Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir

Baş səhifə

 

Son illərdə dünyada Azərbaycanın təbii qaz ehtiyatlarına olan maraq durmadan artır. Avropa və dünyanın digər ölkələri Azərbaycanla iqtisadi əlaqələrinin gücləndirilməsi, əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsinə ehtiyac duyurlar. Dünyanın müasir iqtisadi mənzərəsindən aydın olur ki, Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə çevirib. Prezident cənab İlham Əliyev beynəlxalq toplantılarda çıxışlarında qeyd etmişdir ki, Azərbaycanın enerji strategiyasında neftlə yanaşı, qaz yataqlarının da istismara verilməsi mühüm yer tutur. Bizim qaz ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan Respublikası son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçı kimi tanınır. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra 10-dan çox ölkə qaz ixracının artırılması, yaxud ixraca başlanılması ilə bağlı Azərbaycana rəsmi müraciət edib. Bu da Azərbaycanın təbii qazına olan tələbatın artdığını göstərir.

Dövlətimizin başçısının düşünülmüş iqtisadi siyasəti dünya ölkələrinin Azərbaycanın təbii qazına olan marağının və tələbatının təmin olunmasında mühüm rol oynayır. Prezident cənab İlham Əliyev 24 oktyabr tarixində Gürcüstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda bildirmişdir ki: “Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Planlaşdırılır ki, 2027-ci ildə Azərbaycanın təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Həyata keçiriləcək yeni layihə elektrik enerjisi ilə bağlıdır. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir. Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklər”.

Müasir dünyanın reallıqları elədir ki, müxtəlif istiqamətləri əhatə edən inteqrasiya prosesləri olmadan gələcək uğurlu inkişafı təsəvvür etmək mümkün deyil. Bu mənada Azərbaycanın tutduğu mövqe, həyata keçirdiyi ardıcıl siyasət təqdirəlayiqdir və dünya birliyi tərəfindən rəğbətlə qarşılanır. Azərbaycan qaz ehtiyatı baxımından münasib regionlardan biri sayılır. Burada zəngin qaz ehtiyatlarının mövcudluğu əsrin ortalarında Azərbaycan qaz sənayesinin və vahid qaz şəbəkəsinin yaranmasına səbəb olmuşdur. Ölkə iqtisadiyyatının belə fasiləsiz inkişafı Azərbaycanın digər ölkələrlə əməkdaşlığına, yeni yeni layihələrə imza atılmasına və uğurlu xarici siyasətin aparılmasına təkan vermişdir. Avropa İttifaqının nisbətən az qaz ehtiyatı var. Faktiki olaraq, təkcə Azərbaycanda olan qaz ehtiyatları Avropanın ümumi qaz ehtiyatlarının 75 %-dən çoxuna bərabərdir. Qaz böhranının dərinləşməsinin qarşısını almaq üçün Avropa ölkələri tədarükləri artırmaq məqsədi ilə Azərbaycana üz tutur. Enerji bazarı üçün ən əlverişli proqnozları nəzərə almasaq, müraciət edənlərin sayı durmadan artacaq. Bu mənada Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı kimi özünü təsdiq edib. Azərbaycan qazının ixrac coğrafiyasının genişlənməsi bununla bitmir, çünki getdikcə daha çox ölkə qaz almaq və ya artıq tədarük olunan həcmi artırmaq üçün Azərbaycana üz tutur. Beləliklə, artıq Avropa İttifaqı ilə Azərbaycan arasında 2027-ci ilə qədər Cənub Qaz Dəhlizinin gücünün iki dəfə artırılması ilə bağlı konkret razılaşma mövcuddur. Ona görə də əminliklə demək olar ki, Azərbaycan Avropanın enerji təchizatı üçün ən real imkanları təklif edir. Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına və özünü tam təmin edən enerji sisteminə malikdir. Azərbaycanın hələ 100 il bundan sonra özünü və bir sıra digər ölkələri mavi yanacaqla təmin etmək üçün qaz ehtiyatları var. Uzunmüddətli perspektivdə ölkəmizin əsas gəlir mənbəyi təbii qaz olacaq.

Bəli, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tərəfindən uğurla davam etdirilir. Bu enerji strategiyası beynəlxalq aləm üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında qarşıya qoyduğu vəzifələri uğurla həyat keçirir və Avropanın enerji təhlükəsizliyində rolu bundan sonra daha da artacaq.

Rəna Kərimova,

Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbin tarix müəllimi, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir