Cari il ölkə iqtisadiyyatının inkişafında mühüm dövr olacaq – Bəhruz Məhərrəmov

Cəmiyyət

“Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə yalnız siyasi və iqtisadi əhəmiyyət daşımır, həm də hazırkı mürəkkəb geosiyasi situasiyada xalqla kommunikasiyanın zəruri mərhələsi oldu. Bildiyiniz kimi, pandemiya və münaqişələr fonunda iqtisadi təlatümlərin Azərbaycana təsirləri qaçılmazdır və bu mənada real vəziyyət barədə insanların birbaşa ölkə başçısının özü tərəfindən məlumatlandırılması şəraitdən sui-istifadə perspektivlərini heçə endirdi.”  

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, hər şeydən öncə vətəndaş ilin 1-ci rübünün yekunları ilə tanış olaraq aydınlaşdırdı ki, dövlət başçısının rəhbərliyi ilə aparılan sosial-iqtisadi islahatlar inkişaf üçün mühüm zəmin formalaşdırıb və bu mənada cari il ölkə iqtisadiyyatının inkişafında mühüm dövr olacaq: “Belə ki, dövr ərzində ümumi daxili məhsulun  6.8%, qeyri-neft sektorunun 10%, ixracın 2 dəfə (idxaldan 5.1 mlrd dollar çox), qeyri-neft ixracının 45%, xarici ticarət dövriyyəsinin 60% artması, xarici dövlət borcunun ÜDM-in 12.5%-nə qədər azalması, büdcə gəlirlərinin proqnozdan 6.3% artıq icra edilməsi kimi tədbirlər fonunda əhalinin gəlirləri 20% artıb.  Əlbəttə, problemlər də var, məsələn; 17% ərzaq inflyasiyası , 12% isə ümumi inflyasiya müşahidə edilir. Lakin müşavirədə də qeyd edildiyi kimi bu problemlər daha çox qlobal mahiyyət daşıyır. Öz növbəsində isə hökumət bu istiqamətdə şəxsən cənab Prezidentin nəzarəti altında ciddi tədbirlər reallaşdırmaqdadır”. 

Bəhruz Məhərrəmov bildirib ki, müşavirədə diqqət çəkən digər mühüm məqam postmüharibə reallığının meydana çıxardığı tələblərin və Azərbaycanın mövqeyinin bir daha bəyan olunması ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti, eyni zamanda Qoşulmama Hərəkatının sədri olaraq cənab İlham Əliyev bir daha Qərbin ikili standartları ehtiva edən riyakar siyasətini ifşa edərək bu zərərli yanaşmanın, regionda dayanıqlı sülh  və əməkdaşlıq mühiti üçün təhlükə əxz etdiyini açıq şəkildə bəyan etdi.  Həmçinin, cənab İlham Əliyevin Ermənistana yönəli mesajları da hazırkı dönəmdə strateji önəm daşıdı. Dövlət başçısı reallığı təhlil edərək Ermənistanın dilemma qarşısında olduğunu, ya təcavüzkar mahiyyətinə sadiq qalaraq dalan dövlətinə çevriləcəyini, ya da inkişaf şansından yararlana biləcəyini bəyan etdi. 

Deputat qeyd edib ki, dövlət başçısı 30 illik işğalçılıq siyasətinin onların özlərinə baha başa gəldiyini misal göstərərək, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməyəcəyini deməklə əslində İravana son xəbərdarlığını etmiş oldu: “Maraqlıdır ki, Ermənistan ictimaiyyəti və hakimiyyətinin cənab İlham Əliyevin bəyanatlarına reaksiyası özünü çox göstərmədi. Paşinyan artıq Azərbaycanın şərtlərinə daha çox istinad etməyə və sülh prosesindən daha çox danışmağa başlayıb. Eyni zamanda, media gündəmlərindən də aydın hiss edilir ki, erməni ictimaiyyətinin təcavüzkar seqmentində ciddi ajiotaj yaşanır.  Bu mənada, əminliklə demək olar ki, Azərbaycan Prezidenti bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirəni həm də böyük məharətlə hücum siyasətinin vacib həlqəsinə çevirə bildi”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir