Yeniyetmə cinayətlərinin pərdəarxası: “Vorzakon”lara meyxanalar yazılan cəmiyyətdə yaşayırıq”

Cəmiyyət

Hər gün qətl hadisələri ilə bağlı xəbərlər olur. Gəncədə 9-cu sinif şagirdi öz həmyaşıdını, bir gün sonra isə 15 yaşlı oğlan anasını bıçaqlayıb. Birinci hadisədə ölüm olmasa da, digərində oğul ana qatilinə çevrilib. İki ay öncə isə Qazaxda 11-ci sinif şagirdi məktəblini bıçaqlayıb. Ard-arda baş verən belə hadisələr vəziyyətin ciddiliyindən xəbər verir.

Bəs son zamanlar yeniyetmələrin cinayət törətməsinin səbəbi nədir?

Məsələ ilə bağlı mütəxəssislərin fikri öyrənilib.

Sosioloq Əhməd Qəşəmoğlu Bakupost.az-a bildirib ki, bu, birbaşa ailələrdəki və cəmiyyətdəki vəziyyətlə bağlıdır:

“Hər bir sosial sferada yeni yanaşmalar olmalıdır. Lakin bunu həyata keçirəcək mütəxəssislərimiz yoxdur. İndiki vaxtda yeni nəslin keyfiyyəti ən mühüm məsələdir. Bu, birbaşa ailələrdəki və cəmiyyətdəki vəziyyətlə bağlıdır. Ailələrdə hədsiz dərəcədə gərginlik var. Bir uşaq 2 yaşından ananın bağırtısına, atanın söyüşünə yuxudan oyanırsa, evdə bütün günü ata-ananın bir-biri ilə dalaşmasına şahidlik edirsə, o uşağın psixi durumu pozulmuş olur. Digər tərəfdən, mühitin özündə ciddi proseslər gedir. Əgər gərgin ailədən bir uşaq çıxıbsa, bu, digər uşaqlara da sirayət edə bilir”.

Sosioloq gündəlik informasiyanın da burada rol oynadığını bildirib:

“Yeniyetmələrin, gənclərimizin aldıqları informasiya da prosesdə mühüm rol oynayır. Əvvəllər yeniyetmələrin formalaşmasında bədii ədəbiyyat çox mühüm rol oynayırdı. Təəssüf ki, indi həmin kitablar ya oxunmur, ya da onların yerini arzuolunmayan sosial şəbəklər tutur.

Azərbaycanın məşhur akademikləri, alimləri bizim ideallarımız idi. İndi yeniyetmələr daha çox “vorzakonlar” haqqında məlumat alır və özünü onlara bənzətməyə çalışırlar. “Vuraram”, “yıxaram” prinsipi ilə yaşayanlar az deyil”.

Ə.Qəşəmoğlu vəziyyətdən çıxış yolu ilə bağlı fikirlərini bildirib:

“Yeni nəslin keyfiyyəti ilə bağlı elmi əsaslarla hazırlanmış fəaliyyət proqramı olmalıdır. Həmin fəaliyyət proqramında məlum olacaq ki, ailələrlə, valideynlərlə hansı iş aparmaq lazımdır. Burada daha çox təhsil sisteminin üzərinə iş düşür. Çünki ailələrdəki, cəmiyyətdəki gərginliyi 2-3 aya ortadan götürə bilmərik. Buna ən güclü təsir vasitəsi təhsildir. Təssüf ki, təhsil sistemi də tamamilə tənqidə məruz qalan vəziyyətdədir. Təhsil sisteminin özünün xeyli problemləri var.

Hamıya çox sadə görünür, əslində isə çox dərin bir məsələdir. Ailə ilə bağlı müəyyən qanunlar müəyyənləşməlidir. Sadəcə kənardan müşahidə etməklə məsələ həll olunan deyil”.

Hüquqşünas Ələsgər Məmmədli isə düşünür ki, problemin kökündə sosial şəbəkələrin çoxalması, məktəblərdə təhsilin səviyyəsinin getdikcə aşağı düşməsi dayanır:

“Hansısa “vorzakon”a mahnılar, meyxanalar yazılan cəmiyyətdə yaşayırıq. Doğrudur, bu, həmişə olub, bu gün də var.

Burada ikinci bir məqam sosial şəbəkələrin yaratdığı qərəzli kontentlərin çox rahatlıqla əldə oluna bilməsidir ki, bu da yeniyetmələrin, gənclərin təlim-tərbiyəsinə mənfi təsir göstərir. Bunların aradan qaldırılması üçün mütəmadi olaraq müəllim, məktəb və valideyn üçbucağında ciddi işlər görülməlidir”.

Hüquqşünas mətbuatda cinayət xarakterli xəbərlərin verilməsi ilə bağlı məsələyə də toxunub:

“Problem odur ki, mətbuat sensasiyalı xəbərlərə çox yer verir. Bunun da təsiri mütləq var. Məsələn, mətbuatda reytinq üçün “vorzakon”larla bağlı verilən xəbərlərin yeniyetmələrə təsir gücü var. Bu hadisələr, cinayət faktları elə səviyyədə verilməlidir ki, yeniyetmələr onlara meyil etməsinlər. Yeniyetmələrin cinayətlərə meyil etməməsi üçün bu tip xəbərlər verərkən də diqqətli və həssas yanaşmalıyıq. Ümumilikdə götürsək, problemin kökündə sosial şəbəkələrin çoxalması, eyni zamanda məktəblərdə təhsilin səviyyəsinin getdikcə aşağı düşməsi dayanır. Çünki faktiki olaraq məktəblər formal xarakter daşıyır. Təhsil almaq istəyənlərin əksəriyyəti repetitor yanına gedir. Bu da ciddi bir problemdir. Məktəbdə ünsiyyət aşağı düşür və şagirdlərin qrup şəklində dərs almaq istəkləri daha da azalır. Ona görə də problemlərin həlli üçün hər qurum, yaxud hər ailə və məktəb üzərinə düşən məsuliyyətdən yayınmamalıdır”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir