Peruda on minlərlə insan etiraz aksiyası keçirir: Ölən və yaralananlar var – FOTO/VİDEO

Dünya

Pedro Kastilyonun prezidentlikdən uzaqlaşdırılmasından sonra Peruda baş verən etirazlarda 24,4 min insan iştirak edir. Nümayişçilərlə toqquşmalarda 44 polis yaralanıb. Bundan başqa, indiyədək aksiyalar zamanı beş nəfər ölüb, yeddi nəfər saxlanılıb.

Bu barədə ölkənin daxili işlər naziri, general Sezar Servantes Kardenas deyib.

İnsan hüquqları üzrə ombudsman Eliana Revolyar öz növbəsində qurbanların sayının ikisi azyaşlı olmaqla yeddi nəfər olduğunu bildirib.

Terrorla mübarizə idarəsinin rəisi Oskar Arriola isə başqa statistika təqdim edib. Onun sözlərinə görə, aksiyaçılarla toqquşmalarda biri ağır olmaqla ən azı 119 polis əməkdaşı yaralanıb, daha altı polis əməkdaşı isə oğurlanıb.

Qeyd edək ki, Peruda ötən həftənin ortalarından etibarən etiraz aksiyaları geniş vüsət alıb. Buna səbəb Pedro Kastilyonun prezidentlikdən uzaqlaşdırılması olub. Növbədənkənar seçkilərin keçirilməsini tələb edən nümayişçilər yolları bağlayır, hava limanlarını zəbt edir, hökumət binalarına, bəzi telekanalların ofislərinə hücum edirlər.

Həmçinin Perunun cənub-şərqindəki Kusko şəhəri ilə inklərin qədim paytaxtının yerləşdiyi Maçu-Pikçu arasında qatarların hərəkəti etiraz aksiyaları səbəbindən dekabrın 13-dən dayandırılacaq.

Yeri gəlmişkən, vəzifəsindən uzaqlaşdırılan Kastilyo üsyan təşkil etmək ittihamı ilə saxlanılıb. Belə ki, bazar ertəsi siyasətçi özünün “Twitter” səhifəsində respublika xalqına səslənərək konstitusiya məclisini çağırmağı tələb etmələrini istəyib və həmçinin dövlət başçısı kimi vəzifəsindən imtina etmək fikrində olmadığını qeyd edib.

Mənbə: TASS