Xalqımız Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edir

Cəmiyyət
Üç il bundan əvvəl sentyabrın 27-də dünyanın bütün güclü dövlətlərini təlatümə gətirən, bizi – Azərbaycan xalqını isə sevindirən bir tarixi hadisə baş verdi. Ermənistanın 30 ildən bəri davam edən və Azərbaycana qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı.Qısa müddət ərzində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, bir yumruq kimi birləşdi və düşmənə sarsıdıcı zərbələr endirdi.Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Vətən müharibəsi Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı.
Həmin dövrdə hər bir Azərbaycan vətəndaşı ordumuzun və dövlətimizin ətrafında sıx birləşərək, əlindən gələni əsirgəmədi. Ordu-xalq birliyi düşmən üzərində şanlı Qələbəmizə gətirib çıxartdı. Bu Qələbə hər bir azərbaycanlı üçün ən dəyərli hədiyyə oldu.
Müzəffər Azərbaycan Ordusunun Zəfər yürüşü zamanı düşmən təxribatlarından əl çəkmədi, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Ermənistan silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılmışdı. Döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdi. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulmuş, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılmışdı. Ümumilikdə, düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilmiş, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
Tarixdə heç bir müharibə qansız-qadasız, itkisiz ötüşməyib. Hər qazanılan zəfərin arxasında cəsur oğulların tökülən qanları var. Əbəs demirlər ki, torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur. Vətən məhz torpağı uğrunda gözünü qırpmadan canından, qanından keçməyi bacaran oğullar sayəsində var olur. Qəhrəman oğullarımız 44 gün davam edən Vətən müharibəsinin hər gününü zəfər salnaməmizə çevirdi. Bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər.
Hər il 27 sentyabrtarixi ölkəmizdə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarında dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində bu barədə deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.
Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Küçə, prospekt və meydanlarda, evlərin balkonlarında üçrəngli bayrağımız dalğalanır. Məscidlərdə, kilsələrdə, sinaqoqlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur. İnsanlar Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edirlər.
Yalçın Abdullazadə,
YAP Salyan rayon təşkilatının məsləhətçisi,“Vətən Müharibəsi” iştirakçısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir