Bu gün Şəkidə Dövlət Turizm Agentliyinin və Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhər Günü” keçirilir.
“Report” xəbər verir ki, tədbir çərçivəsində yerli sənətkarların əl işləri və qida nümunələrinin sərgi-satış yarmarkası, həmçinin musiqi proqramı, fleşmob və yerli teatrın tamaşası, eləcə də Ənənəvi Şəki Qida Festivalı təşkil ediləcək.
Xatırladaq ki, 2019-cu il iyulun 7-də Bakıda keçirilmiş UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
2021-ci il iyulun 7-də Şəkidə keçirilən təntənəli mərasimdə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı təşkilatın baş direktoru tərəfindən imzalanan sertifikat şəhər rəhbərliyinə təqdim olunub. Həmin tədbirdə hər il iyulun 7-nin Şəkidə “Şəhər Günü” kimi qeyd olunması qərara alınıb.
www.demir-yumruq.az