“Çöldə qulağına pomada sürtüb satılan balıqlardan deyil” – Bakının məşhur bazarında FOTOREPORTAJ

Cəmiyyət

“Təzə balıqdan qalmadı, nə yedin-yedin, dörd ay həsrət qalacaqsan”.

“Bax, bax, bax… necə hoppanır, əcəl hərləyir”.

“Təmizləmə pulsuzdur, gəl ay müştəri”.

“Çöldə qulağına pomada sürtüb satılan balıqlardan deyil, təzə balıqdır, alan uduzmaz…”

Balıq satanların özünəməxsus kreativ müştəri səsləmə formaları var. Bütün bunlar “8-ci kilometr bazarı”nda eşitdiklərimizdir. 

Balıqsevənlər üzülsə də, balıq mövsümünün son günləri yaxınlaşır. Çünki əksər hallarda qarşıdakı dörd ay ərzində balıq yeyilməsi tövsiyə edilmir. Bunu nəzərə alıb üz tutduq Bakının Nizami rayonunda yerləşən “8-ci kilometr bazarı”na ki, piştaxtalardakı vəziyyəti sizinlə bölüşək.

Global Photo Stock”un əməkdaşının hazırladığı reportaja görə, dənizdən tutulan balıqlar digər bazarlarla müqayisədə burada ucuz satılır.

Balıq piştaxtaları bazarın sonunda olsa da, elə giriş hissəsində balıqların qoxusu sizi piştaxtalara doğru aparır. Satıcılar deyir ki, mövsüm sonuna yaxın balıqsevərlər sanki axın edir. 

Satıcılar deyir ki, bazarda hamı bir-birini tanıyır, ona görə də qiymətlər aşağı-yuxarı eynidir. Bazarda sazan, forel və digər balıqlar var ki, ortalama qiymətlər 6-13 manat arasında dəyişir. Digər bazarlardan fərqli olaraq burada balığı müştərinin gözü önündə təmizləyib, doğrayırlar. Alıcı isə yalnız balığın qiymətini ödəyir. Digər bazarlarda isə balıqların təmizlənməsi üçün əlavə məbləğ tələb edilir.

Araşdırmalara görə, balıq yemək ürək xəstəliklərində ölüm riskini azaldır. Fizioloji normaya əsasən, orta yaşlı insan ildə bir neçə kiloqrama qədər balıq istehlak etməlidir. Xüsusilə qış aylarında balıq yemək olduqca faydalıdır. Amma çalışın, bazar və ya marketlərdən təzə balıq alasınız. Balıq sudan kənar çox qalmağı xoşlamır – dirisi də, ölüsü də…

Tapdıq Abdullayev

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir