Jurnalistin ölümlə hədələnməsi: Fürsətcil təşkilatlar…

Siyasət

Jurnalist Aytən Məmmədova mayın 8-də fiziki şiddətə məruz qalıb. O, Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı keçirilən məhkəmə istintaqını işıqlandırır.

Qətldə ittiham edilən İlkin Süleymanovun təqsirsiz olmasına dair fikirlər mövcuddur və Aytən Məmmədova həmin məqamlara toxunur. Təqsirsiz olduğunu demir, sadəcə ortada şübhəli məqamların çox olduğunu bildirir.  

Görünür ki, Aytən Məmmədovanın jurnalist fəaliyyəti kimlərinsə marağı əleyhinə yönəlib və nəticədə Aytən Məmmədovanı hədələyiblər, boğazına bıçaq dirəyib, qızı ilə onu təhdid ediblər.

Aytən Məmmədova deyir ki, hadisədən 20 gün əvvəl tanımadığı şəxs telefonuna zəng edərək onu təhqir edib. O, həmin telefon zəngi ilə hücum arasında hansısa əlaqə ola biləcəyini istisna etmir.

Bu, nəinki tənqid olunası, hətta pisləniləsi haldır və ictimaiyyət nümayəndələri bu hadisəni ümumilikdə jurnalistikaya qarşı yönəlmiş mənfi hal kimi dəyərləndirirlər.

Törədilən cinayətlə bağlı istintaq aparılır, əmin olaq ki, bu işin üstü açılacaq və Aytən Məmmədovaya qarşı bu hərəkətin müəllifləri və icraçıları cəzalandırılacaqlar.

Daxili İşlər Nazirliyi bildirib ki, jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin “Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə” maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanları bu istiqamətdə işləyir, beynəlxalq təşkilatlar hadisəni pisləyən bəyanatlar yayırlar. Bu da normaldır, amma üzdə. Daxilə nüfuz etdikdə bəzi beynəlxalq təşkilatların etik normaları aşdığını və fürsətcilliyini görmək mümkündür.

Hələ istintaq gedir və Azərbaycan hüquq-mühafizə orqanları bunun məsuliyyətini öz üzərinə götürüb.

Medianın İnkişafı Agentliyi qeyd edib ki, baş verən hadisəyə həssaslıqla yanaşır və məsələni diqqətdə saxlayırlar.

Beynəlxalq təşkilatlardan bəziləri sadəcə prinsiplərə əsasən çağırışlar edirlər. Bəziləri isə baş verəni Azərbaycana qarşı hücuma keçmək üçün fürsət kimi dəyərləndirirlər. Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayanan “Human Right Watch” təşkilatı kimi.

Bu cür sui-istifadə nəyə lazımdır? Azərbaycana lazım deyil. Fürsətcillər isə daim tapılacaq.

Belə fürsətcil təşkilatlardan biri də Milli Demokratiya Fondudur. Bu Fondun Azərbaycanla bağlı məqsədləri qaranlıqdır. Bu barədə Azərbaycan mətbuatında da məlumatlar dərc olunub.

Hələ bir neçə ay öncə ABŞ-ın Milli Demokratiya Fondu Azərbaycanda həyata keçirilməsi məqsədilə 15 yeni qrant layihəsini təqdim edib.

Fondun rəsmi saytında dərc olunan məlumata əsasən, qrantlar insan haqları, şəffaflıq (korrupsiya ilə mübarizə), müstəqil KİV və ölkədə demokratiyanın inkişafı istiqamətləri üzrədir. Qrantların dəyəri 26 345 – 156 358 ABŞ dolları diapazonundadır.

Ən böyük qrant “Azərbaycanda müstəqil KİV-ə dəstək” üzrədir. Ümumiyyətlə, KİV-lə bağlı üç istiqamət mövcuddur: “Müstəqil xəbər veb-saytı” (96 900 ABŞ dolları), “Xəbər aqreqatoru” (34 028 ABŞ dollar), “Azərbaycanda müstəqil KİV-ə dəstək” (156 358 ABŞ dolları).

Fond qrant alan tərəflərdən Azərbaycanda baş verən arzuolunmaz hadisələri – insan haqlarının pozulması, korrupsiya və s. faktları – araşdırmaq, işıqlandırmaq, hesabatlar hazırlamaq tələb edir. Qrantların ümumi məbləği 970 235 ABŞ dollarıdır.

Bəllidir ki, bu tip qrantlar insan hüquqlarının müdafiəsinə deyil, qarşıdurma yaratmaq üçün ayrılır. 

Bu qrantların iyi çıxır, belə ki, artıq siyasi dairələrin təsirində olanlar aksiyalara çağırışlar edir. Kimlərinsə bu etirazlarda səmimi olması heç də inandırıcı görünmür. Sözümüz onlara deyil, səmimilik bir yana, amma şou düzəltmək istəyənlər də az deyil. İstənilən halda məsələlərin kökündə guya insanların hüquqlarının qorunmamasının ön plana çıxarılmasını qabartmaq və bununla da yuxarıdan gələn tapşırıqları “layiqincə” yerinə yetirmək dayanır. Yəqin ki, həmin Fondun qrant layihələrinin icrasına başlanılması üçün düyməyə basılıb.

Abbas Qasımov 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir