Xəzər dənizindən içməli su əldə ediləcək: Yeni layihə nələr vəd edir? – FOTO

Cəmiyyət

Aprelin 12-də Prezident İlham Əliyev dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək.

Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkəsi tərəfindən geniş istifadə olunan üsuldur. ABŞ, Səudiyyə Ərəbistanı kimi ölkələr bu istiqamətdə liderlik edirlər.

Qeyd edək ki, hələ 2012-ci ildə gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli məqsədi ilə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən və yüksək texnologiyaya əsaslanan zavod inşa edilib. Zavodun tikilməsi ideyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur və Yer kürəsində təmiz suya olan tələbatın get-gedə artması fonunda regionda ən az şirin su ehtiyatına malik olan Azərbaycanda alternativ mənbələrin üzə çıxarılması, onlardan istifadənin təşkilində təcrübə əldə etmək məqsədilə pilot layihə kimi həyata keçirilib.

Dünyada içməli su qıtlığının yaşandığı bir dövrdə prezidentin yeni sərəncamı ilə həyata keçiriləcək layihə Azərbaycan üçün hansı imkanları yaradacaq?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, bu sərəncam Prezidentin uzaqgörənliyi kimi qiymətləndirilməlidir:

“Vaxtilə Bakıda, Abşeron yarımadasında susuzluğun qarşısını almaq, daha doğrusu, fasiləsiz suyun təmin edilməsi üçün “Taxtakörpü” su anbarı tikildi. Bu gün Bakıda su qıtlığı yaşanmır. 10 il ərzində çox dəyişikliklər olub. Əhalinin sayı artıb. İnsanların suya ehtiyacı artıb. Bu gün dünyada iqlim dəyişikləri yaşanır. Tək Azərbaycanda deyil, dünyanın bütün ölkələrində suya ehtiyac artması ilə yanaşı, su resurslarının azalması prosesi gedir. Yağış və qar az yağır. Yaxın gələcəkdə su problemi münaqişələrə, müharibələrə gətirib çıxara bilər. İstehlakçıların artan tələbatına uyğun olaraq məhsul istehsalı da artır. Hər bir məhsulun istehsalında suyun öz çəkisi var. Su resurslarından istifadə mühümdür. Azərbaycanda transsərhəd suları çoxdur. Ölkəmizdə formalaşan su ortalama 30 faiz civarındadır. Qalan 70 faizi bizim ölkəmizə başqa ölkələrdən daxil olur. Həmin ölkələrdə gedən proseslər var. Həmin ölkələr bu sulardan öz tələbatları üçün istifadə edə bilərlər. Proses gələcəkdə Azərbaycan iqtisadiyyatına və vətəndaşına təsir etməsin deyə Prezident belə bir pilot layihə üçün sərəncam verib. Belə layihələr dünyanı təhdid edən su qıtlığından sığortalanmaq cəhdidir. Bütün xalqımıza xeyirli, uğurlu olsun”.

Bəs Xəzərdən ildə nə qədər içməli su əldə etmək olar?

Deputat bu suala cavabında deyib:

“Bu, artıq orada qurulacaq texnologiyalardan asılıdır. Üstəlik, hələ pilot layihədir və bahalı layihədir. Söhbət ölkənin bütün ərazilərinin Xəzərin suyu ilə təmin edilməsindən getmir”.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov layihəni müsbət qiymətləndirib:

“Xəzər dənizinin suyunu duzdan azad edib suvarmaya və içməyə vermək fikri əladır. Bu ekoloji cəhətdən də ən sərfəli üsuldur. Yalandan yayılan su qıtlığı aradan qalxacaq. Suyun qiymətinin qaldırılmasına şərait yaratmayacaq. Suvarma üçün lazımi suyumuz olacaq”.

Mərkəz sədri vurğulayır ki, Xəzərin suyu min illər bəs edər:

“İl ərzində nə qədər içməli su alınacağını bilmək üçün xüsusi olaraq obyekti müəyyən cihazlarla öyrənmək lazımdır. Ancaq mənə elə gəlir ki, Xəzərin suyu bizə min illərlə bəs edər. Qazaxıstanda da Xəzər dənizinin suyunun şirinləşdirilməsi praktikası var”.

İqtisadçı ekspert Eldəniz Əmirov açıqlamasında dəniz suyunun şirinləşdirilməsini şərtləndirən amillərdən danışıb:

“Ehtiyatlarımızın qorxulu dərəcədə az olması, regiondakı hər 100 litr suyun cəmi 8-10 litrinin bizim olması, 8 rayondan keçib milyardlarla vəsait hesabına Bakıya uzadılan Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin özünü tam doğrultmaması, transsərhəd çaylarımızda qonşulardan olan asılılığımız, daxili su hövzələrimizin regionlarda olan tələbatı ödəyə bilməməsi və s. kimi ciddi səbəblər Xəzərin suyunun duzsuzlaşdırılmasına ehtiyac yaradır.

Bəs bu ehtiyacı reallaşdırmaq mümkündürmü? Əgər hansısa subyektiv maraqlar ortaya çıxıb işi pozmasa, proses İsrail şirkətinə həvalə edilərsə və bu şirkətin fəaliyyətinə subyektiv əngəllər yaradılmasa, mümkündür.

Nəzərə alsaq ki, ötən ilin sonlarına doğru Azərbaycan İnvestisiya Şirkəti ilə İsrailin “I.D.E. Water Assets Ltd” (“İDE”) şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Hansı ki, bu şirkət dünyada su və su tullantılarının emalı sahəsində məşhurdur. İsrail bu gün də dəniz suyunun duzsuzlaşdırılması hesabına su tələbatını ödəyir və bu işi orada demək olar ki, həmin şirkət həyata keçirir. Orada istifadə edilən hər 100 litr suyun 70 litri bu şirkət hesabına təmin edilir. 40 ildən çoxdur ki, 40 ölkədə fəaliyyət göstərirlər. Nə az, nə çox 400-dən çox belə zavod tikib istismara veriblər. Belə şirkətlər üçün bu iş iki vur iki kimidir”.

Ekspert deyir ki, əslində bu prosesin hədsiz faydaları var:

“Yuxarıda qeyd etdiyim kimi suyun bu qədər defisit olduğu coğrafiyada bu çox önəmlidir. Bu gün bir təhər keçiniriksə, 50 il sonra daha çətin olacaq və həmin vaxt artıq burada oturuşmuş bir sistem olacaq.

Bölgələrdən Bakıya yönələn su ehtiyatları elə regionların özündə qalıb, kənd təsərrüfatının ehtiyaclarını nisbətən ödəyə bilər. Amma bir şərtlə ki, su ehtiyatlarının ədalətsiz bölgüsü aradan qaldırılsın və səmərəsiz istifadə həcmləri ciddi azaldılsın. Əgər Bakıda dəniz suyundan şirin su alıb, rayondakı şirin suyu torpağa axıdacağıqsa, faydadan danışmaq olmaz.

Amma nəzərə alaq ki, ölkə başçısının imzaladığı fərman pilot layihə haqqındadır. Əslində pilot layihə olaraq özünü doğrultmaması üçün hər hansı ciddi əsas yoxdur. Göstəriş var, icra ediləcək. Sadəcə yuxarıda qeyd etdiklərim pilot layihə üçün yox, layihənin əsas mərhələsində geniş və tam miqyaslı işlərin icrasından və su təchizatının həyata keçirilməsinə başlanılmasından sonrakı mərhələ üçündür.

Belə layihələrin daha bir və ən vacib faydası Xəzərin tam başqa səmtində bura tökülən çayların suyundan 1000 km kənardan istifadə etmək imkanıdır. Hansı ki, Xəzər dənizinin ərazisində irili-xırdalı 130-dək bura tökülən çay var. Bunlardan Xəzərə ən çox su gətirən Volqa çayıdır. Bir də yaxşı tərəfi odur ki, ölkəyə uzaqdan nanotexnologiya gətiriləcək, yaxından narkotik yox”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir