Türkiyənin səhiyyə naziri “Report”a danışdı: “Can azərbaycanlı qardaşlarımıza salamlarımı çatdırın” – VİDEO

Dünya

“Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir. Bu dönəmlər isə bizim üçün çox önəmlidir”.

Bunu “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına Türkiyənin səhiyyə naziri Fahrettin Koca Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən mobil səhra hospitallarını ziyarət edən zaman deyib.

Nazir hospitallarda yaradılmış şəraitlə tanış olub.

Onu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev müşayiət edib.

F.Koca Azərbaycan xalqına salam yollayıb:

“Azərbaycanlı bacı və qardaşlarımıza salamlarımızı çatdırın”.

Nazirin sözlərinə görə, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov onlardan nəyə ehtiyacları olduğunu soruşub:

“Cənab nazir (fövqəladə hallar naziri Kəmaləddin Heydərov – red.) nəyə ehtiyacımızın olduğunu soruşdu. Biz də səhra xəstəxanasına ehtiyac olduğunu bildirdik. Onlar da sağ olsunlar, bu istiqamətdə köməklik göstərdilər. İki səhra xəstəxanası tez bir zamanda qurulmuş oldu. Önəmli dərəcədə göstərilən köməklik üçün təşəkkür edirik”.