Bu gün publisist Əli bəy Hüseynzadənin doğum günüdür

Mədəniyyət

Azərbaycanın mütəfəkkir yazıçısı, publisist və ədəbiyyat tənqidçisi Əli bəy Hüseynzadənin doğum günüdür.

Publisist 1864-cü il fevralın 24-də Salyanda anadan olub. Əslən Sabirabad rayonunun Quruzma kəndindəndir. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçüb. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan ana babası Axund Əhməd Səlyaninin himayəsində böyüyüb. 1875-1885-ci ildə Tiflis gimnaziyasında təhsil alıb. Uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənib.

XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olub. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib, bu sahələrin hər birində özünəməxsus iz qoyub. XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri olub.

1885-ci ildə Sankt-Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olub, həm də şərq fakültəsində görkəmli professorların mühazirələrini dinləyib.

Burada dövrün məşhur elm xadimləri – Dmitri Mendeleyev, Yeqor Vaqner, Nikolay Menşutkin, Nikolay Beketov, Valentin Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olub, “xalqçılar” hərəkatına rəğbət bəsləyib. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalıb.

Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gedib və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoveneroloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanıb. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedib. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilib. O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və “İttihad və tərəqqi” partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunub.

Ə.Hüseynzadə bütün şüurlu ömrü boyu öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ etmiş, türkün tərəqqisi naminə öz parlaq istedadının bütün gücü ilə çarpışıb.

Türkiyədəki təqiblərdən sonra Azərbaycana qayıdan Ə.Hüseynzadə “Kaspi” qəzeti ilə əməkdaşlığa başlayıb, publisistik yazılarını dərc etdirib və “Gənc türkçülük nədir?” adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayıb.

Ə.Hüseynzadə bu zaman islahatçı-reformist ideya adamı kimi tanınır. Az sonra o, dövrünün məşhur teoloq alimi, ictimai xadim və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə “Həyat” qəzetinin nəşrinə başlayıb. Bu qəzet Ə.Hüseynzadəni Azərbaycana “ağırbaşlı” filosof, “sədrə şəfa verən” sözlər (ağla qida verən sözlər) söyləyən mütəfəkkir kimi tanıdıb. Onun səhifələrində əsərlərini dərc etdirməklə ictimai-mədəni mühitə yeni ab-hava gətirib, ümumxalq dünyagörüşünün məntiqi əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışıb.

XX əsrin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat nümunələri əhəmiyyətli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi də həmin tarixi mərhələnin məhsuludur. “Füyuzat” jurnalı və onun redaksiya heyətinin xidmətləri bu mənada diqqətəlayiqdir. Çünki onlar yalnız bir jurnal nümunəsi nəşr etməklə məhdudlaşmayıblar, füyuzatçılıq xətti-hərəkatını, “Füyuzat” jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk ediblər.

“Füyuzat”da Əli bəy Hüseynzadə məqalələrinin birində yazıb:

“Bizə fədai lazımdır! Türk hissiyyatlı, islam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!” Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirildi və “Tazə həyat”, “İrşad”, “Yeni füyuzat”, “Həqiqət”, “Tərəqqi”, “İqbal”, “Sədayi-həqq”, “Şəlalə”, “Açıq söz”, “Bəsirət”, “Qurtuluş”, “Dirilik”, “Azərbaycan”, “Övraqi-nəfisə” mətbuat orqanları tərəfindən “Türkləşmək, islamlaşmaq, müasirləşmək” – Azərbaycançılıq şəklində formulə edilərək təbliğ olundu”.

Əli bəy Hüseynzadənin İslam-Türk millətlərin ayağa qalxması və müasirləşməsində üç düstura görə hərəkət edilməsinin zəruriliyini iddia etdiyini bildirən Hilmi Ziya Ülkən bu düsturun Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq olduğunu yazıb: Bu üçlü görüş daha öncə bir az qeyri-müəyyən, sistemsiz bir şəkildə Əli Suavi tərəfindən irəli sürülüb və müdafiə edilib. Fəqət Əli Suavi, hələ Türkçülüyün oyanmadığı və Namiq Kamalın Osmanlı-İslam görüşünün hakim olduğu bir dövrdə yaşadığı üçün fikirləri unudulub. Əli bəy Hüseynzadənin təklifi tam zamanında verilib.

Əli bəy Hüseynzadənin Türkçülüyə dair baxışlarının Ziya Gökalpa təsiri ilə əlaqədar məsələlər Hilmi Ziya Ülkənin yaradıcılığında parlaq şəkildə öz əksini tapıb: 1905-ci ildə Tiflisdə Əli bəy Hüseynzadə tərəfindən irəli sürülən Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq fikri, 1911-ci ildə hərarətli tərəfdarlar tapıb. Ziya Gökalp “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” adlı məqalələrini və 1918-ci ildə bu məqalələrdən ibarət kitabını çıxarıb. Fəqət məqaləsində Əli Suavinin, bu son əsərdə də Hüseynzadənin adları çəkilməyib. Bununla birlikdə, Gökalp, Əli bəy Hüseynzadənin dəyərini anlamışdı və onu “Yalavaç” adlandırıb. “Yalavaç” sözü isə peyğəmbər, gələcəyi xəbər verən, müjdəçi və s. kimi mənaları daşıyıb.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin həmin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.

Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadəni gənclərin qayğısına qalan, onlara yol göstərən bir insan kimi xarakterizə edib. Mütəfəkkir siyasi həyata dalmış olan Ziya Gökalpa yaxınlaşmanın çətin  olduğunu bildirərək göstərib: Məhz bu sırada Hüseynzadə, türkçülərin rəhbərlərindən və bizi dinləyən, yol göstərən biricik insan olub.

Ə.Hüseynzadə həmçinin Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alıb və bir sıra portret və mənzərələrin müəllifidir. Onun rəsmləri Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır.

Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əli bəy Hüseynzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir