Prezident: “Mən çox şadam ki, Azərbaycan sahibkarları böyük həvəslə, ürəklə bu işlərə qoşulurlar”

Siyasət

“Mən Ağdam və Cəbrayıl rayonlarında iki sənaye parkının təməlini qoymuşam və bu yaxınlarda iqtisadiyyat naziri mənə orada görüləcək işlər barədə məruzə etmişdir. Maraq böyükdür, yerli şirkətlər çox böyük maraq göstərirlər və mən əminəm ki, yaxın, bəlkə də 1-2 ilə, 3 ilə o parklar üçün nəzərdə tutulmuş çox böyük ərazi bəlkə çatmaya da bilər. Ona görə mən çox şadam ki, Azərbaycan sahibkarları böyük həvəslə, ürəklə bu işlərə qoşulurlar. Başa düşürəm ki, bəlkə də ilkin mərhələdə iqtisadi cəhətdən o qədər də böyük səmərə verməyəcək. Ancaq mən bunu onların necə deyərlər, vətəndaşlıq borcu kimi qəbul edirəm və şadam ki, onlar mənim çağırışıma cavab veriblər. Eyni zamanda, azad edilmiş bölgələrin potensialını, nəqliyyat yollarını nəzərə alaraq əminəm ki, bura qoyulan hər bir manat xeyir gətirəcək”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə yekun nitqində deyib.

“Beləliklə, keçmiş məcburi köçkünləri qaytarmaq üçün kompleks tədbirlər görürük. Yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları – biz planlı şəkildə bu işləri görəcəyik. Bu, ancaq azad edilmiş torpaqlarda bu il görüləcək işlərin siyahısıdır və əminəm ki, bütün planlar həyatda öz əksini tapacaq. Biz istədiyimizə nail olacağıq. Azad edilmiş torpaqlarda görülən işlərlə bağlı Azərbaycan xalqına bundan sonra da müntəzəm məlumat veriləcəkdir”, – dövlət başçısı qeyd edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir