Sona qədər öz dəstəyimizi göstərəcəyik

Baş səhifə

Türkiyənin Kahramanmaraş vilayətində və ətraf bölgələrdə baş vermiş zəlzələ nəticəsində böyük dağıntılara və insan itkisinə səbəb olmuş fəlakətə görə qardaş ölkə olaraq çox kədərləndik. Çünki Türkiyə və Azərbaycan sevincli və kədərli günlərdə hər zaman birlikdədir, çətin vaxtlarda bir-birini dəstəkləyir: “Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatının və yaralıların olması Azərbaycanı dərindən kədərləndirdi və ölkəmiz qardaş Türkiyənin dərdinə şərik çıxdı və çıxmaqda da davam edir. Sadə vətəndaşdan tutmuş, dövlət və özəl qurumlara qədər hər kəs Türkiyəyə dəstək olmağa çalışır.

​ Yardımlar ilk gündən bütün Azərbaycanda, o cümlədən Cəklilabadda başladı. Azərbaycan vətəndaşları bu gün də hətta ucqarda yerləşən yaşayış məntəqələrindən yardım toplanma məntəqələrinə axın edirlər. ​Kimin imkanı nəyə çatırsa, duyulan nə varsa göndərməyə can atır, gətirir və bu xalqımızın böyüklüyünü əks etdirir.

Biz fəxr edirik ki, dövlətimiz tərəfindən fəlakət zonasına güclü yardımlar göstərilir. Təkcə 8 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb. Humanitar yardıma 260 ədəd çadır, 300 ədəd çarpayı, 2 ədəd böyük gücə malik generator, 8000 geyim dəsti, 20000 cüt corab, 350 ədəd masa, 1000 ədəd oturacaq, 5000 ədəd iplik dəsmal və digər ləvazimatlar daxildir;

​ Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir. Azərbaycan sona qədər öz dəstəyini göstərəcək və qardaş ölkənin bu ağır günlərində yanlarında olcaq”.

Bu fəlakətdə dünyasını dəyişənlərə rəhmət, yaxınlarına səbir, xəsarət alanlara Uca Tanrıdan şəfalar diləyirik.

Ölkəmizin başçısı həm də zəlzələ zamanı xəarət alan insanların Azərbaycanda müalicəsi ilə bağlı da müvafiq tapşırıqlar verib. Bütün görülən işlər bir daha göstərdi ki, çətin gündə Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır.

Bu gün şübhəsiz ki,   Azərbaycan və  Türkiyənin   dünya birliyində yeri çox önəmli olmaqdadır və olacaq, «Bir millət, iki dövlət» olaraq xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətləri daha da möhkəmlənəcəkdir.

 

 

Xalis Quliyev,

Cəlilabad Tibb Kollecində müəllim YAP fəalı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir