Azərbaycan gəncliyi Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar nümayiş etdirdi

Siyasət

Prezident cənab İlham Əliyev Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edərkən, dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlının Qarabağın işğalı dövründə bu bölgəni unutmadıqlarını, qürbətdə olsalar da belə, Vətənin bu ayrılmaz hissəsi ilə daim nəfəs aldıqlarını, ən ağır vaxtlarda respublikamızın haqq səsini bütün dünyaya yaydıqlarını bildirdi. Dövlətimizin başçısı nitqində, həmçinin qeyd etdi ki, Qarabağın işğalçıdan xilas edilməsi təkcə Azərbaycanda yaşayan insanlarımızın deyil, həm də Vətəndən uzaqlarda məskunlaşan soydaşlarımızın 30 il ərzində ən müqəddəs arzusu idi. Ölkə rəhbəri çıxışında diqqətə çatdırdı ki, hamımız kimi, onlarda da Qarabağın, bu tarixi qurultayın keçirildiyi Şuşa şəhərinin işğaldan xilas olunacağına, məcburi köçkünlərin dogma dədə-baba yurdlarına dönəcəklərinə qəti əminlik vardı. Bu inamı, ümidi isə ordumuzun gündən-günə artan qüdrəti, xalq-Prezident sarsılmaz birliyi gerçəkləşdirdi.
Ölkə rəhbəri çıxışında Azərbaycan xalqının Vətən savaşında əldə edilən parlaq qələbədən sonra müzəffər xalq kimi əbədi yaşayacağına, dövlətimizin qalib dövlət kimi dünyada tanınacağına inamını diqqətə çatdırdı və bunun Azərbaycan vətəndaşları, eləcə də xaricdə yaşayan soydaşlarımız üçün böyük xoşbəxtlik olduğunu dedi. Eyni zamanda, bu tarixi missiyanı gerçəkləşdirən qəhrəman övladlarımızın tarix, xalq, Vətən qarşısında misilsiz xidmətlər göstərdiklərini, müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərin bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etdiklərini minnətdarlıqla vurğuladı: “İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdilər, amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı. Biz bütün dünyaya sübut etdik ki, XXI əsrdə necə müharibə aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır və cəmi 44 gün ərzində Ermənistan ordusu tamamilə məhv edilmişdir…”.
Bəli, Vətən müharibəsində yüksək vətənpərvərlik ruhu ilə, torpağa, dövlətə sonsuz sevgilərlə savaşa atılan gənc əsgər və zabitlərimiz üçün Qarabağ, sadəcə, torpaq demək deyildi. Onların hər biri Qarabağın həm də xalqımızın ləyaqəti, şərəfi, taleyi olduğunu yaxşı bilirdi. Ona görə də ordumuz bu hisslə, bu yanğı ilə 44 gün ərzində mərdliklə döyüşdü, misilsiz qəhrəmanlıqlar nümayiş etdirdi. Füzuli uğrunda savaşda əsgər və zabitlərimiz tərəfindən istilaçının 30 il ərzində qurduğu istehkamların böyük peşəkarlıqla dağıdılması, yüksəkliklərdə düşmən maneələrinin şücaətlə yarılması, Şuşa qayalıqlarını cəsarətlə dırmaşaraq bu qədim şəhərimizdən erməni faşistlərinin süngü ilə qovulması bunun bariz ifadəsi idi.
Azərbaycan Ordusunun İkinci Qarabağ savaşındakı əzmkarlığı, şücaəti, mərdliyi həm də ölkəmizdə ötən illər ərzində gənclər siyasətinin uğurla həyata keçirilməsi ilə bağlıdır. Belə ki, dövlətimizin başçısı prezidentlik fəaliyyətində gənclərə diqqət və qayğını daim diqqət mərkəzində saxlamışdı. Buna görə də gənclik indiki kimi, hər zaman cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış etmiş, sabitliyin, təhlükəsizliyin təmin olunmasında, möhkəmlənməsində xüsusi rol oynamış, eyni zamanda, həyatın ayrı-ayrı sahələri ilə bağlı çağırışlara operativ yanaşmaqla beynəlxalq inteqrasiya prosesinin fəal iştirakçısına çevrilmişdi.
Azərbaycan gəncliyi 30 il ərzində Ermənistanın işğalı səbəbindən ölkəmizin hansı ağrı-acıları yaşadığını, neçə-neçə azərbaycanlı ailəsinin məhv edildiyini, valideynlərinin doğma yurdlarından didərgin salındıqlarını yaxşı bilirdi. Azərbaycan gəncliyi Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri heç zaman unuda bilmir, Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilən Xocalı soyqırımını yaddan çıxarmır, günahsız qurbanların xatirəsini daim əziz tuturdu.
Bir sözlə, Azərbaycan əsgər və zabiti Vətən müharibəsində erməni faşizminə qarşı əsl mərdlik, qəhrəmanlıq nümunələri göstərdi, ölkəmizin ərazi bütövlüyünün bərpası, suverenliyinin möhkəmlənməsi, güc-qüdrətinin daha da artması naminə canlarından keçməyə hazır olduqlarını döyüşlərdə göstərdikləri fədakarlıqla, şücaətlə təsdiqlədi.
Qırx dörd günlük ölüm-dirim savaşında Azərbaycanın parlaq qələbəsi də bu cəsur gənclərin Vətən, torpaq sevgisi ilə haqq-ədalət yolundan çəkinməyərək cəsarətlə mübarizə aparmalarının, qorxmadan, çəkinmədən, necə deyərlər, ölümün gözünə dik baxmalarının nəticəsi idi.
Yadigar Muradov
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir