Dünyanın bütün ölkələri, xüsusilə də sərhəd qonşuları ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr quraraq inkişaf etdirmək Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan ölkəmizin yaxın qonşularından olan İran İslam Respublikası ilə münasibətlərin yaxşılaşdırılması, əlaqələrin genişləndirilməsi və əməkdaşlığın daha da möhkəmləndirilməsi yönündə həyata keçirdiyi işlər təqdirəlayiqdir.
Əsrlər boyu bərabər yaşayan və İslam aləminə mənsub İran və Azərbaycan xalqlarının elmi, mədəni əlaqələri tarix boyu güclü olub. Bu iki ölkənin – Azərbaycanın və İranın diplomatik münasibətlərinin də tarixi qədim və zəngindir. Son illər ölkələrimiz arasında əlaqələri uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan və İran dost, qardaş ölkələr, mehriban qonşulardır. Hazırda ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan tarixi və mədəni əlaqələr daha da inkişaf etməkdədir.
Hər iki ölkə Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və BMT-də bir-birilərinə siyasi və iqtisadi dəstək nümayiş etdirir. Tarixi əlaqələri, ölkələrimiz arasındakı dostluq münasibətlərini yüksək səviyyəyə çatdırmaq üçün daha bir addım cari il mayın 19-da atıldı. Azərbaycan və İran prezidentlərinin sərhəd xəttində görüşməsi əlaqələrin gücləndirilməsinə zəmin yaratdı. Bu cür görüşlər iki qonşu ölkəni biri-birinə daha da yaxınlaşdırır. Azərbaycan və İran prezidentləri arasındakı görüş zamanı tərəflər bütün sahələr üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər, regionda mövcud vəziyyət müzakirə edilib ki, bu da əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə sübutdur.
Prezident İlham Əliyev İran lideri ilə görüşündə açıq şəkildə bəyan edib ki, bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmlidir. Bu, kifayət qədər aydın mesaj və dövlətimizin bölgənin əmin-amanlığı üçün əlindən gələn hər şeyi etməsinin bariz nümunəsidir.
Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit yollardan birinə çevriləcək və oradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Bununla yanaşı, dəmir yolunun da çəkilməsi nəzərdə tutulub.
Rəsmi Bakı və Tehran arasında münasibətlərin inkişafı hər iki tərəfin milli maraqlarına uyğundur və bu proses qarşısında prinsipial maneə yoxdur. Bundan başqa, əlaqələrimizin regional nöqteyi-nəzərdən strateji önəmi var və Azərbaycan Prezidentinin də bu məsələdə mövqeyi aydındır. Cənab İlham Əliyev məhz bu əməkdaşlığı regionun inkişafının formulu hesab edir: “Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır”. Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılışı bu mənada, rəsmi Bakı və Tehran arasında əldə edilmiş növbəti uğur hesab oluna bilər. Cənab İlham Əliyevin dediyi kimi, bu layihənin texniki nöqteyi-nəzərdən önəmi aydındır, enerji güclərinin də bərabər bölünməsi Azərbaycana və İrana əlavə fayda verəcək, eyni zamanda energetika sahəsində digər çox böyük planlar üçün əsas olacaq. “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları, eyni zamanda iki xalqı, iki dövləti daha sıx birləşdirəcək ki, nəticədə bu proses xalqlarımızın rifahının yaxşılaşdırılmasına doğru növbəti addım olacaq.
Səmra Əhmədova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı