“Oğlumda gün ərzində beş dəfəyə qədər qıcolmalar olur” – ANA KÖMƏYƏ ÇAĞIRIR

Cəmiyyət

Dörd yaşlı Ümid doğulduğu gündən ağır epilepsiya xəstəliyindən əziyyət çəkir.

Onun anası, Göygöl rayon sakini Rüfanə Məmmədova Media.Az-a müraciət edərək bildirib ki, yerli həkimlərin təyin etdiyi müalicə, təəssüf ki, oğluna kömək etmir. Lakin ona oxşar xəstəlikləri olan uşaqların müalicəsində ixtisaslaşmış Türkiyə klinikalarından birində kömək vəd edilib. Amma ailə maddi imkansızlıq səbəbindən İstanbula getməyi təxirə salmaq məcburiyyətində qalır.

Ümiddə doğulduğu ilk günlərdən qıcolma tutmaları yaranıb. Körpə çoxlu müayinələrdən keçib, lakin Azərbaycanda dəqiq diaqnoz və xəstəliyin səbəbini müəyyən edə bilməyiblər. Dörd il ərzində uşağa müxtəlif dərmanlar təyin edilib, o, bütün müalicə kurslarını keçib, lakin heç biri istənilən nəticəni verməyib. Ümid hazırda “Lamiktal”, “Unimide”, “Clozam” və “Lamotragine” adlı dörd dərmanın kombinasiyasını qəbul edir, lakin onda gün ərzində beş dəfəyə qədər qıcolmalar olur.

“Üç aydan bir həkimə müraciət edirik. Amma nə həkimə, nə də dərmana pulumuz qalmayıb. Biz Gəncədən bir qədər aralıda kənddə yaşayırıq. Həyat yoldaşım maldarlıqla məşğuldur, mən evdar qadınam. Üç övladımız var, onları güclə dolandırırıq. Amma oğlumuzun əziyyət çəkməsinə dözə bilmirəm. Bizə söz verdilər ki, uşağı Türkiyədə ixtisaslaşmış klinikada müalicə edəcəklər. Düzgün müalicə olunsa, Ümidin təkbaşına otura, yeriyə, danışa biləcəyini dedilər. İndi hər şey diaqnoz və ilkin müalicə üçün lazım olan 12 min manatdan asılıdır, bu, bizim üçün böyük məbləğdir.

Bizə qohumlar, dostlar kömək edir, mal-qara satırıq, amma bu, hələ kifayət etmir. Hər dəfə səfəri təxirə salmalı oluruq. Xahiş edirəm, bizə kömək edin. Onun əzabının bitməsi üçün dua edirəm. Ümidimiz var ki, nəhayət, Ümid bu dəhşətli qıcolmalar olmadan yaşaya biləcək”, – deyə Ümidin anası köməyə çağırır.

Hər kəsi Məmmədovlar ailəsinin probleminə həssaslıqla yanaşmağa və balaca Ümidə bacardıqları qədər kömək etməyə çağırırıq.

Yardım göstərmək istəyənlər onun anası Rüfanə Məmmədova ilə (055) 740 12 56 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir