Ordumuzun qısa vaxtda yazdığı uğur hekayəsi Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi

Xüsusi Xəbər

Silahlı Qüvvələrimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha bir missiyanı uğurla yerinə yetirdi. Azərbaycan Ordusu Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Ölkəmizin qısa müddətdə, cəmi bir gün ərzində təmin etdiyi zəfər yenilməz Ordumuzun imkanlarının növbəti təqdimatı oldu. Bu qələbəmiz sübuta yetirdi ki, Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaq. Dövlətimizin başçısının sentyabrın 20-də növbəti tarixi qələbəmizlə bağlı xalqa müraciəti harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları qürurlandırdı. Təqribən bir gün davam edən antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Prezident İlham Əliyev müraciətində lokal antiterror tədbirlərinə başlanmasını şərtləndirən amillərə diqqəti çəkərək dedi ki, bu tədbirlər nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli hərbi uğurlar əldə etdilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, Ermənistan dövlətinin Azərbaycan ərazisində qeyri-qanuni olaraq yerləşdirilmiş və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən yerinə yetirməli olduğu öhdəliyinə zidd olaraq bu günə qədər çıxarılmamış ordusunun böyük hissəsi tamamilə məhv edildi. Hərbi texnika məhv edilərək sıradan çıxarıldı. Qeyri-qanuni erməni silahlı dəstələrinin mövqelərdən çıxarılması, həmçinin Azərbaycanın şərtlərinə uyğun olaraq silahların təhvil verilməsi prosesinə başlanılıb. “Ölkəmiz lokal antiterror tədbirlərinə başlayanda bu prosesi hansı şərtlərdə dayandıra biləcəyini açıqlamışdı. Əks təqdirdə, tədbirlərin sona qədər davam etdiriləcəyi vurğulandı. Azərbaycan istədiyinə nail oldu, bütün şərtləri qəbul etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun çox qısa zamanda yazdığı uğur hekayəsi Silahlı Qüvvələrimizin peşəkarlığını, yüksək döyüş ruhunu, mükəmməl plan əsasında fəaliyyətini nümayiş etdirməklə yanaşı, Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqlədi.

Malik Həsənov əlavə edib ki, Vətən müharibəsinin gedişində də Azərbaycan dövləti hansı şərtlər daxilində müharibəni dayandıracağını açıqlamışdı. Azərbaycan hər zaman sülhün tərəfdarı olub. İstər 30 illik işğal, istərsə də tarixi Zəfərimizdən ötən 3 ilə yaxın dövrdə erməni tərəfinin törətdiyi təxribatlara nəzər salmaq kifayətdir. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Ermənistanın Azərbaycanın Qarabağ regiondakı qeyri-qanuni silahlı dəstələrin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsi, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, qeyri-qanuni silahlı qüvvələrin birləşmələrin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərimizə qayıdan dinc əhalinin və digərlərinin təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Prezident İlham Əliyev sözügedən müraciətində bir daha özlüyündə yaranan “Bu vəziyyətə gətirib çıxarmaq kimə xeyir gətirdi” sualına cavab olaraq vurğuladı ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan haqlı olaraq narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə səsləndi. Diqqətə çatdırdı ki, Ermənistan silahlı dəstələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Ermənistan rəhbərliyi əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir. Hətta ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyandan sonra Qarabağda 30 il at oynadan kriminal rejimin hansı statusu ola bilər?!

Deputat deyib ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olmaları, qarşıya qoyulan hədəflərə qısa zamanda nail olunması fonunda bölgəmizdə yeni vəziyyət yaranır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, zəhər yuvası artıq tarixdə qalır. Qarabağda yaşayan erməni əhalisi nəhayət rahat nəfəs ala bilər. Onlar tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki Azərbaycanın niyyəti sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır.

“Antiterror tədbirlərinin nəticələri sülh müqaviləsinin imzalanması üçün maneələri aradan qaldırır. Regionda davamlı sülh və təhlükəsizlik təmin edilir. Müzəffər Ali Baş Komandan xalqa tarixi müraciətində bir daha bizə xor baxanlara, torpağımıza göz dikənlərə, uğurumuzu həzm edə bilməyənlərə “Qarabağ Azərbaycandır!” mesajını çatdırdı”, – deyə M.Həsənov əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir