İyulun 15-də keçirilmiş altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı Prezident cənab İlham Əliyev görülmüş işlər,əldə olunan nəticələr haqqında geniş məlumat verdi, həmçinin qarşıda dayanan vəzifələri müəyyənləşdirdi. Ölkə başçısının həyata keçirdiyi düşünülmüş daxili və xarici siyasət nəticəsində uğurla inkişaf edən Azərbaycan bu gün yüksək beynəlxalq nüfuz sahibinə çevrilmişdir.Ölkəmizin beynəlxalq təşkilat və təsisatlarda əsas ölkələrdən biri olaraq çıxış etməsi bu deyilənlərə bariz nümunədir.Bu sırada Qoşulmama Hərəkatındakı uğurlar xüsusi olaraq qeyd olunmalıdır.Azərbaycanın sədrlik müddətinin 2023-cü ilə qədər uzadılması onu göstərir ki,ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və ölkəmizə olan inam bu illər ərzində daha da artmışdır.Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına böyük töhfə vermiş ölkədir.Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması oldu.
Sirr deyil ki, Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş, daim haqq mövqeyi ilə çıxış edən müstəqil bir ölkə kimi böyük nüfuza sahibdir. Ölkəmiz dünyanın güc mərkəzləri ilə balanslı siyasət həyata keçirir və bu mənada nümunə sayıla biləcək qədər böyük uğurlara sahibdir. Üstəlik, Azərbaycanın etibarlı tərəfdaş imici həmçinin onun iqtisadi potensialı və durmadan inkişaf edən iqtisadiyyatı ilə dəstəklənir. Yəni, Azərbaycan bu gün dünya iqtisadiyyatının bir parçası kimi önəmli həlqələrdən birini təşkil edir. Həm nüfuz, həm də iqtisadi güc baxımından beynəlxalq arenada üstün mövqe sahibi Azərbaycan isə həmçinin uğurlu daxili siyasətlə öz nailiyyətlərini ölkənin inkişafına yönləndirməyi bacarır.
Müşavirədə önə çıxan məqamların təhlili bir daha göstərir ki, Azərbaycanın xarici siyasət sahəsindəki uğurları yüksələn xətlə davam edir. Qoşulmama Hərəkatına sədrlik, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırda çatdığı yüksək səviyyə, İslam ölkələri və türkdilli ölkələrlə əməkdaşlıqda olduqca sıx qrafik Bakının çoxşaxəli xarici siyasət kursunun perspektivini ortaya qoyur.
Qarabağ və Şərqi Zəngəzurda görülən işlər ümumən Azərbaycanda gələcəyə yönəlik strateji planlarla uyğunlaşdırılır. Görülən işlər istər sadalanan regionların, istərsə də bütövlükdə Azərbaycanın investisiya baxımından cəlbediciliyini artırır. Ölkəyə investisiya axınının cəlb olunmasına şərait yaradır.
İyulun 15-də keçirilən müşavirə birmənalı olaraq Azərbaycanın gələcəyinin sağlam təməllər üzərində inşası üçün dövlətin bütün sahələrdə, bütün zəruri addımları diqqət mərkəzində saxladığını nümayiş etdirdi. Prezident İlham Əliyevin liderliyində həyata keçirilən uzaqgörən siyasətin hətta qlobal miqyasda problemlərin geniş vüsət aldığı bir dövrdə belə ölkəmizdə inkişafı təmin etdiyini, gələcək planların, strategiyaların isə bu inkişafı sürətləndirəcəyini sübut etdi.
Cavid Mustafayev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.