27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündən sonra, noyabr ayının 10-da zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin əsas tərkib hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Bu zəfərlə biz Ermənistanın 20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə, həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində 10 milyonluq Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu.
Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, onun dövlətinin gücünü, nüfuzunu dünyaya bəyan etdi. Bu Qələbə xalqımızın gələcəyinə elə bir təməl yaratdı ki, onun üzərində Azərbaycan dövləti daim inkişaf edəcək, zənginləşəcək, dünya dövlətləri sırasında ən öndə gedəcək. Bu böyük Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyulub. Uydurulan erməni mifologiyası sabun köpüyü kimi dağılıb yox olub. Müzəffər Ali Baş Komandanımız Prezident cənab İlham Əliyevin dediyi kimi Ermənistan ordusu yoxdur. Onların otuz il ərzində yığdıqları bütün texnikanı darmadağın etmişik. Bu gün Ermənistanın üzləşdiyi dövlət böhranının əsas səbəbi 30 ildə yürütdüyü işğalçılıq siyasətinin nəticəsidir. Ermənistanda indiyə qədər hakimiyyətə gələn bütün siyasi qüvvələrin yanlış siyasəti dövləti və cəmiyyəti uçuruma sürüklədi. Nəticə də ortada… Bu gün Ermənistan başqa ölkələrdən asılı vəziyyətdə olan bir vassala çevrilib.
İkinci Qarabağ müharibəsi bütün dünyaya əldə edilən şanlı Qələbənin tarixdə əbədi qalacağını nümayiş etdirdi. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq və bir daha revanşist qüvvələrin baş qaldırmasına imkan verməyəcək. Bütün təxribatlara adekvat reaksiya veriləcək. Biz hələ də Ermənistan tərəfindən təxribatçı əməllərin şahidi olmaqdayıq. Bu təxribatlar xalqımızın və dövlətimizin təhlükəsizliyinə təhlükə yaradarsa, düşmən dərhal yerindəcə məhv ediləcək. Görünən odur ki, bu gün Ermənistandakı iqtidar və müxalifət ayrı-ayrı məqsədlər güdsə də, nəticə etibarilə Azərbaycana qarşı təxribata söykənən siyasət aparmaq niyyətindədirlər. Ermənistan rəhbərliyi 44 günlük müharibəyə qədər dövrdə olduğu kimi bu dəfə də təxribatlara əl ataraq, kimlərinsə onları qoruyacağına ümid edir. Ermənistan və onun rəhbəri hələ ki, qeyri-konstruktivlik, sərhədlərin delimitasiya və demarkasiyasına getməmək, qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımamaq yolunu seçib. Lakin indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan tarixi məqsədlərinə çatmağa davam edəcək, Ermənistan Bakının tələblərini yerinə yetirəcək.
Prezident cənab İlham Əliyev 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə demişdir: “Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq. 10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Bu bəndi üçtərəfli Bəyanata saldıran məhz Azərbaycandır. Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı.”
Ermənistan 44 günlük Vətən müharibəsinin dərslərindən hələ də nəticə çıxarmayıb. Ordusu, iqtisadiyyatı dağılmış Ermənistan artıq anlamalıdır ki, revanşist meyli onun məhvinə gətirib çıxaracaq. Ermənistan təxribatçı hərəkətlərinə davam etsə Azərbaycan ordusunun sərt cavabını görəcək. Ermənilərin növbəti təxribatları gərginliyi artırmağa hesablanmış addımlardır. Azərbaycan buna cavab olaraq indiyə qədər yürütdüyü siyasəti davam etdirəcək, ölkəmizin maraqlarına zidd təxribatçı addımların ciddi şəkildə qarşısı alınacaqdır.
Vüsalə Abdullayeva,
Salyan Rayon Mərkəzi Kitabxanasının əməkdaşı, YAP fəalı