Azərbaycan-İtaliya münasibətləri tarixi dostluq əlaqələrinə, qarşılıqlı faydalı əməkdaşlığa və ortaq maraqlara söykəndiyi üçün daim inkişaf edir

Baş səhifə

 

Azərbaycan istər 2020-ci il sentyabrın 27-nə kimi, istərsə də 27 sentyabrdan bu günə kimi bir çox mötəbər qurumlarla əməkdaşlığı geniş olub. Bu gün öz torpaqlarını 30 illik əsarətdən qurtararaq 8 noyabrda Böyük Qələbə ilə Qarabağ Azərbaycandır və NİDASINI qoyduqdan sonra bir çox dövlətlərin, beynəlxalq təşklatların ölkəmizə olan nüfuzu daha da artıb. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır, həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Bu baxımdan Azərbaycanın ən yaxın tərəfdaşlarından biri Avropa qitəsinin aparıcı dövləti olan İtaliyadır. İtaliya-Azərbaycan əlaqələrinin ilbəil inkişaf etməsinin əsas göstəricisi isə Prezident İlham Əliyevin Romaya rəsmi və işgüzar səfərləri, səfərlər zamanı imzalanan ikitərəfli sənədlər, imzalanan sənədlərin vaxtında icrasıdır.

Azərbaycanla İtaliya arasında əlaqələrin yüz ildən artıq yaşı var. Xalq Cümhuriyyəti dövründə Azəbaycanın mandatı bu ölkəyə verilmişdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da iki ölkə arasında iqtisadi-siyasi əlaqələr inkişaf edib. Azərbaycan-İtaliya münasibətləri tarixi dostluq əlaqələrinə, qarşılıqlı faydalı əməkdaşlığa və ortaq maraqlara söykəndiyi üçün daim inkişaf edir və ən müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün yeni perspektivlər açır. Cənab Prezidentin də qeyd etidyi kimi, Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır və İtaliyanın Cənubi Qafqazla apardığı ticarətin 95 faizi Azərbaycanla aparılır. Bu çox yüksək göstəricidir və pandemiyanın zəifləməsi müstəvisində nəzərə çarpan iqtisadi fəallıq, həmçinin, Azərbaycanla İtaliyanın strateji tərəfdaşlıq münasibətlərinin inkişafı daha yüksək nəticələrin əldə edilməsinə zəmin yaradır. İtaliya şirkətləri azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində fəal iştirak edirlər. Azərbaycanın mədəniyyət paytaxtı və hər bir azərbaycanlı üçün böyük tarixi, mədəni və mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərindəki qədim məscidin bərpasının və yeni məscidin inşasının İtaliya şirkətlərinə həvalə olunması isə Azərbaycanla İtaliya arasındakı qarşılıqlı etimadlı münasibətlərin səviyyəsindən xəbər verir.

Prezident İlham Əliyevin sentyabrın 1-2-də İtaliyaya etdiyi işgüzar səfər iki ölkə arasındakı əlaqələrin davamlı inkişaf etdirilməsinin növbəti təzahürü oldu. Azərbaycanla İtaliya arasında belə səfərlərin mütəmadi şəkildə təşkil olunması hər iki tərəfin əməkdaşlıqda maraqlı olmasını göstərir. Bu səfərlər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar müstəsna əhəmiyyətə malik olmaqla yanaşı, əlaqələrin sağlam təməl üzərində qurulmasına şərait yaradır.

2020-ci ilin fevralında Azərbaycanla İtaliya arasında imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” xüsusilə qeyd olunmalıdır. İtaliya Avropa İttifaqında və G7 dövlətləri arasında Azərbaycanın bu məzmunda sənəd imzaladığı yeganə dövlətdir. 44 günlük Vətən müharibəsindən öncə imzalanmış bu sənəddə İtaliya Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək nümayiş etdirib və Ermənistanı münaqişə tərəfi kimi tanıyıb. Dövlətimizin başçısının İtaliyaya son səfərində nəzərdə tutulan məhz əsas məqsədlərdən biri də 2020-ci ildə əldə olunmuş razılaşmaların icrası və yeni hədəflərin müəyyənləşdirilməsi xarakterini daşıyır. Tərəflər təhsil sahəsində əlaqələrin daha da dərinləşdirilməsi üçün müəyyən addımlar atıb, Bakıda Azərbaycan-İtaliya Universitetinin qurulmasını yüksək qiymətləndiriblər. Eyni zamanda, ADA Universiteti ilə İtaliyanın nüfuzlu universitetləri arasında əməkdaşlıq haqqında razılaşmalar da imzalayıblar,

İki ölkə arasındakı əlaqələr digər sahələri də əhatə edir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Təqdirəlayiq bir haldır ki, tərəflər arasında ticarət əlaqələrində bu il böyük irəliləyişlər əldə olunub. 2021-ci ildə 9 milyard dollar həcmində olan ticarət dövriyyəsi cari ilin 8 ayı ərzində 11 milyardı keçib. Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyində oynadığı rol da ciddi əhəmiyyətə malikdir. Hazırda Avropada yaşanan enerji böhranı çərçivəsində Azərbaycan qazının İtaliyaya nəqli və bu ölkənin illik tələbatının təxminən 10 faizini təmin etməsi rəsmi Roma tərəfindən yüksək qiymətləndirilir. Yaxın gələcəkdə Cənubi Qaz Dəhlizi vasitəsilə qaz nəqlinin artırılması nəticəsində göstərilən rəqəm 2 dəfəyə qədər artırmaq mümkün olacaq. Bu faktor da İtaliyanın ölkəmizə marağının artmasına ciddi təsir edir.

Səidə Əliyeva,

Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir