İşçi qrupun üzvü: “Mixail Delyagin hüquqi məsuliyyətə cəlb edilməlidir”

Siyasət

“Rusiyanın dövlət telekanalında yayımlanan “60 dəqiqə” verilişində Azərbaycana qarşı növbəti təxribat törədilib. Belə ki, Rusiya-Ukrayna müharibəsinin şərh olunduğu bir vaxtda Rusiya Dumasının komitə sədrinin müavini Mixail Delyagin ölkəmizə qarşı olduqca təxribat xarakteri daşıyan mövqe ortaya qoyub”.

Bunu “Report”a Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü, Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, rusiyalı deputatın mövqeyinin proqramda müzakirə edilən məsələyə heç bir aidiyyəti olmayıb:

“Mixail Delyagin hədələyici dillə Azərbaycanı guya ki, Ermənistanla razılaşdırılmış atəşkəs rejimini pozmaqda ittiham edib. O, həmçinin ölkəmizi Ermənistana qarşı aqressiv hərəkətlərə yol verdiyini də bildirib və Azərbaycanı Türkiyənin əlaltısı da adlandırıb. Bu fikirlərin Rusiyanın dövlət telekanalında deputatın dilindən səsləndirilməsi təəssüf doğurur. Bu şəxs onun fərqindədir ki, Azərbaycan və Rusiya münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib”.

İşçi qrupun üzvü qeyd edib ki, bu məsələ ilə bağlı Rusiya Dövlət Dumasının rəhbərliyinə məlumat verilməlidir:

“Rusiya-Azərbaycan münasibətlərinə kölgə salan, xələl gətirən, terrorçuluğu təbliğ edən, Azərbaycan dövlətinə qarşı həqarətli ifadələr işlədən bu deputata qarşı hüquqi müstəvidə addımlar atılmalıdır və o, hüquqi məsuliyyətə cəlb edilməlidir”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir