Ceyhun Bayramov BƏƏ-nin yeni səfiri ilə görüşüb – FOTO

Siyasət

15 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Məhəmməd Əl Bluşini qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında birgə tarixi, mədəni, dini bağlara əsaslanan və möhkəm təməl üzərində qurulan əlaqələrin son 30 il ərzində əhəmiyyətli inkişaf yolunu keçdiyini məmnunluqla qeyd edib. İki dövlət arasında yüksək səviyyədə siyasi dialoqun mövcud olduğu, həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyi ifadə edilib.

Səfir Məhəmməd Əl Bluşi BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyanın salamlarını çatdırıb. O, Azərbaycanda diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini ifadə edib.

Tərəflər, ikitərəfli əlaqələrin bir sıra sahələrdə, o cümlədən alternativ enerji, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, turizm, mədən sənayesi, azad iqtisadi zonalar və digər istiqamətlərdə inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov səfirə bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, habelə iki ölkə arasında normallaşma prosesi və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafına dair Azərbaycanın baxışları barədə məlumat verib.

Səfir Məhəmməd Əl Bluşinin fəaliyyətinin Azərbaycan və BƏƏ arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə dair inam ifadə edilib və öz növbəsində Azərbaycan tərəfinin bütün lazımı dəstəyi göstərməyə hazır olduğu vurğulanıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir