Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri

Baş səhifə

 

Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Bundan başqa, 2010-cu ildə Batumi şəhərində Azərbaycanın, 2013-cü ildə isə Gəncə şəhərində isə Gürcüstanın baş konsulluqları açılıb.

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxarıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib. İkitərəfli münasibətlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb.

Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq keçən müddətdə bütün sahələr üzrə davam edib. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars və Trans-Anadolu Qaz Boru Kəməri kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Qeyd olunan layihələr həmin ölkələri bir-birinə strateji cəhətdən bağlayır. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Siyasi yaxınlaşma iqtisadi inteqrasiya fonunda baş verir və strateji xarakter alır.

1999-cu il noyabrın 18-də İstanbulda keçirilmiş ATƏT-in sammiti çərçivəsində “Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası ərazilərindən xam neftin nəqli haqqında” Sazişin imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində ciddi addım idi.

2004-cü ildə Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra, Gürcüstanın Azərbaycana olan marağı nəinki zəifləməmiş, əksinə, münasibətlərin daha da inkişafı üçün yeni addımlar atılıb. Belə ki, 2004-cü il martın 4-5-də Gürcüstan prezidenti Mixail Saakaşvili Bakıda rəsmi səfərdə olub. Səfər zamanı “Azərbaycan Respublikası və Gürcüstan Respublikasının arasında birgə bəyannamə”, “Təhsil sahəsində əməkdaşlıq haqqında saziş”, “Azərbaycan Respublikasının hökuməti ilə Gürcüstan hökuməti arasında informasiya sahəsində əməkdaşlıq haqqında saziş” imzalanıb.

“Gürcüstanla Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkələrdir” – bu fikri 2004-cü ilin martında Gürcüstan prezidenti Mixail Saakaşvilinin Bakıya rəsmi səfəri zamanı hər iki ölkənin dövlət başçıları bəyan ediblər.

Bunun ardınca, 2004-cü ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri zamanı ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin sərhəd-buraxılış məntəqələrinin işinin təkmilləşdirilməsi, nəqliyyat daşımaları tarifləri nəzərdən keçirilib.

Dostluq və qardaşlıq münasibətləri bu gün də yüksələn xətlə davam edir. Oktyabr ayının 24-də Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri həm ikitərəfli, həm də regional əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Uğurla nəticələnən bu səfər Gürcüstan və Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan vermişdir. Bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər ölkə başçıları tərəfindən müzakirə edilib, daha sonra isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, bu gün strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə yüksəlib. İkitərəfli formatda həyata keçirilən bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütün Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac vardır.

Prezident İlham Əliyev eyni zamanda vurğulayıb ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin doqquz ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana üç milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir.

Azərbaycan və Gürcüstan arasında regional əhəmiyyətə malik olan əməkdaşlıq genişlənməkdədir. Bir çox icra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb. Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırılması nəzərdə tutulub. Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə qoyulacaqdır.

Bu gün Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir. Bu il 22 milyard kubmetr ixrac nəzərdə tutulub, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatının 20 milyard kubmetrə çatacağı planlaşdırılır. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə də ixrac artırılacaqdır. Bütün bunlar dövlətlərimiz arasında iqtisadi və digər sahələrdə əlaqələrin daha da genişlənməsinə imkan yaradır. Hazırda isə enerji resurslarına dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan arasında əlaqələrin güclənməsi hər iki dövlətin milli maraqlarına xidmət edəcəkdir.

Məlakə Məlikova,

Salyan şəhər 5 saylı ümumi orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir