Turizm sektorunun Novruz gözləntisi – ARAŞDIRMA

Cəmiyyət

İnsanlar səyahət üçün darıxıblar. Pandemiya ilə bağlı qadağaların böyük ölçüdə aradan qaldırılması Novruz tətilində turizm sahəsində dirçəlişə təsir edəcək. Amma…
 
Bir neçə gün sonra baharın müjdəçisi Novruz qapımızı döyəcək. Ölkəmizdə bayram münasibətilə tətil elan olunacaq. Tətil varsa, deməli, istirahət də var. Səyahəti sevən insanlar səbirsizliklə tətil günlərini gözləyirlər. İş yorğunluğunu atmaq istəyənlər istirahət üçün müxtəlif ərazilərə üz tutacaqlar. Novruz tətilindən turizm sektorunun gözləntisi nədir? Pandemiya ilə bağlı tətbiq olunan qadağaların bayram ərəfəsində yumşaldılması turizm sektorunun canlanmasına təsir edəcəkmi?

Mövzu ilə bağlı Kaspi qəzetinin araşdırmasını təqdim edirik:
 
Daha çox o ölkələrdən gəlirlər ki…  

Turizm eksperti Ramin Zamanov deyir ki, Novruz bayramında Azərbaycana gələn turistlər, əsasən, o ölkələrdən olur ki, orada da bu bayramı qeyd edirlər: “Çünki həmin ölkələrdə də bayram tətili olur. O ölkələrdə ki, tətilə çıxırlar, iş olmur, oradan gələ bilərlər. Məsələn, Rusiyadan Novruz ərəfəsində çox turist gəlmir. Çünki onlar bu bayramı qeyd etmirlər. Amma İrandan, Qazaxıstandan, Özbəkistandan gələ bilərlər”.

Artım gözlənilmir, çünki…

R.Zamanov bildirir ki, quru sərhədlər açıq olmadığı, həmçinin təyyarə reyslərinin sayında da məhdudiyyətlər olduğu üçün turistlərin sayında böyük fərq gözlənilmir: “Novruz bayramı ərəfəsində turistlər ən çox İrandan gəlirdi. Hava nəqliyyatı ilə yox, avtobusla və ya şəxsi avtomobillə səyahət edirdilər. Çünki avtobus və ya avtomobillə gəlmək daha ucuz başa gəlirdi. Amma nəzərə alaq ki, bu il ancaq hava xətti ilə gələ bilərlər. Çünki Azərbaycanda quru sərhədləri açıq deyil. Təyyarə reyslərində məhdudiyyətləri nəzərə alsaq, bu sahədə güclü artım olacağını düşünmürəm. Yəni əvvəlki illərdəki kimi böyük bir fərq gözlənilmir. Amma nisbətən artım ola bilər”.

Hər şey qaydasındadır

R.Zamanovun sözlərinə görə, turizm sektoru pandemiyadan ən çox zərər görən sahələrdən olduğu üçün ona diqqət artırılıb: “Turistlərin gəlişinə hazırıq. Restoranların, otellərin də fəaliyyətində hər şey qaydasındadır. Otellərin əksəriyyəti artıq fəaliyyətini tam bərpa etməyə çalışır. Maksimum çalışırlar ki, yaxşı xidmət göstərsinlər. Çünki bu sektor pandemiyanın ən çox zərər vurduğu sahələrdəndir. Turizm agentliyi də otellərin fəaliyyətinə diqqəti bir az da artırıb ki, bu sektoru bərpa etsinlər”.  
 
50 faiz olmasa da…
 
Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov deyir ki, pandemiyada insanlar evdə oturmaqdan beziblər deyə, səyahət etməyə həvəslidirlər: “50  faiz olmasa da, artım gözlənilir. Çünki pandemiya ilə bağlı tətbiq edilən qadağalarda nisbətən yumşalma var. Bu da turizmə öz təsirini göstərəcək. İnsanlar səyahət etməkdən ötrü darıxıb”.

“Artıq ciddi sıxıntı yoxdur”

R.Səfərov bildirir ki, hazırda turistləri yerləşdirməklə bağlı əvvəlki problemlər mövcud deyil: “Azərbaycanda son 10 ildə mehmanxanaların çarpayı sayı ciddi şəkildə artıb. Yəni 2000-ci illərin əvvəllərində bizdə çarpayı sayı çox az idi, artıq 50 min üzərindədir. Yəni turistləri yerləşdirmək baxımından ciddi sıxıntı yoxdur”.

Regional şənliklər də olmalıdır ki…

R.Səfərovun sözlərinə görə, Novruz bayramı şənliklərini təkcə Bakıda yox, rayonlarda da təşkil etmək lazımdır ki, turistlər sıxılmasın: “Turistlər üçün müxtəlif animasiyalar, bayram tədbirləri keçirilməsi planlaşdırılır. Novruz bayramının rayonlarda müxtəlif formalarda keçirilməsi nəzərdə tutulur ki, gələn turistlər sadəcə Bakı və ya ətrafına deyil, regionlara da səyahət etsinlər. Bu baxımdan bayramın təşkilində regional şənliklər də olmalıdır ki, turist bir zonadan digərinə keçdikdə fərqliliyi hiss edə bilsin”.

Rəhman Səfərov sonda qeyd etdi ki, Novruz bayramının arxasınca yaz, yay fəsli gəlir. Novruz bayramı bundan sonrakı turist axınına ilkin təsirini göstərəcək.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir