Yeniyetmə cüdo millimizin baş məşqçisi hansı səbəbdən vəzifəsindən azad edilib?

İdman

Yeniyetmə cüdoçulardan ibarət millinin baş məşqçisi Ramiz Ramizzadə vəzifəsindən azad edilib.

Allsport.az saytına daxil olan məlumata görə, o, böyük ehtimalla, Göygöl Olimpiya İdman Kompleksində müxtəlif bölgələrdən olan 15-ə qədər idmançının təlim-məşq toplanışında baş verən xoşagəlməz olayda günahkar bilinib.

Həftənin əvvəlində 15 idmançıda ürəkbulanma, hərarət və qusma olduğundan onlar müayinə üçün rayon xəstəxanasına aparılıblar. Azərbaycan Cüdo Federasiyası bəyan edib ki, Göygöl Olimpiya İdman Kompleksi ilə imzalanan müqaviləyə əsasən, idmançıların qidalanmasının təhlükəsizliyə uyğun şəkildə həyata keçirilməsini qarşı tərəf təşkil edib.

Belə olan halda gənc çalışdırıcının niyə suçlu sayılması sual doğurur. Çünki yeni rəhbərlik Ramiz Ramizzadəni yanvarın 6-da çıxardığı qərarla təsdiqləmişdi. Üstəlik, toplanışa bölgənin klub idmançıları dəvət olunmuşdular və belə olduqda millinin məşqçi heyəti bu cür hadisəyə cavabdehlik daşımır. Ümumiyyətlə, məşqçi ancaq nəticəyə məsuliyyət daşıyır. Qidalanmaya komandada nəzarət edən şəxs(lər) var və olmalıdır(lar).

ACF bu barədə hələ rəsmi məlumat yaymayıb. Bu isə müxtəlif söz-söhbətə yol açır. Cüdo ictimaiyyətində belə bir fikir var ki, Ramiz Ramizzadənin yeniyetmə cüdoçuların inkişafında böyük əməyi olub. 2020-ci ildə Qazaxıstanın Almatı şəhərində yeniyetmələrin dünya birinciliyinin komanda yarışında Azərbaycan millisinin ilk dəfə ikinci yer tutması buna əyani misaldır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir