Əsas odur ki, məmur “müəllim”in yüz minlik maşını gözünün qabağında olsun… – FOTO

Cəmiyyət

Kubra Məhərrəmova yazır…

Əslində, bu foto yağlı boya ilə kətan üzərində çəkilmiş şedevrdir.

Bu tablo əksər məmurların xalqa, ölkəyə, şəhərə, kəndə, torpağa, təbiətə göstərdiyi münasibətin bariz nümunəsidir.

Nə olacaq ki, ağacdır da, kəsilsin! Əsas odur ki, məmur “müəllim”in yüz minlik maşını gözünün qabağında olsun. Səkidəkilər kimdir ki? Qara camaat. Heç nə olmaz, onsuz da o dünyada sirat körpüsündən keçəcəklər. İndidən öyrənsinlər bir ayağı üstündə hoppanmağı. Başqa nə sualınız var? Bəyəm təkcə Bakıda kəsilir ağaclar?

Azərbaycanın dörd tərəfində məmurların əksəriyyəti ağac da kəsir, meşədə istirahət zonası da açır, dənizə gedən yolları da bağlayır, sahili hasara alıb üç-beş kottec tikib şəxsi çimərlik də düzəldir. Qarğıdalı satandan günlük icarə haqqı alır. 50 qəpiklik suyu beş manata satır. Narazılıq edəndə də, deyir ki, gəlmə mənim obyektimə, get ödənişsiz çimərliklərə. Açığı, Bakıda ödənişsiz çimərlik tapmaq, Marsda su tapmaqdan daha asandır. Ailənin, uşaqların xətrinə başlarına dolayıb o pulu məcbur ödəyirsən.

Ümumiyyətlə, bir qisim məmur tayfası o qədər babalarından miras alıblar ki, ürəkləri istədikləri yerdə hotel tikirlər, restoran açırlar. Əgər məmur “müəllim”in “obyekt”inin yanında hansısa fağırın bir balaca köşkü olarsa, onu yerlə-yeksan edirlər.

Kefi istəyəndə hələ bir onun-bunun torpaq sahəsini də zorla əlindən alırlar. Ən xırda iş üçün “şirinlik”siz heç nə etmirlər. Sonra paketləyib yığırlar çarpayının altına.

Üstü açılanda da and-aman edirlər ki, vallah, mənim deyil, arvadımın babasından qalan mirasdır. Baba da o dünyadan xəbər göndərir ki, yalansa aldıqların burnundan gəlsin, məni niyə söhbətə qatırsan?

İndi bütün bunları sadalamaqda məqsədim odur ki, nə olsun, şəhərin mərkəzində iki-üç ağac kəsilib? Daha dəqiq desək, Bakının Nəsimi rayonunun Bülbül prospekti,18-30 ünvanında çoxillik ağaclar kəsilib, piyadalar üçün səki daraldılıb, yerində parklama yeri salınıb.

Biz də səs-küy, qara-qışqırıq salmışıq. 

Baş verən hadisəyə isə günün möhürünü Ekologiya və Təbii Sərvətlər Nazirliyi vurdu. Sən demə, şəhərin mərkəzində kəsilən ağaclardan qurumun xəbəri olmayıb, əməkdaşları hal-hazırda araşdırma aparır.

Hörmətli Nazirlik əməkdaşları, axtarışa ehtiyac yoxdur. Ağacları mən kəsmişəm, küçə təmizləyən qadınlar da mənə kömək edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir