Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-ci ildönümünü qeyd edirik. 106 illik yolun ümumiləşdirilmiş ifadəsi şanlı Zəfəri ilə dünyaya səs salan Azərbaycanın hazırkı reallıqlarıdır. 1918-ci il mayın 28-də Azərbaycan xalqı Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, qısa müddətdə bugünümüz üçün mühüm işlər görüldü. Azərbaycanın ilk parlamenti, hökuməti yaradıldı, dövlət atributları təsis olundu, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynadı. 1918-ci ildə qaldırılan üçrəngli bayraq 1920-ci ildə endirildi və həmin tarixdən 70 il sonra Naxçıvanda yenidən ucaldıldı. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu. Sovet İttifaqının mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda misilsiz cəsarətini və dönməzliyini bir daha göstərdi. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Dünyaya Günəş kimi doğan Azərbaycan qısa müddətdə müstəqilliyinin bərpasının ilk illərinin çətinliklərini arxada qoydu, inkişaf, tərəqqi yolunda inamla irəliləyərək bugünkü qalib ölkəyə çevrildi. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl Azərbaycanın hədəflərə doğru inamla irəliləməsini şərtləndirdi. Ümummilli Lider Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli maraqlar naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün olmuşdur.
Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara imza atır. 21 ilin 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə yönəldildi. Nəhayət, 2020-ci il 106 il əvvəl əsası qoyulan Azərbaycanın müstəqillik tarixinə Zəfər ili kimi yazıldı. Bu gün qürur hissi ilə qeyd edirik ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız azad Qarabağda, Şərqi Zəngəzurda dalğalanır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutu oldu. Müzəffər xalqın nümayəndələri, qalib dövlətin məğrur vətəndaşları kimi qürurla, iftixarla qeyd edirik ki, Azərbaycan Xalq Cümhuriyyətindən miras qalan üçrəngli bayrağımız ən yüksək zirvələrdə əzəmətlə dalğalanır, müstəqil Azərbaycanın qüdrətini, yenilməzliyini ifadə edir.
Tahir Gülnəzərov,
Salyan rayon Qarabağlı-1 kənd tam orta məktəbin direktor əvəzi