“İlin idman yekunları”: Bütün nominasiyalar üzrə qaliblər açıqlandı

İdman

Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “İlin idman yekunları” adlı qala mərasimində bütün qaliblər açıqlanıb.

“Report”un məlumatına görə, son olaraq daha 5 nominasiya üzrə fərqlənənlər bəlli olub.

İlin kəşfi nomnasiyasında şahmatçı Gövhər Beydullayeva bütün rəqiblərini geridə qoyub. Şahmatçı Abdulla Qədimbəyli ikinci, üzgüçü Ramil Vəlizadə üçüncü yeri tutub.

“Real TV”dən Gəray Qiyasov ilin ən fəal idman jurnalisti seçilib. Onu “azerisport.com” saytından Zəki Feyzullayev və ATV telekanalından Sənan Şəfizadə izləyib.

İlin idman fotoqrafı adına Gənclər və İdman Nazirliyinin əməkdaşı Dilavər Nəcəfov layiq görülüb. Azərbaycan Gimnastika Federasiyasından Valeri Xlızov ikinci, Trend Beynəlxalq İnformasiya Agentliyindən Zaur Mustafayev üçüncü olub.

İlin idman filmi nominasiyasında “Uğurlar – Elçin Əsədov” filmi ilk pilləni tutub. “Əvvəl və sonra (Kifayət Qasımova)” filmi ikinci, “Sağlamlıq idmandan, idman isə gimnastikadan başlayır” filmi isə 3-cü sırada qərarlaşıb.

Nəhayət, ilin idman media qurumu nominasiyası üzrə İctimai TV qalib elan olunub. “CBC Sport” ikinci, “İdman TV” isə üçüncü yerlə kifayətlənib.

İlin ən yaxşı qadın idmançısı qılıncoynatma üzrə Avropa çempionu və dünya çempionatının gümüş medalçısı Anna Başta seçilib. IV İslam Həmrəyliyi Oyunlarının qalibi, V İslam Həmrəyliyi Oyunlarının üçqat qızıl, gümüş və bürünc mükafatçısı, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova üçüncü olub.

İlin ən yaxşı kişi idmançısı nominasiyasında yunan-Roma güləşçisi Eldəniz Əzizli bütün rəqiblərini qabaqlayıb. Şahmatçı Abdulla Qədimbəyli ikinci, cüdoçu Hidayət Heydərov üçüncü yeri tutub.

İlin ən yaxşı qadın komandası adına bədii gimnastika üzrə qrup hərəkətləri komandası layiq görülüb. Voleybolçulardan ibarət yığma ikinci, qılıncoynatma üzrə milli komanda üçüncü yerlə kifayətlənib.

Ən yaxşı kişi komandaları arasında “Qarabağ” futbol klubu qalib olub. Mini futbol üzrə yığma ikinci, 3×3 basketbol millisisi üçüncü yeri tutub.

İlin ən yaxşı baş məşqçisi “Qarabağ”a rəhbərlik edən Qurban Qurbanov seçilib. Onu yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanov və bədii gimnastika üzrə yığmanın çalışdırıcısı Siana Vasileva izləyib.

Futbol üzrə FIFA referisi Əliyar Ağayev ilin ən yaxşı hakimi adına layiq görülüb. Cüdo hakimi Nazim Umbayev ikinci, boks hakimi Anar Babanlı isə üçüncü olub.