Türkiyə və Azərbaycan dost, qardaş ölkədir və bizi eyni soy-kök, din, adət-ənənələr birləşdirir. İkinci Qarabağ müharibəsi zamanı bütün dünya bu birliyin, həmrəyliyin şahidi oldu. Müharibənin ilk günlərindən etibarən Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdi və bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvə və dairələrin qarşısını aldı. Bu dəstək indi də davam edir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər yeni bir mərhələyə qədəm qoydu. Bu yeni mərhələnin əsasını isə ötən il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamə təşkil edir. Şuşa Bəyannaməsi iki ölkə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən bir sənəd oldu və bu, ölkələrimiz arasındakı tarixi münasibətlərə əsaslanır.
Şuşa Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasındakı qardaşlığın yeni tarixi mərhələsi, həmçinin Türkiyə ilə Azərbaycan qardaşlığını bütün dünyaya bəyan edən bir mesajdır. Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətləri üçün yeni bir dönəmin başlanğıcı, iqtisadi, siyasi, hərbi, mədəni, bir sözlə, bütün sahələrdə bir yol xəritəsidir. Şuşa Bəyannaməsi hər iki qardaş ölkə üçün çox mühüm əhəmiyyətə malik bir sənəddir. Bu Bəyannamə Türkiyə və Azərbaycan arasında bu günə qədər imzalanan müqavilələri özündə cəmləyir. Bəyannamə iki dövlət arasında əməkdaşlığın bütün aspektlərini əhatə etməklə gələcək iş birliyi və müttəfiqlik üçün fundamental baza sənədi rolunda çıxış edir.
Şuşa Bəyannaməsinin ən mühüm tərəflərindən biri onun 100 il əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad etməsidir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 1921-ci il oktyabrın 13-də imzalanan Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edərək, Türkiyə- Azərbaycan qardaşlığının gələcək konturlarını bütün dünyaya nümayiş etdirdilər. Bu baxımdan Şuşa Bəyannaməsini Azərbaycanın təhlükəsizliyinə zəmanət sənədi kimi səciyyələndirmək olar.
Şuşa Bəyannaməsinin imzalanmasından sonra iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyub və bu sənəd bütün istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməklə yeni səhifə açıb. Xüsusilə təhlükəsizlik, hərbi əməkdaşlıq sahəsində yeni istiqamət üzrə addımlar atılır. 44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyə Azərbaycana böyük səmimiyyətlə siyasi və mənəvi dəstəyini ifadə etdi. Bunun ardınca Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın da yeni perspektivlərini açmış oldu. Bu bəyannamə iki ölkənin ordusunda birgə təlimlərin keçirilməsi, Türkiyədəki təlimlərdə Azərbaycan hərbi heyətinin iştirak etməsi, gələcəkdə birgə təlimlərin daha geniş miqyasda təşkil olunması ətrafında müzakirələrin aparılması, müdafiə, hərbi-texniki əməkdaşlıq sahəsində Azərbaycan və Türkiyə münasibətlərinin yeni platforması rolunda çıxış etməkdədir.
Bu sənəd bütövlükdə Cənubi Qafqazın yeni təhlükəsizlik konsepsiyası kimi də qiymətləndirilə bilər, çünki regionda Azərbaycan və Türkiyə müttəfiqliyi prosesləri tam nəzarətdə saxlamağa, ədalətli məcraya yönəldərək inkişaf etdirməyə qadirdir. İki ölkə Cənubi Qafqazda hər zaman təhlükəsizliyi, əməkdaşlığı, sabitliyi təşviq edir, münasibətlərin Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qalxması isə regionda sülhə, ümumi rifaha öz töhfəsini verəcək.
Bütün bunları nəzərə alaraq, əminliklə qeyd etmək olar ki, Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi əsasında qurulan əməkdaşlıq, müttəfiqlik getdikcə daha da inkişaf edəcək, addım-adım növbəti uğurlara nail olacaqdır. Elə bu günlərdə Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” festivalında da hər iki liderin Şuşa Bəyannaməsinə istinad etmələri, birlik, qardaşlıq mesajları vermələri bu fikirləri bir daha təsdiq edir.
Pirverdi Cəfərov,
Salyan rayon Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndə