Adil Əliyev: Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müttəfiqliyə doğru inkişaf edir

Baş səhifə

 

Prezident İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri zamanı həmin ölkənin baş naziri İrakli Qaribaşvili iki xalq arasındakı münasibətləri xarakterizə etmək üçün ümummilli lider, ulu öndər Heydər Əliyevdən sitat gətirib. Ümummilli Lider vaxtilə Tbilisiyə səfəri zamanı bildirmişdi: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır”. Bu sözlər həm tarixən, həm də hazırda ölkələrimiz arasında münasibətlərin dəyərini başa düşmək baxımından qiymətlidir. Bizim yerləşdiyimiz bölgə dünyanın geosiyasi və digər cəhətlərdən ən mürəkkəb, həssas regionlarından biridir. Belə həssas regionda mehriban qonşuluq münasibətləri son dərəcə mühümdür. Demək olar ki, regionumuzda Azərbaycan və Gürcüstan qədər mehriban və etibarlı münasibətlərə malik qonşu dövlətlərin olması nadir hal sayıla bilər. Bu münasibətlərin kökündə xalqlarımız arasında tarixən hökm sürən dostluq və qarşılıqlı etimad durur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev eləcə də Gürcüstan rəhbərləri də bu münasibətlərin qorunub saxlanmasına və müasir dövrün şəraitinə uyğun olaraq daha da inkişaf etdirilməsinə böyük töhfələr veriblər. Məhz buna görə də Azərbaycan və Gürcüstan uzun müddətdir ki, uğurlu və davamlı strateji tərəfdaşlıq qurmağa nail olublar.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Adil Əliyev deyib.

Onun sözlərinə görə, oktyabrın 24-də Gürcüstana səfəri zamanı Prezident İlham Əliyev bu gün strateji tərəfdaşlıq əlaqələrimizin demək olar ki, müttəfiqlik səviyyəsinə qalxdığını bəyan etdi. Strateji tərəfdaşlığımızın əsasında təkcə xalqlarımızın tarixi dostluq ənənələri deyil, həm də müasir müstəqilliyimiz dövründə yaranmış şəraitə və çağırışlara ümumi baxışımız, müştərək maraqlarımız və ortaq layihələrimiz dayanıb. Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi qaz kəmərləri layihəsinin uğurlu olmasında Azərbaycan-Gürcüstan tərəfdaşlığının mühüm rolu olub. Eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsində ölkələrimizin əməkdaşlığı vacib əhəmiyyət kəsb edir. Gürcüstan Azərbaycanın aparıcı rol oynadığı Orta Dəhliz adlanan beynəlxalq nəqliyyat dəhlizinin inkişafında vacib tərəfdaşdır.

“Azərbaycan və Gürcüstan əldə edilmiş nailiyyətlərlə kifayətlənmir, ölkələrimizin rifahına və iqtisadi tərəqqisinə xidmət edəcək yeni perspektiv istiqamətlər üzrə birgə hərəkət etmək əzmindədirlər. Bu baxımdan Azərbaycanda istehsal olunun elektrik enerjisinin Gürcüstan üzərindən Qara Dəniz vasitəsi ilə Avropaya ixracı mövzusu artıq gündəmdədir. Qeyd edilən faktlar göstərir ki, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı iki dövlət arasında müttəfiqliyə doğru inkişaf etməkdədir. Bu, ölkələrimizin milli maraqlarından doğur. Gürcüstan Qara Dənizə, Türkiyə və Avropaya çıxmaq baxımından Azərbaycan üçün açar ölkə hesab olunur. Azərbaycan isə Gürcüstan üçün enerji təhlükəsizliyinin təminatı baxımından açar ölkədir. Bu amil dövlətlərimiz arasında qarşılıqlı etimadı praqmatik surətdə şərtləndirir. Bununla yanaşı, tarixi münasibətlərin də özünəməxsus əhəmiyyəti var. Xüsusilə də, tarixən Qarabağ xanlığı ilə gürcü çarları arasında yaxşı münasibətlər olmuş, hətta bu münasibətlər müəyyən dövrlərdə müttəfiqliyə qədər yüksəlmişdir. Şuşa və Tbilisi arasında çox yaxın mədəni, siyasi, ticari və hərbi əlaqələr qurulmuşdur. Daha sonra isə Tbilisi Rusiya İmperiyasının Qafqaz canişinliyinin mərkəzinə çevrilmişdir. Bu səbəbdən Gürcüstan və xüsusən də Tbilisi arxivləri Qarabağla, həmçinin Şuşa və İrəvanla bağlı tarixi həqiqətləri fakt və sənədlərlə sübut etmək və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün çox faydalıdır və unikal rola malikdirlər. Yeri gəlmişkən, Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili oktyabrın 24-də Gürcüstanın Mçxeta rayonunda Muxrani sarayında təşkil edilmiş “Qarabağ xanlığının irsi” adlı sərgi ilə də tanış olublar”, – deyə Adil Əliyev diqqətə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir