Şuşa bəyənnaməsi dünyaya mesajdır!

Siyasət

29 aprel 2022-ci il tarixdə ADA Universitetində ölkə başçısı İlham Əliyev cənablarının iştirakı ilə keçirilən və 23 ölkədən 40 nəfər konfrans iştirakçısının iştirak etdiyi konfransda dövlətimizin başçısı bir çox məsələləri əhatə edən geniş nitq söyləmişdir. Cənab Prezident qeyd etmişdir ki, biz artıq iki ilə yaxındır ki, münaqişədən sonrakı vəziyyətinə aid bir çox məsələləri müzakirə etməkdəyik. Əlbəttə ki, planlarımızı, niyyətlərimizi daha yaxşı anlamaq və görülmüş işləri nəzərdən keçirmək məqsədilə bizim üçün və fikrimcə, beynəlxalq ictimaiyyət üçün bu formada ənənəvi görüşlərin təşkili olduqca vacibdir.
Həmçinin cənab Prezident xüsusi olaraq vurğulamışdır ki, artıq Qarabağ problemi məsələsi bizim üçün birdəfəlik gündəlikdən çıxmışdır. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsində Azərbaycanın rəşadətli ordusunun əldə etdiyi parlaq qələbə nəticəsində Azərbaycan bölgədə artıq yeni reallıqlar yaratmışdır. Məhz Ermənistan dövləti də bu reallıqları görməli və mövcud geosiyasi vəziyyəti dəqiq qiymətləndirməlidir. Son prorsesləri izlədikcə əminliklə deyə bilərik ki, Ermənistan dövlətinin danışıqlar prosesindəki davranışı və Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etməsi bizi iki dövlət və iki xalq arasında tezliklə sülh müqaviləsinin imzalanmasına olan ümidlərimizi artırır. İndiki Ermənistan höküməti və xalqı bilməlidir ki, regionda artıq yeni bir geosiyasi vəziyyət mövcuddur. Region ölkələrinin inkişafı birgə əməkdaşlıqdan keçir. Xüsusilə Ermənistan dövləti qonşu dövlətlərlə, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməyə məcburdur. Çünki Qarabağ münaqişəsi nəticəsində Ermənistan hər iki dövlətlə əməkdaşlıqdan məhrum olmuş və bir sıra beynəlxalq layihələrdən kənarda qalmaqla iqtisadi cəhətdən geriləmişdir.
Ölkə başçısı son illər qardaş Türkiyə Cümhuriyyəti ilə olan ikili münasibətlərin nə qədər tarixi köklərə bağlı olduğunu qeyd etməklə yanaşı, iki dövlət arasında 2021-ci ilin 15 iyununda imzalanmış Şuşa Bəyənnaməsinin əhəmiyyətini xüsusi olaraq vurğulamışdır. Cənab Prezident demişdir ki, Şuşa Bəyənnaməsi əslində dünyaya mesajdır. Şuşa Bəyənnaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Qeyd etməliyik ki, biz Türkiyə ilə onsuzda istənilən şəkildə müttəfiq idik sadəcə bu Bəyənnamə əməkdaşlığımızın mahiyyətini rəsmiləşdirmiş oldu. Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti olduqca böyükdür. Bəyannamənin məhz Şuşada imzalanması ilə Azərbaycan öz qələbəsini bir daha təsdiqləmiş oldu. Eyni zamanda bu bəyənnamə Ermənistanda mövcud olan bəzi revanşist qüvvələrə də konkret mesaj verdi ki, yenidən hansısa çirkin niyyətlərə düşsələr, hansı güclə üz-üzə qalacaqlar. Əslində, bu mesaj Ermənistanda olan revanşist qüvvələrlə yanaşı digər düşmən qüvvələrə də bir işarədir. Belə ki, hansısa ölkə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxarsa, böyük güclə üz-üzə qalacaqdır.Bir millət iki dövlət olan Azərbaycan və Türkiyə dövlətləri arasında imzalanmış Şuşa Bəyannaməsinin əsas müddəası da məhz bundan ibarətdir. Bu, Azərbaycan və Türkiyənin təhlükəsizliyinin qorunması istiqamətində imzalanan çox mühüm və tarixi səhifədir. Tarixi Qars və Moskva müqavilələri qədər böyük tarixi əhəmiyyətə malik olan Şuşa Bəyənnaməsinin önəmi qarşıdakı illərdə daha da aydın olacaqdır.
Samir Baxşiyev – YAP Siyəzən rayon təşkilatının sədri.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir