızın öz doğma yurd yerlərinə qayıtmalarıdır. Bu istiqamətdə dövlətimiz tərəfindən mühüm işlər görülür, infrastruktura yenidən qurulur, yollar çəkilir, aeroportlar inşa edilir. Dövlətimizin gücü və qüdrəti sayəsində tezliklə Qarabağımızda həyat öz axarına düşəcək və insanlarımız öz doğma yurdlarına qayıdacaqlar.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir