DEPUTATLARIN MƏTBUAT ŞURASINDAN  HANSI GÖZLƏNTİLƏRİ VAR?

Baş səhifə

 

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Mətbuat Şurası (MŞ) İdarə Heyətinin sədri seçilib.

Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə isə 23 nəfər daxildir.

Bəs, Mətbuat Şurasındakı bu dəyişikliklərdən sonra hansı müsbət inkişaf gözlənilir?

Milli Məclisin deputatı Fəzail Ağamalı Mətbuat Şurasının növbəti qurultayı, yeni sədr və üzvlərin seçilməsi ilə bağlı fikirlərini Azxeber.com-a danışıb.

Deputat qeyd edib ki, Rəşad Məcidin sədrliyi ilə idarə heyəti sözün həqiqi mənasında mətbuatımızda yeni inqilabi dəyişikliklərin aparılması üçün lazımi bütün tədbirləri görəcək: “Ötən gün Mətbuat Şurasının növbəti qurultayının gedişini diqqətlə izlədim. Qurultayda mətbuatımızın bu günü və sabahı ilə bağlı peşəkar jurnalistlər tərəfindən ciddi məsələlər qaldırıldı. Problemlərdən çıxış yollarının tapılması üçün müxtəlif təkliflər irəli sürüldü. Mətbuat Şurasının yeni sədri də cəmiyyətimizdə kifayət qədər tanınan, yazıçı və jurnalist kimi nüfuz sahibi olan Rəşad Məcid oldu. Onun sədrliyi ilə idarə heyəti sözün həqiqi mənasında mətbuatımızda yeni inqilabi dəyişikliklərin aparılması üçün lazımi bütün tədbirləri görəcək. Xüsusi olaraq bu gün mətbuatın böyük bəlasına çevrilən və jurnalistika ilə heç bir əlaqəsi olmayan ayrı-ayrı sayt sahibləri və onların böhtana, şantaja söykənmiş əməllərinə son qoymaq üçün ciddi addımlar atılacaq. Əslində bu gün Azərbaycanın peşəkar jurnalistləri, həqiqətən, böyük fədakarlıqla Azərbaycanda ictimai fikrin formalaşmasında ciddi rol oynayırlar. Dövlətimizin və xalqımızın milli maraqlarının qorunması üçün yüksək peşəkarlıq nümayiş etdirməkdədirlər. Lakin bununla yanaşı bütövlükdə jurnalistikaya ləkə gətirən, hətta öz tərcümeyi-halını yazanda belə onlarla səhv buraxan ayrı-ayrı sayt rəhbərlərinin böhtana, şərə, şantaja söykənərək pul qazanmaq məqsədilərinə son qoymaq üçün prinsipial, sistemli və ardıcıl mübarizə aparılmalıdır”.

Millət vəkili qeyd edib ki, qanunvericilik çərçivəsində Mətbuat Şurasının fəaliyyətini gücləndirə biləcək addımlar atmalıdır: “Mətbuat Şurasına yeni seçilən sədri Rəşad Məcidi və idarə heyətinin yeni üzvlərini təbrik edirəm. Onlara çətin və şərəfli işlərində uğurlar diləyirəm. Mənə elə gəlir ki, biz eyni zamanda qanunvericilik çərçivəsində Mətbuat Şurasının fəaliyyətini gücləndirə biləcək addımlar atmalıyıq. Mətbuat Şurasına səlahiyyət verilməlidir ki, onların aparmış olduğu monitorinqlər nəticəsində əldə etdikləri konkret faktlar əsasında jurnalistikaya ləkə gətirən ayrı-ayrı jurnalist və saytlar haqqında tədbirlər görmək üçün addımlar atsınlar. Məsələn, onların fəaliyyət göstərməsində müəyyən qadağalar qoyulması və ya tamamilə yasaq qoyulması, eyni zamanda ciddi xarakter daşıyan sənədləri, materialları ümumiləşdirərək ölkənin hüquq-mühafizə orqanlarına verilməsi kimi işləri onlar görsələr təsiri də güclü olar”. “Bir daha Mətbuat Şurasının yeni rəhbərliyinə və idarə heyətinin yeni üzvlərinə uğurlar diləyirəm, onlardan gözləntilərimiz çoxdur”, – deyə deputat əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir