Azərbaycan regionda əbədi sülhün memarı olduğunu təsdiqləyir

Cəmiyyət

 

Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızı düşməndən azad etmək və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızı dalğalandırmaq.

Oktyabrın 31-də dünyanın diqqəti Soçidə prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşə yönəlmişdi. Rusiya Federasiyası Prezidentinin təşəbbüsü ilə keçirilən görüşdə müharibədən sonra ölkələr arasındakı münasibətlər, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın qarşıya qoyduğu vəzifələrin icrasını, həmçinin sonradan nail olunmuş bütün razılaşmaların yerinə yetirilməsini təmin etmək idi. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri Azərbaycan yüksək səviyyədə yerinə yetirərək qarşı tərəfdən də bu cür addımların atılmasını tələb edir. Çünki hazırkı dövrün əsas çağırışı sülh müqaviləsinin imzalanması, həmçinin yeni əməkdaşlıq formatlarının yaradılması, kommunikasiyaların açılması və sair məsələlərdir.

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə xeyli sayda görüşlər keçirilib. 2021-ci il 11 yanvar tarixli Moskva, 2021-ci il 26 noyabr tarixli Soçi görüşlərinin, onun ardınca Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 4 dəfə Brüssel, oktyabrın 6-da isə Praqa görüşlərinin hər biri sülh müqaviləsinin imzalanmasına doğru atılan addımlardır. Prezidentlərin görüşü zamanı dövlətimizin başçısı Azərbaycanın sülh müqaviləsi ilə bağlı Ermənistana 5 maddəlik təklif təqdim etdi. Soçi bəyanatından da aydın olur ki, sənəddə əksini tapan müddəalar Azərbaycanın maraqlarına cavab verir. Bundan başqa, Azərbaycan və Ermənistan arasında bütün problemli məsələlərin yalnız BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması əsasında həlli razılaşdırılıb. Ermənilər ümid edirdilər, Nikol Paşinyan isə çox çalışırdı ki, Soçidə Qarabağın dağlıq hissəsinin statusu ilə bağlı hansısa üstünlük əldə etsinlər. Lakin bu baş tutmadı. Prezident İlham Əliyevin “Qarabağ münaqişəsi iki il əvvəl həll olunub. Bu konteksdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur” deməsi, qarşı tərəfi çıxılmaz vəziyyətə qoydu.

Aydındır ki, maraqlı qüvvələr ciddi cəhdlə çalışırlar ki, Qarabağ münaqişəsi həll olunmamış qalsın və hər dəfə bu kartdan istifadə edib Cənubi Qafqazı təsir imkanlarında saxlasınlar, Azərbaycana təzyiq göstərsinlər. Azərbaycan dövlətinin başçısı Soçidə maraqlı tərəflərin bu təsir mexanizmini blokladı, Qarabağın Azərbaycan ərazisi olduğunu və bütün məsələlərin ölkə konstitusiyası çərçivəsində həll ediləcəyini bəyan etdi. Keçirilən görüşlər, imzalanan sənədlər Prezident İlham Əliyevin rəhbərliyi ilə hərb və sülh meydanında paralel fəaliyyətin uğurlu nəticəsi kimi dəyərləndirilməlidir. Artıq hərb meydanında aldığı “dəmir yumruğ”un zərbəsinin ardından diplomatiya çərçivəsində əksər dövlətlərin haqqın yanında olması rəsmi İrəvanı çıxılmaz vəziyyətə salıb. Azərbaycan isə dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirərək, regionda “əbədi sülhün memarı olduğunu təsdiqləyir”.

 

 

Rafət Qafarov,

Salyan rayon Parça Xələc bələdiyyəsinin sədri, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir