ABŞ-ın səfirliyindən Oklahomanın Azərbaycanla əməkdaşlığının 20 illiyi ilə bağlı PAYLAŞIM – FOTO

Siyasət

ABŞ-ın Azərbaycandakı səfirliyi Oklahoma ştatının Azərbaycan ilə əməkdaşlığının 20 illiyini qeyd etməsi ilə bağlı paylaşım edib.

Səfirliyin “Facebook” səhifəsində edilən paylaşımda deyilir:

“ABŞ-ın Oklahoma ştatı ilə “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində qurulmuş əlaqələrin 20 illiyi münasibətilə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim bu ştata səfər edib. Səfər çərçivəsində Oklahoma ştatının qubernatoru Con Kevin Stitt, Oklahoma Milli Qvardiyasının briqada generalı Tomas Mançino, kənd təsərrüfatı katibi Bleyn Artur və ticarət katibi Skot Müller ilə görüşlər keçirilib. Xəzər İbrahim həmçinin Qlobal Araşdırmalar və Tərəfdaşlıq Məktəbinin qonağı kimi Oklahoma Dövlət Universitetinə də baş çəkərək, professor-müəllim heyəti və tələbələrlə söhbət etmək, universitet rəhbərliyi ilə görüşmək imkanı əldə edib.

Azərbaycan Dövlət Aqrar Universiteti və Oklahoma Dövlət Universiteti 2021-ci ilin iyul ayında Gəncə şəhərində Beynəlxalq Kənd Təsərrüfatı magistratura səviyyəsində ikili diplom proqramı üzrə əməkdaşlıq memorandumu imzalayıblar. ADA Universiteti də Oklahoma Dövlət Universiteti ilə tələbə mübadiləsi müqaviləsi sahəsində əməkdaşlıq edir. Oklahoma ştatını təmsil edən ilk tələbə qrupu gələn payız semestrində Azərbaycana səfər edəcək.

X.İbrahimin səfərindən əlavə, Oklahoma Milli Qvardiyasının dəvəti ilə Azərbaycan Müdafiə Nazirliyinin 5 zabiti Oklahoma ştatında keçirilmiş “Yaralıların toplama məntəqəsindən tibbi təxliyəsi” adlı tədbirdə iştirak etmişdilər. Oklahoma Milli Qvardiyası və Azərbaycanın Müdafiə Nazirliyi son 20 il ərzində zabitlərin inkişafı, tibbi əməliyyatlar, logistika, aviasiya təhlükəsizliyi və kibermüdafiə sahəsində çoxsaylı mübadilələr proqramları vasitəsilə əməkdaşlıq ediblər. Azərbaycan ilə Oklahoma ştatı arasında belə sıx əməkdaşlığı görməkdən çox məmnunuq”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir