Rus rublu qaza görə “qazlı məzənnə” əldə edəcəkmi?

Dünya

Pərviz Heydərov yazır…

Rusiya-Ukrayna müharibəsi alovunu dünya iqtisadi arenasına getdikcə daha şiddətli dərəcədə yayır. Odur ki, qlobal iqtisadi proseslərdə indiyədək görünməmiş təlatümlər gözlənilir. Başqa sözlə, xaosun bir addımlığında sayılırıq.

Deməli, məsələ belədir; Rusiya Federasiyası Prezidenti Vladimir Putin hökumətə, Mərkəzi Banka və “Qazprom”a tapşırıb ki, martın 31-dək bütün zəruri tədbirləri görsünlər ki, qeyri-dost ölkələr rus qazını rublla alsınlar, yəni ödənişi Rusiyanın öz pul vahidiylə həyata keçirsinlər.

Qazın həcmi və qiymətisə bu zaman müqavilələrdə olduğu kimi qalacaq. Bu isə o deməkdir ki, 48 dövlət Rusiyadan aldıqları qaza görə ödənişi rublla etməli olacaq, yoxsa qazsız qalacaq.

Rusiya prezidentinin mətbuat katibi Peskov bildirib ki, qazın pulunu rublla ödəməyən Avropa İttifaqı ölkələrinə təchizat dayandırılacaq…

İş bundadır ki, rus rublu dünyada aparıcı valyutalar sırasında olmadığından heç bir dövlətdə kifayət qədər hazır rubl ehtiyatı həcmi yoxdur. Bu isə o deməkdir ki, qaz istəyən ölkələr avro və yaxud dollar ödəyib rubl almalıdırlar ki, ödənişi həyata keçirə bilsinlər.

Bunu da ancaq daxili bazarda edə bilərlər. 

Bu zaman qəribi həm də o zaman ağlamaq tuta bilər ki, rus Mərkəzi Bankı və hökuməti üstəlik məzənnə spekulyasiyasına və oyununa da getsin… 

Yeri gəlmişkən, keçən il “Qazprom” 155 milyard kubmetr qaz satıb bu ölkələrə… Bu, Aİ-nin ümumən idxal etdiyi təbii yanacağın 45 faizi, istehlak etdiyi qazın isə 40 faizi deməkdir…

Ümumiyyətlə, Avropa ölkələrinin rus qazından asılılığı elə səviyyədədir ki, bu asılılıqdan qurtulmaq üçün ən tezi iki ilə yaxın vaxt tələb olunur. O da bir şərtlə ki, bütün işlər sürətli şəkildə görülsün. Məsələn, ABŞ bu il Avropaya əlavə olaraq 15 milyard kubmetr sıxılmış qaz ixrac edəcək. Məqsəd Rusiyadan enerji asılılığını azaltmaqdır. Bu kifayətdirmi?! Xeyr…

Ötən yazımda da qeyd etmişdim ki, dünyada indiyədək Rusiya Federasiyası qədər həm kəmiyyət, həm də sərtlik baxımından bu sayda iqtisadi sanksiyalara məruz qalan ikinci bir ölkə olmayıb, yoxdur və çox güman, olmayacaq da.

Qərb tərəfindən tətbiq olunan bu sanksiyalar Rusiya iqtisadiyyatının bütün sahələrinə aiddir və elə bir sferası yoxdur ki, onu əhatə etməsin. Bütün xarici şirkətlər Rusiya bazarını tərk ediblər və bu proses hələ də davam edir.

Bütün bunlar mənfi nəticələrini göstərir. Ölkədə maliyyə sabitliyi getdikcə daha sürətlə pozulur, inflyasiya və bahalaşma sürətlənir, istehsal çökür, bütün digər makroiqtisadi göstəricilər üzrə müvazinət pozulmağa doğru istiqamət götürür. 

Lakin Rusiyanın da əlində qarşı tərəfə təzyiqlər göstərmək üçün müəyyən iqtisadi alətlər var. Və bunlardan istifadə etməyə başlayır.

Aİ ölkələrinin illik qaz istehlakı həcmi, bəzi mənbələrə görə, 550 milyard kubmetr, digərlərinə görə isə 400 milyarddan bir az çox təşkil edir. Bu, çox böyük rəqəmdir.

Vaxt var idi, Cənub Qaz Dəhlizi çəkilərkən ABŞ başda olmaqla Avropa İttifaqı ölkələri buna heç bir lazımi reaksiya nümayiş etdirmədilər. Əksinə, bəyan etdilər ki, Xəzərdə nə qədər ehtiyat var ki, bu boyda layihəyə xərc çəkilir?!

Nəticədə sözügedən layihənin bütün ağırlığı bizim üzərimizə düşdü. İdeya müəllifi olduğumuz layihənin bütün siyasi maneələrinə sinə gərməkdən tutmuş, maliyyə xərclərinədək bütün yükü Azərbaycan dövləti öz üzərində daşıdı.

İndi Aİ ölkələri Azərbaycana Rusiya qazından xilasda çıxış yollarından biri kimi baxırlar. 48 ölkə ard-arda növbəyə düzülür ki, bizimlə müqavilə bağlasın.

Rus rublu qaz məsələsinə görə dəyər qazana bilərmi?

Cavab olaraq qeyd edim ki, hazırda Rusiyanın Ukraynada hərbi əməliyyatları fonunda həm siyasi, həm iqtisadi fonda elə hadisələr baş verir ki, hər-hansı məsələ barəsində heç bir proqnoz vermək mümkün deyil.

Söhbət, ventilə bağlıdır…

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir