Şəmkirdə 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Bölgə



Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, apratın əməkdaşları, hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayonun fəal gəncləri Şəmkir şəhərində yerləşən Soyqırım Abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Rəşad Tağıyev 31 mart soyqırımı haqqında ətraflı məlumat verərək bildirib ki, Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir: “1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına ilk siyasi-hüquqi qiymət xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən verilib”.

Çıxışlarda uzun illər erməni qəsbkarları tərəfindən xalqımıza qarşı keçirilən soyqırımı aktları diqqətə çatdırılıb. Bu tarixi faciələrin gələcək nəsillərə çatdırılması məqsədi ilə keçirilən anım tədbirlərinin həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rolunu qeyd ediblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir