İnkişaf və quruculuq məkanı – Ağdam

Cəmiyyət

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlubiyyət sənədinə imza atmalı oldu. Nəticədə rayon və şəhərlərimiz azad olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Azad edilən rayonlar arasında Ağdam da var.

1993-cü ildə işğal olunan Ağdam rayonunda erməni vandalizmi hər addımda özünü göstərir. Burada bir dənə də olsun salamat yaşayış binası, istehsal sahəsi, yaxud infrastruktur obyekti qalmayıb. Təsadüfi deyil ki, 2008-ci ildə Avstraliyanın məşhur “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın Xirosiması” adlandırıb. 2010-cu ildə isə Qətərin “Əl-Cəzairin kanalının internet nəşri Ağdamı “ruhlar şəhəri” siyahısına salıb. Ağdamın gözəlliyi, təbiəti onu görən hər kəsi valeh edir. Lakin mənfur ermənilər onun təbiətinə, gözəlliyinə xələl gətirib. 2010-cu ildə qondarma Dağlıq Qarabağ rejiminin qərarı ilə Ağdam şəhəri Akna adlandırılıb. Bu da bir daha onu göstərir ki, haylar köçdükləri hər yerdə Azərbaycan tarixini qondarma şəkildə yox etməyə  çalışıblar. Lakin onlar Azərbaycan xalqının və ordusunun gücünü, iradəsini unutmuşdular. Bunun nəticəsidir ki, 2020-ci il noyabrın 20-də Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ağdam hərbi və diplomatik yolla işğaldan azad edilərək öz yurisdiksiyasına qaytarılıb. Üç gün sonra, noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda 27 ildən sonra Azərbaycanın üçrəngli bayrağını qaldırıb. Səfər çərçivəsində ölkə başçımız və Birinci vitse-prezident Ağdam şəhərinin dağıdılıb, məhv edilən yerləri ilə tanış olub, Cümə Məscidini ziyarət edib. Ağdam şəhərində tarixi abidələrimiz, dini evlər və tikililər ermənilər tərəfindən 30 il boyunca dağıdılıb.

Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir. Bu gün Ağdamda yeni tikililər, ərazidə gedən işlər bunu deməyə əsas verir. Artıq həmin ərazidə Azərbaycan bayrağı qürurla dalğalanır. Ölkə başçımızın 2021-ci il mayın 28-də növbəti səfəri zamanı Ağdam şəhərinin Baş Planı təqdim olunub. Prezident İlham Əliyev Ağdam şəhərinin bərpasının və Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməl daşlarını qoyub. Həmçinin dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunun, Sənaye Parkının, şəhər ərazisində inşa olunan ilk yaşayış binasının təməlqoyma mərasimində və Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində iştirak edib.

Ölkə başçımız bu günə qədər Ağdama bir neçə dəfə səfər edib. Orada görülən yenidənqurma və bərpa işləri, ən son texnologiyalarla qurulmuş avadanlıqlarla tanış olub. Ötən il fevralın 13-də dövlət başçımız və birinci xanım Ağdam şəhərində yeni inşa olunmuş “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının açılışında iştirak ediblər. Tikilən “Ağdam-1” yarımstansiyası Ağdam rayon mərkəzində yaradılan böyük və müasir enerji kompleksinin bir hissəsində 110 kilovoltluq açıq və 35, 10 kilovoltluq qapalı paylayıcı qurğuların yerləşdirildiyi inzibati bina da daxil olmaqla, 110/35/10 kilovoltluqdur. “Ağdam-1” yarımstansiyası tam rəqəmsallaşdırılaraq  avtomatlaşdırılıb. Yarımstansiyada  aktivlərin,  proseslərin,  resursların  idarə  edilməsi,  tədarük  və  paylanma  zəncirlərinin  təkmilləşdirilməsi,  qüsurların  vaxtında aradan qaldırılması, sistemin monitorinq və analizinin, problemlərin tez həllinin proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin olunub.

Ötən ilin oktyabrın 4-də edilən səfər zamanı isə dövlətimizin başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olub. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimlərində iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olub, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak ediblər.

Növbəti səfər isə bu il mayın 2-də baş tutub. Dövlət başçısı Ağdam Rəqəmsal İdarəetmə Mərkəzi, təlim-tədris kompleksi, Muğam mərkəzi, 2-ci və 3-cü yaşayış məhəllələrinin təməlinin qoyulması mərasimində iştirak edib. Hazırda inşası davam edən Təlim-Tədris Kompleksində beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılacaq. Kompleksin Regional Tədris Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiqi və istismarı qaydaları, peşə vərdişlərinin formalaşdırılması, real iş şəraitində təlim və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Yeni tikilən binalara yaşıl enerji mənbələrinin tətbiqinə dair real işlək model də tərtib olunub.

Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə də tanış olub. Qeyd edək ki, yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.

Bir sözlə, azadlığına qovuşmuş Ağdam şəhəri böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda indi geniş tikinti işləri aparılır. Əminik ki, Ağdamda hər daş üstünə daş qoyulduqca, onun əvvəlki acı mənzərəsinin yerində müasir, işıqlı, öz sakinlərinin isti nəfəsi ilə canlanmış gözəl Ağdam olacaq.

Allahverdi Piriyev,

Salyan rayon Ziyalılar Birliyinin sədri, Əməkdar Müəllim, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir