Anar Məmmədov: “Dünya çempionatında birinci olmaqla adımı tarixə yazdırdım” – VİDEO

İdman

İTV-də yayımlanan MAG (Müstəqil Azərbaycan Gənci) verilişinin növbəti qonaqları kikboksinq millimizin üzvləri olublar.

Oxu.Az-ın xəbərinə görə, 12-15 may tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Kubokuna (“Turkish Open”) hazırlaşan millimiz məşqlərini Bakı Olimpiya Stadionunda və qapalı zalda keçir.

Millimizin baş məşqçisi Elşən Abdurrəhimov builki əsas yarışların Türkiyədə avqustda keçiriləcək İslam Həmrəyliyi Oyunları və noyabrda Avropa çempionatı olduğunu bildirib.

Ötən ilin sonlarında İtaliyada dünya çempionu olan Anar Məmmədov isə bildirib: “İlk dəfə 2012-ci ildə yeniyetmələrdən ibarət milliyə qatılmışam. İlk yarışım yeniyetmələr arasında dünya çempionatı olub. Həmin turnirdə gümüş medal qazanmışam. 2014-cü ildə gənclər arasında dünya birinciliyinin qalibi olmuşam. 2015-ci ildən isə böyüklərdən ibarət yığma komandanın üzvüyəm. Uşaqlıqdan böyüklər arasında dünya çempionu olmaq arzum idi. 2021-ci ildə İtaliyanın Yezolo şəhərində keçirilən dünya çempionatında birinci olmaqla Azərbaycan kikboksinq tarixinin 10-cu çempionu kimi adımı tarixə yazdırdım”.

Kikboksinq Federasiyasının I vitse-prezidenti, dünya və Avropa çempionu, yığma komandanın kapitanı Ramal Aslanov isə bildirib ki, kikboksinq kütləviliyinə görə Azərbaycanda ilk sıralarda qərarlaşıb: “Bizim əsas devizimiz narkomaniya və uşaq cinayətkarlığına qarşı mübarizədir. Bu baxımdan yeniyetmə və gəncləri zallarımızda məşqə dəvət edirik… 40 yaşdan sonra idmançılarımız veteranlar arasında yarışmağa başlayırlar. Bunların arasında dəfələrlə dünya çempionu olmuş Eduard Məmmədovu misal kimi göstərmək olar”.

Gənclər və yeniyetmələr üzrə milli komandanın baş məşqçisi Hikmət Hacıyev isə hələ ki, taktiki və fiziki yöndə çalışmalar etdiklərini bildirib.

Hazırda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olan kikboksçu İlham Həsənov, həmçinin Nihad Tağızadə, Elnur Mustafayev və Fatimə Şükürlü də çıxış edərək fikirlərini bildiriblər.

Səbuhi Musa

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir