Saç tökülməsi, D vitamini əskikliyi, keçəlləşmə və xərçəng riski – Həkimdən HƏYƏCAN TƏBİLİ + MÜSAHİBƏ

Cəmiyyət

Koronavirusdan sonra müşahidə edilən saç tökülməsi keçəlləşməyə səbəb ola bilərmi?

D vitamininin çatışmazlığının hansı növ xərçəng xəstəliyinin yaranma riskini artırır?

Ağızda quruluq və yapışqanlıq hissi hansı xəstəliklərdən xəbər verir?

Post-COVID dövründə və ümumiyyətlə son dövrlərdə sosial şəbəkələrdə qeyd edilən və müşahidə edilən bəzi simptomlarla bağlı oxucuları narahat edən məqamlara aydınlıq gətirməyə çalışdıq. 

Oxu.Az-ın bu və digər suallarını həkim endokrinoloq Həcər Kazımova cavablandırıb.

– Bu gün endokrinoloji xəstəliklər arasında ən çox hansılar geniş yayılıb?

– Bu suala həm statistik məlumatlara əsasən, həm də öz təcrübəmdə qarşılaşdığım faktlar əsasında cavab vermək istərdim. Belə ki, endokrinoloji xəstəliklər arasında ən çox şəkərli diabet (tip 2) daha çox yayılıb.

– 2021-ci il üzrə şəkərli diabet xəstələrinin sayı nə qədərdir? Bu rəqəm artan dinamika ilə gedir?

– Müasir dövrdə endokrinoloji xəstəliklər günbəgün artır. Ötən il üzrə şəkərli diabet üzrə xəstələrin sayı da artan dinamika ilə gedib. Şəkərli diabet bu xəstəliklər içərisində ən birinci sırada gəlir. Buna səbəb isə insanların həyat tərzidir. Buna fiziki aktivliyin məhdudluğu, qida rasionundakı dəyişikliklər. Bir neçə il əvvəlki dövrlə müqayisə etsək, şirniyyat məhsulları istehlakı nəinki ölkəmizdə, eləcə də dünya ölkələrində sürətlə artır. İstehsal da tələbata uyğun olaraq artır. Bu gün şəkərli diabetin yaranmasına səbəb olan əsas amillər məhz bunlardır. 2017-ci ildə rəsmi olaraq şəkərli diabet üzrə qeydiyyata düşən şəxslərin sayı 240 min civarında idisə, hazırda şəkərli diabet üzrə qeydiyyatda olan insanların sayı 300 minə yaxındır. Bu 4 il ərzində bu qədər artım olub. Nəzərə almaq lazımdır ki, qeydiyyata düşməyən pasiyentlər də var. Bu, qeydiyyatda olan pasiyentlərin sayıdır.

– Otoimmun tiroidit (Hashimoto), diffuz toksik zob (Greyvs xəstəliyi) və sair xəstəlikləri olan şəxslər koronavirusa qarşı vaksin vurdura bilərmi?

– Bəli, bu xəstəlikləri olan şəxslər vaksin vurdura bilərlər. Xüsusilə Otoimmun tiroidit xəstəliyi olan şəxsləri qeyd edim ki, COVID-19 infeksiyasına yoluxan zaman xəstəliyin gedişatı digərlərinə nisbətən daha ağır keçir. İntubasiya hallarına çox rast gəlinib. Həmin şəxslərin peyvənd olunması çox önəmlidir.

– Bu gün ən çox eşitdiyimiz şikayətlər isə koronavirus infeksiyasından sonra tökülən saçlardır. Aylarla saç tökülməsi müşahidə edilir. Bəs bu məqamda tökülən saçlar necə bərpa edilə bilər? Yoxsa bu, keçəlləşməyə qədər gedə bilər?

– Ümumiyyətlə, hər bir stres, infeksiya, travma, yüksək hərarətlə, çəki itirməsi ilə müşahidə edilən xəstəliklərdən sonra orqanizmdə hormonal dəyişiklər olur. Bununla yanaşı, tiroidit xəstəlikləri, dəmir, sink, biotin əskikliyi olan şəxslərdə də saç tökülməsinə rast gəlinir. COVID-19 infeksiyasına yoluxan zaman isə yüksək hərarət, stres, qəbul edilən dərman preparatları saç tökülməsinə səbəb ola bilər. Bu saç tökülməsi ortalama 2-4 ay aralığında davam edir. Lakin insanlar qorxmasın, bu, keçəlləşməyə gətirib çıxarmaz.

Bu zaman yalnız saç tökülməsi deyil, saç qıranların yaranması, saçlarda qırılmalar da müşahidə edilir. Lakin bu müddət keçdikdən, yəni 4 aydan sonra saçlar daha normal uzanmağa başlayır. 2-4 ay ərzində saçların nisbətən nazikləşməsini, dolğunluğunu, parlaqlığını itirdiyi müşahidə edilə bilər. Bu stresli proses keçdikdən sonra qidalanmaya ciddi fikir vermək lazımdır. Orqanizmin tələbatına uyğun minerallar, vitaminlərlə zəngin qidaların qəbuluna diqqət etmək lazımdır ki, bu problem həllini tapsın.

– Bəs daha da konkretləşdirsək, nə etmək lazımdır?

– Protein ilə zəngin qidalara üstünlük vermək lazımdır. Yumurta, dəniz məhsulları, ispanaq, qırmızı və ya ağ ət, avokado, badam, yaşıl tərəvəzlərdən istifadə etmək məsləhətdir. Eyni zamanda, ağartı məhsulları, meyvələrdən də istifadə etmək tövsiyə olunur. Paralel olaraq biotin, sink, omeqa-3 kimi vitaminlərdən də istifadə məsləhət görülür. Bu da saç tökülməsinin qarşısını almağa kömək edəcək.

– Endokrin xəstəliklərdən ən təhlükəlisi və orqanların fəaliyyətinə ciddi ziyan vuran hansıdır?

– Endokrin xəstəliklərin hər birinin fəsadı var. Şəkərli diabet (tip 2) bu gün daha geniş yayıldığı üçün onun yaratdığı fəsadlar da daha çoxdur. Bəzən həkimə müraciət edən xəstələrdə şəkərli diabet (tip 2) olduğu müəyyən olunduqda onlar qorxurlar. Verilən suallar isə “Ayağım amputasiya ediləcəkmi?”, “Dializə düşəcəyəm mi?”, “Gözlərimdə problem yaranarmı?” istiqamətlərində olur.

Ən önəmlisi şəkərli diabeti nəzarət altında saxlamaqdır. Bu, aclıq şəkərinin 130, toxluq şəkərinin 180-ə qədər olmasıdır. Əgər illərlə xəstə şəkərini bu göstəricilər arasında saxlayarsa, orqanizmdə geridönülməz heç bir fəsad yaranmaz. Lakin təəssüf ki, pasiyentlərin çoxunda kontrolsuz şəkərli diabet olur. Şəkərin miqdarı çox yüksək olur, illərlə bu cür davam etdiyində isə diabetik polineyropatiya, diabetik retinopatiya, diabetik nefropatiyanın yaranmasına gətirib çıxarır. Eləcə də ən xırda kapilyarlardan başlayaraq mikro və makro angeopatiyalara da gətirib çıxara bilər. Təəssüf ki, bu zaman gözlərin və böyrəklərin də sıradan çıxmasına da gətirib çıxara bilir.

– Bəzən insanlar axşam saatlarında bədənin temperaturunun yüksəlməsindən şikayət edir. Bu, hansı xəstəliklərin göstəricisi kimi qiymətləndirilə bilər?

– Yüksək hərarətin səbəbləri müxtəlif ola bilir. Bakterial, viral infeksiyalar səbəbindən də hərarət yüksələ bilər. Eyni zamanda, hər hansı qida zəhərlənməsi zamanı da hərarət müşahidə edilə bilir. Bunların hamısı yüksək hərarətə səbəb olan proseslərdir. Bununla yanaşı, hipertiriodi olan, otoimmun xəstəlikləri olan pasiyentlərdə də bəzən xüsusilə gecə saatlarında hərarətin yüksəlməsi müşahidə edilə bilər. Hipertiriod qalxanvari vəzin hiperfunksiyasıdır, normadan artıq hormon ifraz etməsidir.

Bəzən yüksək hərarət qidalanmaya da bağlı olur. İsti qidaların qəbulu da səbəb ola bilər. Amma hormonal baxımdan yanaşsaq, hipertiriod və otoimmun endokrin xəstəliklərdə də gecə hərarətin qalxması müşahidə edilir.

– D vitamininin koronavirusun profilaktikasında və müalicəsindəki rolu nədən ibarətdir? 

– Artıq bir çox araşdırmalar sübut edib ki, istər COVID-19 infeksiyasının profilaktikasında, istərsə də müalicəsində D vitaminindən mütləq qaydada istifadə etmək lazımdır. Koronavirusa yoluxanların ortalama 80 faizində D vitamini əskikliyi müşahidə edilir. Orqanizmdə D vitaminin yetərli səviyyədə olması insanların COVID-19 infeksiyasına yoluxma riskini 75 faizə qədər azaldır. Koronavirusa yoluxmuş şəxslərin isə vəziyyətinin ağırlaşmasının və bununla bağlı baş verən ölümlərin 50 faiz azalmasına səbəb olur.

– Bədəndə hansı səviyyədə D vitamini əskikliyi olduğu müəyyən olunmadan D vitamini preparatlarını qəbul etmək nə kimi fəsadlara yol aça bilər?

– Əslində, təbii ki, profilaktika məqsədilə istifadə olunursa, məqsədəuyğundur ki, əvvəlcə D vitamini ölçülsün və ona görə təyinat edilsin. Nəticələrə əsasən qərar vermək olar ki, depolama, yoxsa profilaktik doza təyin edilsin. Amma əgər kimsə koronavirusa yoluxub və evdə müalicə alırsa, tibb müəssisəsinə gedərək D vitaminin yoxlatdıra bilmirsə, o şəxslər profilaktik dozadan istifadə edə bilər. Aylıq profilaktik doza 50 min vahiddir.

– Bəzi mənbələrdə D vitamininin çatışmazlığının xərçəng xəstəliyinin yaranmasına şərait yaratdığı qeyd edilir. Onlar arasında əlaqə varmı?

– Bəli, bu məlumatlar da elmi olaraq sübuta yetirilib. Belə ki, orqanizmdə D vitamini çatışmazlığı olan şəxslərin yoğun bağırsaq xərçənginə yoluxma riski yüksək olur. Onlar risk qrupunda olan xəstələr hesab edilir. Xüsusilə D vitamini miqdarı 12 ng/mL-dən az olanlara aiddir.

– Ağızda quruluq və yapışqanlıq hissi narahatlıq yaradan faktorlar sırasındadır. Bu, nədən qaynaqlanır?

– Ağızda quruluq və yapışqanlıq hissi mədə-bağırsaq sistemində gedən dəyişikliklərdən və başqa səbəblərdən də yarana bilər. Endokrinoloq kimi deyə bilərəm ki, əsasən şəkərli diabet xəstələrində müşahidə edilir. Çox vaxt xəstələr ağızda quruluq hissi ilə bağlı həkimə müraciət edirlər. Amma ağızda quruluq olan hər pasiyentdə bu diaqnoz aşkarlanmır. Belə olan hallarda pasiyentə mədə-bağırsaq sisteminin müayinəsi tövsiyə edilir.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir