Taleyi öz əlində olan “Qarabağ”: Uğursuz seriyaya son qoyulacaqmı? – ŞƏRH + FOTO

İdman

“Qarabağ” bu gün Azərbaycan futbol tarixinin ən vacib oyunlarından birinə çıxacaq.

Ağdam klubu bir ilki reallaşdırmağa – Avropa Liqasında qrupdan çıxmağa çox yaxındır.

Əslində, qrup mərhələsinin IV turunda Bakıda Yunanıstan “Olimpiakos”u ilə oyunda əldə etdiyi 0:0 hesablı bərabərliklə minimum vəzifənin öhdəsindən gələn, yəni çıxışını UEFA Konfrans Liqasında davam etdirməyi təmin edən Qurban Qurbanovun komandası əsas hədəfə bir addım da yaxınlaşmışdı. Ancaq yola məhz Avroliqada davam etmək üçün V turun “Nant”la səfər matçı önəmli idi. Azərbaycan çempionuna bu matçda minimum bir xal da kifayət edirdi. Təəssüf ki, “Qarabağ” Fransadakı gərgin oyunda əvvəlcə qapıçısı Şahruddin Məhəmmədəliyevin kobud səhvi ilə hesabda geri düşdü. Sonradan çətinliklə də olsa, hava-su kimi lazım olan bərabərlik qolu vurulsa da, sərfəli hesabı sona qədər qoruyub-saxlamaq mümkün olmadı. Matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə rəqibin təzyiqinə dözə bilməyən “köhlən atlar” qapısında qol gördü və əsas tapşırığın icrasını Bakıdakı son matça saxladı.

Taleyi öz əlindədir…

Qrupun VI turundan öncə yaranmış mənzərəyə nəzər salarkən görürük ki, hər şey “Qarabağ”ın öz əlindədir. Hazırda 6 xalı olan və ikinci pillədə qərarlaşan Ağdam klubu bu gün öz meydanında qrup lideri “Frayburq”a qalib gələcəyi halda Yunanıstanda keçiriləcək “Olimpiakos”-“Nant” görüşünün nəticəsindən asılı olmayaraq, adını Avroliqanın pley-off mərhələsinə yazdıracaq.

“Nant”ın da “Qarabağ” kimi 6 xalı olsa da, ikili oyunların nəticəsinə görə Azərbaycan təmsilçisi ikinci, fransızlar isə üçüncü pillədə qərarlaşıblar. Cəmi 2 xalı olan “Olimpiakos” isə sonuncudur.

Əgər Bakıdakı oyunda tərəflərdən heç biri digərinə üstün gələ bilməsə, “Qarabağ”ın pley-offa adlaması üçün Yunanıstanda ya “Olimpiakos” qalib gəlməli, ya da orada da bərabərlik qeydə alınmalıdır.

Qurban Qurbanov və komandası hətta məğlubiyyət halında belə, qrupdan çıxa bilərlər. Bunun üçün “Nant”ın Yunanıstandan əliboş dönməsi lazımdır.

Göründüyü kimi, vəziyyət o qədər də faciəvi deyil. Taleyi öz əlində olan “Qarabağ” digər iki variantda belə, azarkeşlərini sevindirə bilər.

Səkkiz ildir davam edən sindrom

Amma bu oyunla bağlı araşdırma apararkən maraqlı bir statistika ilə qarşılaşdım. Ağdam klubu avrokuboklarda taleyini son oyunlara bağladığı heç bir halda sevinən tərəf olmayıb. Ümumiyyətlə, 2014/15 mövsümündən etibarən ardıcıl 9-cu dəfə avrokuboklarda qrup mərhələsində oynayan “Qarabağ” qitənin hər üç klub turnirinin qrup mərhələsinin sonuncu oyunlarında bir dəfə də olsun qələbə qazana bilməyib. Maraqlı məqam odur ki, bu oyunlardan bəziləri qrupdan çıxmaq baxımından həlledici xarakter daşıyıbsa, bəziləri sadəcə formal 90 dəqiqə kimi tarixdə qalıb.

Şübhəsiz ki, bu mövzu haqqında danışarkən ilk olaraq “Qarabağ”ın birinci dəfə Avroliqanın qrup mərhələsində oynadığı 2014/2015 mövsümünü yada salmalıyıq. İtaliyadan “İnter”, Fransadan “Sent-Etyen” və Ukrayna təmsilçisi “Dnepr”lə birlikdə F qrupunda yer alan ağdamlılar sonuncu tur ərəfəsində bir qələbə, bir məğlubiyyət və iki heç-heçə ilə 5 xal qazanmış, qrupda ikinci pillədə qərarlaşmışdılar. Sonuncu – həlledici oyunda doğma meydanda “İnter”lə üz-üzə gələn komanda qələbə qazanacağı halda digər oyunun nəticəsindən asılı olmayaraq qrupdan çıxacaqdı. Amma son dəqiqədə qaydalar çərçivəsində vurduğu qolu çexiyalı hakim Miroslav Zelinski tərəfindən qeydə alınmayan “Qarabağ” məcburi şəkildə heç-heçə ilə barışmalı olmuşdu. Digər oyunda qələbə qazanan “Dnepr” isə ağdamlıları geridə qoyaraq qrupdan çıxan tərəf olmuşdu.

Növbəti 2015/2016 mövsümündə də son tur həlledici xarakter daşıyırdı. J qrupunda “Tottenhem” (İngiltərə), “Monako” (Fransa) və “Anderlext”lə (Belçika) birlikdə mübarizə aparan Azərbaycan çempionu sonuncu turdan əvvəl bir qələbə, bir heç-heçə və üç məğlubiyyətlə 4 xal toplasa da, qrupdan çıxmaq şanslarını saxlayırdı. Belə ki, “Qarabağ” səfərdə “Anderlext”ə qalib gələcəyi halda xalını 7-yə yüksəldəcək, buna qədər 7 xalı olan rəqibini öz aralarındakı oyunların nəticəsinə görə geridə qoyacaq, qrupdakı digər oyunda, “Tottenhem”-“Monako” matçında ingilislərin qələbəsi ilə ikinci yeri tutub qrupdan çıxacaqdı. Belçikalıların da qrupda ikinci olmaq üçün mütləq qələbəyə ehtiyacı var idi. Belçikadakı matçda 2:1 hesablı qələbə qazanan “Anderlext” növbəti mərhələyə adlamış, “Qarabağ” isə “Tottenhem”ə 1:4 hesabı ilə uduzan “Monako” (6 xal) ilə birlikdə qrupda qalmışdı.

Avroliqanın 2016/2017 mövsümü də kifayət qədər dramatik sonluqla yekunlaşmışdı. “Fiorentina” (İtaliya), PAOK (Yunanıstan) və “Slovan” (Liberets, Çexiya) ilə birlikdə J qrupunda yer alan “Qarabağ” son turdan əvvəl 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə 7 xal toplamış, eyni xala malik, amma ikili oyunlarda üstələdiyi PAOK-la birlikdə ikinci yerin sahibi kimi qrupdan çıxmağa iddia edirdi. Son turda Tofiq Bəhramov adına Respublika stadionunda “Fiorentina” ilə üz-üzə gələn Qurban Qurbanovun komandası italiyalı rəqibinə 1:2 hesabı ilə məğlub olunca paralel keçən oyunda “Slovan”ı 2:0 hesabı ilə yenən PAOK 10 xalla “Fiorentina”nın ardınca qrupdan çıxan komanda olmuşdu.

2017/2018 mövsümü isə Azərbaycan futbol tarixinə daha bir ilklə düşmüşdü. Birinci dəfə hansısa bir Azərbaycan təmsilçisi Çempionlar Liqasının qrup mərhələsində oynamağa haqq qazanmışdı. “Qarabağ” “Roma” (İtaliya), “Çelsi” (İngiltərə) və “Atletiko” (Madrid, İspaniya) ilə birlikdə C qrupunda mübarizə aparmalı idi. Qrup mərhələsinə “Çelsi”dən aldığı 0:6 hesablı ağır məğlubiyyətlə start verən Ağdam klubunun gücü “Atletiko”ya çatmışdı. Hər iki oyunda Madrid klubunu büdrətməyi bacaran Qurban Qurbanovun komandasının son tur ərəfəsində 2 xalla qrupda qalacağı bəlli idi. “Qarabağ”ı hətta səfərdə “Roma” üzərində qələbə belə, sonuncu yerdən xilas etməyəcəkdi ki, xəyal edilən möcüzə də gerçəkləşmədi. Azərbaycan çempionu sözügedən avrokubok mövsümünü 0:1 hesablı məğlubiyyətlə başa vurdu.

2018/2019 mövsümündə yenidən qitənin ikinci nüfuzlu turnirinə dönən “Qarabağ” E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) ilə mübarizə apardı. Sonuncu tur ərəfəsində keçirdiyi 5 oyunda cəmi 1 qələbə qazanıb 4 dəfə məğlubiyyətə üzülmüş ağdamlılar o mövsüm Avroliqa səhnəsini Londonda “Arsenal”a 0:1 hesablı məğlubiyyətlə tərk etdilər.

Növbəti – 2019/2020 mövsümündə növbəti dəfə Avropa Liqasında boy göstərən Azərbaycan çempionu A qrupunda “Sevilya” (İspaniya), APOEL (Kipr) və “Düdelanj” (Lüksemburq) ilə birlikdə yarışdı. Son tur ərəfəsində APOEL-in 7, “Qarabağ”ın isə 1 qələbə, 2 heç-heçə və 2 məğlubiyyətlə 4 xalı var idi. Ağdamlılar hətta son oyunda doğma meydanda “Düdelanj”a qalib gəlib, APOEL “Sevilya”ya uduzsaydı belə, ikili oyunların nəticələrinə görə, kiprlilər daha ön pillədə yer alacaqdılar. Bu səbəbdən iddiasız və hədəfsiz çıxdığı sonuncu matçda səfərdə darmadağın etdiyi (4:1) “Düdelanj”la evdə bacarmayan “Qarabağ” (1:1) qrupu 5 xalla üçüncü pillədə başa vurdu.


Koronavirus pandemiyası dönəminə düşən 2020/2021 mövsümündə hər kəsin fikri Vətən müharibəsində, işğaldan azad olunan torpaqlarımızda olduğu üçün budəfəki uğursuzluq çox da diqqət çəkmədi. Üstəlik, ölkədə müharibə getməsi ilə əlaqədar UEFA-nın verdiyi qərarla ev oyunlarını qardaş Türkiyədə keçirən “Qarabağ” “Vilyareal” (İspaniya), “Makkabi” (Tel-Əviv, İsrail) və “Sivasspor”la birlikdə yer aldığı qrupu 1 xalla sonuncu pillədə başa vurdu. Qrupun son matçında səfərdə “Vilyareal”la qarşılaşmalı olan ağdamlılar ölkədəki müharibə vəziyyəti və koronavirus pandemiyası ilə əlaqədar formal xarakter daşıyan oyuna çıxmaqdan imtina etdikləri üçün texniki məğlubiyyət aldılar.

2021/2022 mövsümündə yeni yaranmış UEFA Konfrans Liqasında mübarizə aparan Ağdam klubu “Bazel” (İveçrə), “Omoniya” (Kipr) və “Kayrat” (Qazaxıstan) ilə birlikdə H qrupunda yer almışdı. Son tur ərəfəsində 3 qələbə və 2 heç-heçə ilə 11 xal toplamış “Qarabağ” özü ilə eyni xala malik “Bazel”lə səfər oyununa yollandı. İki komanda arasında Bakıda keçirilmiş görüş 0:0 hesabı ilə bitdiyi üçün səfərdə qazanılacaq istənilən qollu bərabərlik və ya qələbə “Qarabağ”ı qrup mərhələsinin qalibi kimi növbəti tura aparacaqdı. Amma həlledici görüşün ilk dəqiqələrində qaydalar çərçivəsində vurulmuş təmiz qolu xorvatiyalı baş hakim Fran Yoviç tərəfindən qeydə alınmayan “Qarabağ” yekunda 0:3 hesablı məğlubiyyətlə ilk dəfə bir avrokubok turnirində qrupdan çıxmağı bacarsa da, ənənəsinə sadiq qalaraq mərhələni məğlubiyyətlə başa vurdu.


Göründüyü kimi, bu və ya digər səbəbdən, ya hakim haqsızlığı, ya motivasiyasızlıq, ya da son oyunun verdiyi gərginliklə həlledici matçlarda qələbə həsrəti düz 8 ildir ki, davam edir.

Psixoloji təzyiq altındakı komanda

Sözügedən uğursuz seriyanın bu oyunda komandaya təzyiq yaradıb-yaratmayacağı ilə bağlı Qurban Qurbanova ünvanladığımız suala təcrübəli baş məşqçi belə cavab verdi:

“Keçmişə qayıtmaq istəmirik. Qarşıda bizi “Frayburq”la matç gözləyir. Belə hallara önəm vermirəm. Uğursuz seriyamızın olması düşüncəsində deyiləm. Bizi maraqlandıran “Frayburq”la sabahkı matçdır. Qarşımızda yaxşı, intizamlı rəqib var. Alman komandasıdır. Bütün fikrimiz bu oyundadır. Ən yaxşı oyunlarımızdan birini keçirmək istəyirik”.


Reallıq isə budur ki, hər nə qədər Qurban Qurbanov bu nüansın onlar üçün çətinlik yaratmayacağını bildirsə də, istənilən halda komandanın üzərində bir gərginlik var. Xüsusilə də həlledici görüşlərdə yaranan həmin psixoloji baryeri aşmaq həmişə mümkün olmur. Bu, təkcə qruplardakı son oyunlarda deyil, təsnifat mərhələlərinin taleyüklü qarşılaşmalarında da özünü göstərib. Ya hansısa oyunçu kritik fərdi səhvə yola verib, ya hansısa məqamda hakim təzyiqi komandanı “sındırıb”, ya da baş məşqçi lazımi anda gərəkli müdaxiləyə gecikərək yekunda komanda istədiyi nəticəni əldə edə bilməyib.

Xüsusilə “Nant”la oyundan sonra “Qarabağ”ın üzərində bir təzyiq olduğu, kollektivin ayrı-ayrı üzvlərinin psixoloji gərginliyə məruz qaldıqları aydındır. İstər mətbuatda, istərsə də sosial şəbəkələrdə yazılanlar futbolçulara da təsir edir və onların fikirlərində, yanaşmasında müəyyən rol oynayır. Baş məşqçinin jurnalistlərlə söhbətində bu nüansı qabartması təsadüfi deyildi. Görünür, komandadakı vəziyyət elə həddədir ki, hətta soyuqqanlılığı, təmkini ilə seçilən Qurban Qurbanov belə, bunu qeyd etməyi lazım bilib.

Bu təzyiq və psixoloji gərginlik budəfəki həlledici oyunda komandaya qələbə qazanmaqda mane olmasa, Azərbaycan futbol tarixində ilk dəfə hansısa komanda qitənin ən nüfuzlu ikinci turnirində qrupdan çıxmağı bacaracaq. Bu isə daha bir baryerin aşılması, yeni hədəflərə açılan növbəti yolun başlanğıcı olacaq.

“Report” İnformasiya Agentliyi