Azərbaycan Premyer Liqası: “Neftçi” ili qələbə, “Sabah” darmadağınla başa vurub – VİDEO

İdman

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

“Report”un məlumatına görə, açılış oyununda “Neftçi” “Şamaxı”nı qəbul edib.

“Bakcell Arena”da keçirilən görüş “ağ-qaralar”ın qələbəsi ilə başa çatıb – 3:0.

Hesabı 41-ci dəqiqədə İsmayıl Zülfüqarlı açıb. 21 yaşlı yarımmüdafiəçi kapitan Emin Mahmudovun ideal ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Digər qol 52-ci dəqiqədə vurulub. Qonaqlardan Fuad Bayramov topu öz qapısından keçirib. Qarşılaşmada son nöqtəni isə paytaxt təmsilçisinin gənc futbolçusu Ağadadaş Salyanski qoyub. O, 89-cu dəqiqədə rəqib qapıçı ilə üzbəüz dueldən qalib ayrılıb.

Bu qələbədən sonra xallarını 38-ə çatdıran “Neftçi” 3-cü pillədəki mövqeyini qoruyub. 13 xalı olan “Şamaxı” isə 7-ci sırada qalıb.

Günün digər oyununda “Sabah” “Sumqayıt”ın qonağı olub. Oyun qonaqların darmadağın hesablı qələbəsi ilə yekunlaşıb – 6:0.

Hesabı 3-cü dəqiqədə Emmanuel Apeh açıb. 11 dəqiqə sonra Coy Lens Mikels fərqi artırıb. 28-ci dəqiqədə Aleksey Kaşuk rəqibi növbəti dəfə cəzalandırıb. 33-cü dəqiqədə Elvin Camalov 4-cü topu meydan sahiblərinin qapısından keçirib. 77-ci dəqiqədə Anatoli Nuriyev “gənclik şəhəri” təmsilçisini 5-ci dəfə məyus edib. Qarşılaşmada son nöqtəni isə 85-ci dəqiqədə Davit Volkov qoyub.

Bu qələbə ilə xallarını 43-ə çatdıran “Sabah” qış fasiləsinə 2-ci pillədə yollanıb. 12 xalı olan “Sumqayıt” isə 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun “Qəbələ” – “Turan Tovuz” və “Səbail” – “Qarabağ” oyunları dekabrın 24-də, “Zirə” – “Kəpəz” görüşü isə dekabrın 25-də gerçəkləşəcək.