Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonu kifayət qədər böyük potensiala malikdir

Cəmiyyət

Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalmışdır. Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları – hərbçilər istifadə edirdilər. Bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir. Zəngilan rayonunda, eyni zamanda, bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Biz artıq tarixi-dini abidələrimizin bərpası işinə başlamışıq. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Çünki bu məsciddən cəmi bir divar qalmışdı. Yəni, Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur.” Bu sözləri Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
Hazırda Azərbaycanda həyata keçirilən siyasətin başlıca məqsədi postmüharibə dövründə ölkə iqtisadiyyatını daha da inkişaf etdirməkdir. Bunun üçün isə işğaldan azad edilmiş ərazilərin potensialından istifadə olunmalıdır. Biz bu torpaqlardan məqsədəuyğun şəkildə istifadə etməklə məcburi köçkünləri doğma yurdlarına qaytarıb qarşı tərəfi və onun havadarlarını həm də siyasi fakt qarşısında qoymalıyıq.
İşğaldan azad edilmiş ərazilərin bərpa və yenidən qurulması həyata keçirilir. Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonu kifayət qədər böyük potensiala malikdir. Cənab Prezidentin təyin etdiyi xüsusi nümayəndələr Zəngilanın , işğaldan azad olunmuş ərazilərimizin, bütövlükdə Qarabağın bərpa və yenidənqurma prosesinin daha sürətli, eyni zamanda iqtisadi inkişafın formalaşmasına daha sistemli, dövlət proqramları çərçivəsində yanaşmanın həyata keçirilməsinə imkan verəcək.
Prezidentin hər çıxışını həm də sanki, görülən işlər haqqında xalqa hesabatı da adlandırmaq olar. Bu da onun xalqına olan sonsuz məhəbbət və ona etimad göstərmiş xalq qarşısında nadir liderlərə məxsus məsuliyyət və hesabatlılıqdan irəli gəlir. Videoformatda qəbul zamanı Prezidentin çıxışını həm Qarabağda, həm də Şərqi Zəngəzurda, Zəngilanda görülmüş işlərin hesabatı kimi də qəbul etmək olar. Hər birimiz bu çıxışı dinləyərkən qısa müddət ərzində işğaldan azad olunmuş torpaqlarımızda nə qədər möhtəşəm işlərin görüldüyünün sevincini yaşayırıq. Prezident İlham Əliyev günümüzün reallığı kimi Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturunun, çoxfunksiyalı Zəngilan Beynəlxalq Hava Limanının istismara veriləcəyini, Zəngilanın gələcəkdə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyini bildirdi. Prezident çıxışında coğrafi vəziyyətin də nəzərə alındığını bildiridi və işğaldan azad edilmiş ərazilərdə Füzuli Beynəlxalq Hava Limanından sonra istifadəyə veriləcək Zəngilan hava limanının ölkəmizin iqtisadi, nəqliyyat və həm də təhlükəsizliyi ilə bağlı məsələlərin həllində önəmini də vurğuldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən infrastruktur layihələri sayəsində açıq dənizlərə çıxışı olmayan Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrildiyini qeyd etmək olar. Prezident videofomatda qəbulda Zəngəzur dəhlizinin də yeni nəqliyyat dəhlizi olacağını bildirdi. Xüsusilə Şərqi Zəngəzur Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan Muxtar Respublikası və qardaş Türkiyəyə çıxış imkanı əldə edəcək. Bu da Şərqi Zəngəzur iqtisadi rayonunun həm də strateji, coğrafi baxımdan əhəmiyyətini göstərən amillərdən biridir.
Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolunun çəkildiyini qeyd edən Prezident İlham Əliyev qeyd etdi ki, yol tam yeni və daha əlverişli marşrutla keçir. Həm vətəndaşlar bu yolla rahat gedib-gələcəklər, həm də beynəlxalq yükdaşıma məsələləri öz həllini tapacaq.
“Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Dəmir yoluna gəldikdə, hazırda bizim sonuncu dəmir yolu infrastrukturu olan bu istiqamətdə stansiyamız Horadizdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası artıq sürətlə aparılır və əminəm ki, gələn il tam istismara veriləcəkdir. Bu da həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır”, – deyə Azərbaycan Prezidenti əlavə edib.
Əsrarəngiz təbiətə malik Zəngilan rayonunda böyük turizm potensialı var. Gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir gəlir mənbəyi olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılarsa öz faydasını verəcəkdir.Görülən işlərdən aydın olur ki, eyni zamanda otellər, istirahət zonaları yaradılacaq, kənd turizmi inkişaf etdiriləcəkdir.Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq.
Ümumiyyətlə, Şərqi Zəngəzur İqtisadi rayonunun və Qarabağ İqtisadi rayonunun yaradılması və onlara Prezidentin xüsusi nümayəndələrinin təyin edilməsi ,Vətən müharibəsində böyük Zəfərdən sonra formalaşmış yeni reallıqları ehtiva edir və işğaldan azad edilmiş ərazilərimizin dirçəlişi və tərəqqisi üçün mühüm təkandır. İqtisadi zonaların ahəngdar və hərtərəfli inkişafı ölkəmizin iqtisadiyyatına və xalqımızın rifahına öz töhfələrini verəcək.

Malik Mustafayev
Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru, Yeni Azərbaycan Partiyasının üzvü

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir