Teymurun məzarı, 18 metrlik qəbri olan peyğəmbər, arzuların 36 pilləkəni – Səmərqəddən REPORTAJ + FOTO

Mədəniyyət

Oktyabrın 4-də, gecə saatlarında “Azərbaycan Hava Yolları”nın Bakıdan yola düşən ilk reysi Səmərqənd hava limanına eniş etmişdi. Bu barədə sizə məlumat vermişdik. İki şəhər arasında reyslər həftədə iki dəfə həyata keçiriləcək. Həmin bu reyslə Özbəkistana səfər edən sərnişinlər arasında bir qrup media nümayəndəsi də olub.

İlk reysin sərnişinləri arasında olan Azərbaycandan olan jurnalist və bloqerlər üçün AZAL və “Fly Khiva Group”un birgə təşkilatçılığı ilə Özbəkistanın ikinci ən qədim şəhəri olan Səmərqəndə üç günlük mediatur təşkil edilib.

Oxu.Az-ın əməkdaşının da iştirak etdiyi səfərdən hazırlanan reportajı təqdim edirik:

Səmərqənd dünyanın ən qədim şəhərlərindən biridir.  Belə ki, 2 750 yaşı olan şəhər “İpək yolu” üzərində yerləşir. Özbəkistanda bu şəhəri “Şərqin mirvarisi” adlandırırlar. Turistlər üçün şəhərin özü ilə yanaşı, təqdimatı da ayrı bir təəssürat yaradır. Başdan-başa tarix dolu Səmərqəndə gəldiyimiz gün istirahət etdik.

Səfərin növbəti günündən başlayan və üç gün davam edən ekskursiyanın ilk ünvanı Əmir Teymurun məqbərəsi və Registan meydanı oldu.

Şəhərin ilk olaraq havasından danışım. Oktyabr ayı olsa da, bu ərəfədə səfər etsəniz, yaz havasını görəcəksiniz. Şəhər qədimliyi ilə insanı ovsunlayır. Daha dəqiq desək, orta əsrlər dövrünü araşdırmaq istəyən, maraqlı olan şəxslər heç düşünmədən Səmərqəndə səfər edə bilərlər.

Səfərlərin ilk gününü bələdçimiz Nərgiza xanım oldu. O, bizə Səmərqənd mədəniyyəti, oranın mədəni-irsi və tarixi məkanları barədə danışdı. Hər birini ziyarət etmək üçün zamanımız olmasa da, çox maraqlı faktlar danışdı.

İlk olaraq Əmir Teymurun məqbərəsinə doğru gedirik, özbəklər bura “Qur-Əmir” deyirlər. Məqbərə adını daşıdığı Əmir Teymurun əzəmətinə layiq inşa edilib. Deyilənə görə, məqbərənin ətrafında daha bir məqbərənin inşası gözlənilsə də, buna nail ola bilməyiblər. Çünki, şəhərin paytaxt elan edilməsi ilk dəfə məhz Əmir Teymurun dövrünə təsadüf edib. Bu səbəbdən də xalq ona tarixin ən fəal sərkərdəsi kimi pərəstiş edir.

Nərgiza xanım deyir ki, məqbərənin içərisində Əmir Teymurun məzarı ilə yanaşı, onun oğlanlarının və nəvələrinin də məzarları var. Vəsiyyətinə əsasən, Əmir Teymuru öz müəlliminin ayaqları altında dəfn ediblər. Onun övladlarını isə sanki ağac budaqları kimi bir-birinin ardınca torpağa basdırıblar.

Tarixi mənbələrdə Əmir Teymurun 1 405-ci ildə qəfil vəfat etdiyi qeyd edilib. Bəzi mənbələrdə onun ölümündən əvvəl doğulduğu Keş şəhərində olduğu düşünülsə də, özü Səmərqənddə dəfn olub. Təəssüf ki, bizi məzarların olduğu zirzəmiyə buraxmadılar. Lakin israrla iddia edilir ki, onların sümükləri doğurdan da bu gördüyümüz yerin altında zirzəmidə dəfn edilib.

(Əmir Teymurun məzarı qara mərmərlə işlənib)

Əmir Teymurun yanında övladları –  Şahrux və Miran şah, nəvələri Uluqbəy və Məhəmməd Sultan, Mir Səid Baraka və Teymurilər sülaləsinin bir neçə başqa nümayəndəsi dəfn olunublar.

Məqbərənin bir qədər uzaqlığında Registan meydanı yerləşir. Nərgiza xanım deyir ki, bu meydan tarixi şəhərin simvolu kimi tanınır. Burada XV-XVII əsrlərə aid üç mədrəsə – Uluqbəy (1 420), Şerdor (1 636) və Tilya-Kari (1 660) mədrəsələri yerləşir. Burada tarix boyu İslam dini təbliğ edilib. Mədrəsələrdə restavrasiya işləri aparılsa da, bəzi hissələr var ki, onlar tikildiyi tarixdən olduğu kimi günümüzə gəlib çatıb.

Xüsusi qeyd, bu memarlıq kompleksi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Buranın özünəməxsus bir atmosfer var. İnsan özünü sadəcə nağıllar aləminə düşmüş kimi hiss edir. Nərgiza xanım deyir ki, irəlidə görünən Bibixanım məscididir. Bibixanım Əmir Teymurun ən sevimli xanımı olub və onun şərəfinə hələ sağlığında məscid tikdirib. Məscid inşa olunanadək Əmir Teymur bilavasitə özü hər şeyə nəzarət edib. Bibixanım məscidi bu gün bütün müsəlman dünyasının ən möhtəşəm məscidlərindən biri hesab edilir.

Qarışıq duyğular yaşadan isə proqram üzrə ekskursiyaların ardıcıllığı idi. Məqbərədən sonra gedirik bazara…

Şərqin əvəzolunmazı alış-veriş…

Şərq insanı hər zaman alış-verişə maraqlı olub. Bir də düşünün Səmərqənd kimi şəhərə gəlib, oradan əliboş qayıtmaq olarmı? Təbii ki, olmaz. Burada təmiz ipəkdən kəlağayılar, müxtəlif çeşnilərlə toxunan xalçalar, kilimlər, şallar var idi. Ustalar əyani sürətdə hazırlanan unikal əl işlərini nümayiş etdirirdilər. Hər bir işləmənin özünün tarixi, simvolları olduğunu bilmək və yadda saxlamaq heç də asan deyil. Lakin bu ustalar hər şeyi o qədər əzbərdən deyirdilər ki, düşünürdün ki, qarşılarında bizim görmədiyimiz xronoloji ardıcıllıq var.

Burada ölkənin bütün bölgələrinin xüsusiyyətlərini özündə əks etdirən 40 sənətkarlıq emalatxanası var. Ustalar ziyarətçilərin qarşısında ağac üzərində oyma, dulusçuluq, ipək kağız, zərgərlik və xalçaçılıq üzrə ustad dərsləri keçirlər. Xüsusilə Riştan keramika, Buxara qızıl tikmələri, Qaraqalpaq yurdları, Margilan atlası kimi tətbiqi sənət inciləri təqdim olunur.

Eyni zamanda bazarda zəhmətkeş kəndlilərin, əməksevər fermerlərin yetişdirdiyi tərəvəz, meyvə və hazırladıqları əsasən quru meyvə məhsulları satılır. Piştaxtalar və kiçik mağazalar məhsullara görə çeşidlənib. Bazarda daha çox isə qurudulmuş meyvələr, yerli şirniyyatlar, qoz-fındıq, badam, müxtəlif növ ədviyyatlar satılırdı. Nəinki turistlər, hətta paytaxt sakinləri də bu məhsullar üçün mərkəzdə olan mağazalara deyil, məhz bazara gəlir. Harada olur-olsun bazar hər zaman bazardır. Satıcılara da “bazar olsun” deyib, ərazidən çıxırıq.

Diləkləri gerçəkləşdirən 36 pilləkan…

Növbəti ekskursiya üçün bələdçimiz Rövşanə xanımdır. O, bizi rəssamlarımızın rəsmləri ilə divarları bəzədilən tarixi şəhərin “Şahi-Zinda” məqbərəsi ilə tanış edir. Fars dilindən tərcümədə “Canlı şahid” mənasında olan “Şahi-Zinda” göy və mavi tonlarda bəzədilmiş nadir orta əsr nekropoludur.

Deyilənə görə, buradakı məzarlar Teymurilər sülələsinin qadınlarına aiddir. Burada maraqlı məqam var ki, bu da məqbərəyə aparan 36 pilləkəndir. Rövşanə xanım deyir ki, bu pilləkənlərin qəribə bir sehri var. Hər kəs pilləkənləri çıxarkən və düşərkən tutulan arzuların sayı ilə pillələrin sayını üst-üstə gətirə bilsə, diləklərinin gerçək olacağına inanılır. Hətta diləyi gerçək olduğu halda burada qurban kəsənlər belə olub. Dilək tutdummu? Tutdum. Gerçək olarsa, mütləq bu sehrin gerçəkliyinə inanaram, amma hələlik bu, sadəcə mifdir…

“Şahi-Zinda” məqbərəsi üzərindəki işləmələrin bir qisminin Azərbaycan rəssamlarının işləri olduğu deyilir. Sırf bunun üçün belə bu məqbərəni ziyarət etməyə dəyər. Səmərqəndə səfər etmək istəyənlər proqrama və gəzməli-görməli yerlərin siyahısına buranı əlavə etsinlər.

Müqəddəs Danielin 18 metrlik qəbri…

Tarixi şəhərin müəmmalı və inanc yeri olan məkanlarından biri də özbəklərin Xoca Daniyar dedikləri məqbərədir. Yəni, “Müqəddəs Daniel”.  İnsanlar inanırlar ki, Daniel şəfalı olub. Məqbərə özü kifayət qədər mistikdir. Üstəlik məqbərənin girişində sağ tərəfdə dağdan gəldiyi iddia edilən şəfalı su axır. Özbəklər deyirlər ki, bu sudan içmək və ya əl-üzünə çəkmək uğur gətirir.

Hər kəsə maraqlı olan isə müqəddəs Danielin qəbrinin 18 metr olmasıdır. Rəvayətə görə, İncildə adı keçən peyğəmbər Danielə (Daniyar) müsəlmanlar, xristianlar və yəhudilər sitayiş edidilər. İnanılır ki, onun parçaları müxtəlif dövrlərdə tapılıb və gətirilərək burada dəfn edilib. Lakin onun qalıqlarının qəbrin məhz hansı hissəsində olduğu tam olaraq bəlli olmadığı üçün insanlar 18 metrlik qəbrin ətrafında dövrə vururlar.

Bir neçə variant var, onlardan biri də Danielin müqəddəs olması səbəbindən öldükdən sonra sümüklərinin uzanmasıdır. Təbii ki, bu da bir ehtimaldır, lakin elmi cəhətdən bu iddiaların heç bir təsdiqi olmadığı üçün müəmmalı olaraq qalır.

Səmərqənddə bu gün də maraqlı arxeoloji qazıntılar aparılmaqdadır. Arxeoloqlar tərəfindən aşkarlanan tapıntılar bu gün də Səmərqənd Tarix Muzeyində qorunub saxlanılır. Həmin tapıntılar barədə məlumatlar hazırlanaraq kiçik lövhələr formasında muzeydə turistlər üçün nümayiş etdirilir.

Eyni zamanda burada kağız istehsalı prosesi ilə tanış olduq. Quru ağac budaqları götürülürərək sutka ərzində müəyyən məhlul içərisində saxlanılır. Daha sonra məhlulda tam islanan budaqların üz qabığı təmizlənərək içərisi qurudulması üçün xüsusi ayrılan lövhələrə asılır.

Tam quruduqdan sonra yenidən döyülərək əzilir və suya qatılır. Suda həll olan hissələr suyun üzərindən hazır qəliblərə hopdurularaq qurudulur. Quruyan kağızlar üzərində heç nə yazmaq mümkün deyil. Onların üzərində qeydlər aparmaq üçün xüsusi daşlarla üzərindəki çıxıntılar cilalanır. Yekunda bu kağızlar istifadə üçün yararlı hala gətirilir. Əslində Özbəkistanda heç kim bu kağızlardan istifadə etmir, lakin tarixi ənənə kimi qorunub saxlanılır.

Səfər barədə təəssüratlar yazmaqla bitməz, lakin bu günlük Səmərqənd səfərini burada bitirirəm. Necə deyərlər, 100 dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. “Azərbaycan Hava Yolları” iki şəhər arasında həftədə iki dəfə reyslər həyata keçirir. Fürsətdən yararlanıb tarixi şəhərə gəlin, hər şeyi canlı-canlı öz gözlərinizlə görün…

Könül Cəfərli

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir