ƏGƏR ERMƏNİSTAN BUNLARI ETMƏSƏ, TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏRİNİN YARADILMASI MÜMKÜN OLMAYACAQ

Baş səhifə

 

“Ermənistanın XİN rəhbərinin Türkiyəyə getməsi və orada normal görünən, əslində Türkiyənin və Azərbaycanın hədəflədiyi məqsədlərə uyğun gələn aşama verməsi müsbət haldır. Bu, həm də Türkiyənin mövqeyinin məntiqinə söykənərək nəzərə alınıb deyilən fikirlərdir”. Bu sözləri Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Deputat qeyd edib ki, Ermənistan anlayır ki, Azərbaycanla münasibətləri normallaşdırmadan Türkiyə ilə münasibətlərinin yaradılması mümkün deyil:

“Çünki Türkiyə 1993-cü ildən Ermənistanla sərhədləri məhz Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı bağlamışdı. Bu günə qədər də həmin mövqedə qalır. Dəfələrlə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər səviyyəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmadan, Azərbaycanla Ermənistanın münasibətləri normallaşmadan Ermənistanla sərhədlərin açıqlamayacağı və münasibətlərin normallaşmayacağı önə çəkilib. Türkiyə məsuliyyətli, ciddi bir dövlətdir, dediyinin üzərində hər zaman dayanıb. Bu baxımdan yenə də öz mövqeyində dayanır və bu, dəyişilməzdir. Təbii ki, Ermənistan da bunun fərqindədir. O anlayır ki, Azərbaycanla münasibətləri normallaşdırmadan, yəni Ermənistan tərəfindən yaradılan problemlər aradan qalxmadan, hiyləgər, riyakar siyasətə son qoyulmadan onun Türkiyə ilə münasibətlərinin yaradılması mümkün deyil. Ermənistanın həm baş naziri, həm də onun komandası bunun fərqindədir və anlayır”.

F.Ağamalı bildirib ki, Ermənistan bir söz deyir, amma əməldə başqa cür hərəkət edir:

“Lakin nə etmək olar ki, Ermənistan ermənilik psixologiyası və xarakteri ilə hərəkət edir. Yəni, onlar bir söz deyir, amma əməldə başqa cür hərəkət edirlər. Riyakarlıq, ikiüzlülük, hiyləgərlik – bu cür davranış onların həyat tərzidir, hətta mən deyərdim ki, dövlət siyasətidir. Ona görə də, əgər Mirzoyanın bu bəyanatları Azərbaycana qarşı münasibətlərdə konkret addımlarla müşayiət olunarsa, bu zaman Türkiyə ilə də Ermənistanın münasibətləri normallaşacaq”.

“Ancaq nə qədər ki, Azərbaycanla Ermənistan arasında Ermənistan tərəfindən imkan verilməyən, normallaşmaya mane olan problemləri aradan qaldırmadan, yəni Qarabağdan erməni silahlı qüvvələrinin tör-töküntüləri çıxarılmadan, Qarabağı qeyd-şərtsiz Azərbaycanın ərazisi kimi tanımadan, 2020-ci ilin noyabrındakı bəyanatda üzərinə götürmüş olduğu öhtəlikləri yerinə yetirmədən – Zəngəzur dəhlizinin açılmasına mane olmadan, sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirmədən, sülh müqaviləsini bağlamadan Ermənistanın Türkiyə ilə münasibətlərində normallaşma olmayacaq. Bunu Ermənistan istəsə də, qardaş Türkiyə buna getməycək. Çünki orada Azərbaycanın maraqları Türkiyə üçün həlledicidir”, – deyə deputat əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir