Kubra Məhərrəmova yazır…
Həftənin beş günü xəbər gəlirdi ki, Azərbaycandan Rusiyaya ixrac olunan pomidorlara Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) tərəfindən qadağa qoyulub.
Həftənin iki günü də qadağanı aradan qaldırırdı bu qurum. Sonra yenə kefi istəyəndə qadağa qoyurdu. Səbəb də onu göstərirdi ki, Azərbaycandan Rusiyaya daşınan alma və pomidorda dəfələrlə zərərli orqanizmlər aşkar ediblər. Hər dəfə də Azərbaycan danışıqlara gedərək ixrac olunan məhsullarda zərərli orqanizmlərin olmadığını sübut edirdi. Hamı da bilirdi ki, ayının min oyunu bir armudun başındadır. Bütün bu aç-bağla oyunları da həmçinin.
Artıq bir neçə gündür ki, Azərbaycanın populyar və peşəkar KİV-lərindən olan Oxu.Az xəbər portalının Rusiya Federasiyası ərazisində yayımına blok qoyub. Bu dəfə aç-bağla oyununu “Roskomnadzor” (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) aparır.
Qeyd edim ki, analoji qərar Azərbaycanda fəaliyyət göstərən digər rusdilli saytlar – “Haqqin.az”, “Minval.az” və “Baku.ws” saytları barədə də verilib. Bloklanma ilə bağlı qərar xəbərdarlıq edilmədən verilib. “Roskomnadzor” Azərbaycan KİV-lərinin bloklanması qərarına rəsmi izahat belə vermək istəmir. Yəni, kefim belə istəyir, blok qoyuram, vəssalam.
Təbii ki, bu həyatda heç nə elə-belə, səbəbsiz olmur. Deməli, nəsə kimlərinsə xoşuna gəlməyib.
Birincisi Oxu.Az xəbər portalı KİV-nin bütün qayda-qanunlarına uyğun olaraq fəaliyyət göstərir. Yalnız dəqiq və yoxlanılmış məlumatları cəmiyyətə ötürür.
İkincisi Oxu.Az Azərbaycanın ərazi bütövlüyünü və onun maraqlarını qoruyur. İkinci Qarabağ müharibəsi dövründən bu günə kimi baş verən hadisələri doğru-düzgün işıqlandırır. Dəfələrlə Rusiya sülhməramlılarının Azərbaycanın suveren ərazisindəki qanunsuz fəaliyyətini geniş oxucu auditoriyasına çatdırıb. İrəvandan Xankəndinə qanunsuz keçən avtomobillərin video yazısını yayıb. İrandan gəlib Xankəndinə keçən yük maşınları barədə məlumatlar verib.
Rusiya sülhməramlıları da elə bil mümkün olan bütün qaydaları pozmağı öhdəliklərinə götürüblər.
Çünki bunu çox uğurlu surətdə həyata keçirirlər. Rusiya Müdafiə Nazirliyi də əlinə imkan düşən kimi, dəfələrlə “Dağlıq Qarabağ”, “silahlı qruplaşmalar” və s. kimi ifadələrdən rəsmi olaraq istifadə edərək Azərbaycan cəmiyyətinin heysiyyəti ilə oynamağa nail olub. Edilən xəbərdarlıqlara baxmayaraq, yenə də öz bildiklərini edirlər, yalançı məlumat yaymaqla Azərbaycan cəmiyyətində çaşqınlıq yaradırlar.
Təbii ki, bu münasibət dost münasibəti deyil. Bunu cəmiyyət də, xalq da çox yaxşı hiss edir. Malalamaq və suvamaq da işə yaramır. Nəticədə bu kimi həqiqətləri tirajlayan Oxu.Az böyük ehtimal ki, “Roskomnadzor”un qara siyahısına düşüb.
Qeyd edim ki, “Roskomnadzor”un qara siyahısına Rusiyada fəaliyyət göstərən bir sıra KİV-lər də düşüb və onların fəaliyyəti tamamilə dondurulub. “Exo Moskvı”, “Dojd”, “Novaya qazeta” bu qəbildəndir. “Roskomnadzor”un Rusiyada fəaliyyət göstərən KİV-dən əsas tələbi ondan ibarətdir ki, müharibə kəlməsi nə deyilə, nə də yazıla bilməz. Rusiyanın Ukraynada apardığı tammiqyaslı müharibəyə “xüsusi hərbi əməliyyat” deyilməlidir. Amma dünən Rusiyanın ölkə başçısı tərəfindən imzalanan qərara əsasən bu “xüsusi hərbi əməliyyat”da iştirak edənlərə müharibə veteranları adı veriləcək. Sual olunur, əgər bu müharibə deyilsə, iştirakçı necə müharibə veteranı olur?
Rusiyada qapadılan KİV-lər fevralın 24-dən başlayaraq Rusiya-Ukrayna müharibəsi barədə geniş məlumat yayan informasiya portalları olub. Bu KİV-lər müharibəyə qarşı olduqlarını, günahsız uşaq və qadınların raket hücumları nəticəsində ölməsi barədə məlumatlar yayıblar. Analoji məlumatları, foto və videoları Oxu.Az xəbər portalı da yayıb. Burada müəyyən paralellik görürük.
Üstəgəl Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanovun orada baş verən hadisələrin icmalını verməsi faktı da var. Onun hər gün baş verən ən son hadisələr haqqında verdiyi məlumatlar Oxu.Az xəbər portalında da tirajlanır. Raket hücumları nəticəsində məhv olunmuş xarabalıqların qarşısında etdiyi “standup”lar böyük ehtimal ki, “Roskomnadzor”un xoşuna gəlməyib.
Çünki Rusiya Ukraynada müharibə deyil, “xüsusi hərbi əməliyyat” keçirir. Arxa fonda olan dağıntılar isə eynilə Gəncədə, Tərtərdə, Bərdədə olduğu kimi sivil insanların ölümünə gətirib çıxarır. Bunu dünya ictimaiyyəti önündə etiraf etməyi isə lüzum görmürlər. Salamatı həqiqəti dərc edən saytları blok etməkdir.
Bu gün kimisə susdurmaq demək olar ki, yalnız bir halda mümkündür. O da fiziki olaraq aradan qaldırmaqla. Bütün digər hallarda isə istənilən məlumata çatmaq mümkündür. Bloklanan bütün saytlardan istifadə etmək mümkündür.
Bunun üçün sadəcə VPN-dən istifadə yetərlidir. Həqiqət elə bir şeydir ki, onu nə qədər sıxsan, bir o qədər çox parıldayacaq. Eyni ilə Oxu.Az kimi.
Oxu.az yenə də bütün dünyada qəbul olunmuş KİV qanunlarına sadiq olaraq həqiqi məlumatları çatdırmaqla məşğuldur. Bizi blok edə bilərlər, amma həqiqəti yox.
www.102info.az