Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir

Cəmiyyət

Ölkəmiz müstəqillik əldə etdikdən sonra dünyada mövcud olan müxtəlif inkişaf modelləri sırasında Qərb dəyərlərini seçərək siyasi-hərbi təhlükəsizliyinə təminatı gücləndirmək, beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilmək üçün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən NATO ilə əməkdaşlığa üstünlük verdi. Azərbaycanla NATO arasındakı əlaqələr 1992-1993-cü illərdə başlasa da, əməkdaşlığın beynəlxalq hüquq normaları çərçivəsində rəsmi nizama salınmasının bünövrəsi 4 may 1994-cü ildə qoyulmuşdur. Xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev Şimali Atlantika Alyansı ilə əlaqələrin dərinləşdirilməsini özünün xarici siyasət kursunun mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Alyansın beynəlxalq təhlükəsizliyini nizama salan münasibətlər sistemindəki yerini və nüfuzunu nəzərə alan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulması üçün 1994-cü il mayın 4-də Brüsseldə NATO-nun Çərçivə Sazişini imzalamaqla müasir beynəlxalq hüquqi müstəvidə Azərbaycan-NATO münasibətlərinin əsasını qoydu.

Azərbaycanın dünyanın yüksək nüfuzlu siyasi-hərbi təşkilatı olan NATO ilə əməkdaşlığı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Bu əməkdaşlıq qarşılıqlı etimad üzərində qurulub. Ötən illər ərzində Azərbaycan Ordusu NATO-nun müvafiq proqramlarına əsasən təhlil, təhsil, təlim, sülhyaratma missiyalarında uğurla iştirak etmişdir. Ölkəmiz NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal şəkildə istifadə edir və mühüm sənədlərdə öz əksini tapmış məqsəd və prinsiplərin yerinə yetirilməsində ön sıralarda gedir. Azərbaycan hərbçilərinin NATO qüvvələrinin tərkibində Kosovoda, Əfqanıstanda sülhyaratma əməliyyatlarında yaxından iştirak etmişdir. Bu cür qarşılıqlı əməkdaşlıq hər iki tərəfə uğur gətirir.

Prezident İlham Əliyevin dəvəti əsasında NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri və Bakıda verilən birgə bəyanatın məzmunu göstərir ki, Azərbaycan-NATO münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dostluq və qarşılıqlı əməkdaşlıq şəraitində keçən təkbətək görüşdən sonra mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev hərbçilərimizin Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda yaxından iştirak etdiyini xüsusi vurğulamışdır: “Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci ilin sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olublar. Bu isə bir daha əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.

Prezident İlham Əliyev ölkəmizin NATO ilə tərəfdaşlığının müsbət olduğunu və bu tərəfdaşlığın 30 ildən artıq davam edən uzun tarixə malik olduğunu vurğuladı. Alyansla aparılan dialoq və əməkdaşlığın bu gün də uğurla davam etdiyini diqqətə çatdırdı. Azərbaycanın hazırda NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. NATO-nun yüksəkrütbəli zabitlərinin bu proqram çərçivəsində Azərbaycana səfərləri artıq adi hala çevrilib.

Görüş zamanı Baş katib Yens Stoltenberq ölkəmizin bir neçə NATO müttəfiqi ilə əlaqələri sıx şəkildə inkişaf etdirməsini alqışlaması mühüm mətləblərdən xəbər verir. Bu, Azərbaycanın yüksək nüfuzunun və sadiq tərəfdaş olmasını bir daha təsdiqləyir. Alyans rəsmisinin vurğuladığı kimi, sülh və sabitliyin təmin olunması nəinki Cənubi Qafqaz, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün çox vacibdir. Bölgədə davamlı sülhə nail olunması prioritet məsələdir.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yaratdığı yeni reallıqları qəbul etməyən bəzi beynəlxalq subyektlərin hüquqazidd davranışları və təcavüzkar ritorikası fonunda NATO-nun Baş katibi Yens Stoltenberqin ölkəmizə səfəri əsas qlobal güc və təhlükəsizlik qütblərindən biri olan Alyansın Prezident İlham Əliyevin yaratdığı reallıqları qəbul etdiyini göstərir. Bu, Azərbaycana münasibətdə təhdidlər yağdıran, qarayaxma kampaniyaları təşkil edən Fransa, Avropa parlamenti, AŞPA kimi beynəlxalq və regional subyektlərin Azərbaycan siyasətinin növbəti fiaskosu demək idi.

Böyük zəfərimizdən sonra məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan sülh danışıqları və sülhə heç vaxt olmadığımız qədər yaxın olduğumuzun NATO Baş katibi ilə gündəmə gətirilməsi, Yens Stoltenberqin isə bu prosesi dəstəklədiyini bəyan etməsi Azərbaycanın yaratdığı sülh gündəliyinin Şimal Alyansında məqbul hesab edildiyini və Avroatlantika mühitində hesablaşıldığını göstərdi. Bu mövqe isə, əslində, Cənubi Qafqazda sülh qarşısında əngələ çevrilmiş Fransanın timsalında təcavüzkar qruplaşma üzərində Prezident İlham Əliyevin daha bir qələbəsi idi.

 

 

Cəlal Ələkbərov,

Salyan şəhəri

, YAP fəalı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir