Vaqif Mustafayevin prezidenti olduğu federasiya ləğv olundu

İdman

Gənclər və İdman Nazirliyi altı federasiyanın fəaliyyətini təsdiqləyib, 14-nün statusunu ləğv edib. 

Oxu.Az xəbər verir ki, nazirliyin növbəti kollegiya iclasında mart ayı ərzində keçirilmiş bir sıra tədbirlərin hesabatı və müvafiq qərarlar qəbul edilib. İclasda həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib. 

Kollegiyanın qərarına əsasən, Üzgüçülük Federasiyası, Velosiped İdmanı Federasiyası, Atçılıq Federasiyası, Həndbol Federasiyası, Boks Federasiyası və Kanoe və Avarçəkmə Federasiyasının akkreditasiyaları təsdiqlənib. Bundan başqa, WKC növləri üzrə Azərbaycan Karate Federasiyası, Şito-Ryu Karate-Do Federasiyası, Coriyo Kunq-Fu Federasiyası, Döyüş Federasiyaları Assosiasiyası, Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası, Skayranninq Federasiyası, Boulinq İdman Federasiyası, Əməyi və Vətəni Müdafiəyə Hazıram Kompleksi və Çoxnövçülüyü üzrə Federasiyası, Aykido Federasiyası və Dama Federasiyası, Alpinizm Federasiyası, Hava və Ekstremal İdman Növləri Federasiyası, Səmti Müəyyənetmə İdman Federasiyası və Budo Döyüş Növləri Federasiyasının statusları dayandırılıb. 

Xatırladaq ki, bir neçə aydır, nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 17-yə çatıb. Ümumilikdə, 19 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir. 

Qeyd edək ki, statusu dayandırılmış federasiyalardan Azərbaycan Dama Federasiyasının prezidenti kinorejissor, “Space” telekanalının sabiq direktoru Vaqif Mustafayev idi.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir