FHN: “Masallıda baş vermiş meşə yanğınının qəsdən törədilməsi ehtimalı böyükdür” – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət

28 avqust 2022-ci il tarixində Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə – Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin 5-ci dolayında yanğın baş verib və FHN-in müvafiq qüvvələri hadisə yerinə cəlb edilərək yanğın söndürülüb.

FHN-in məlumatına görə, yanğının başvermə səbəblərinin araşdırılması məqsədilə nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin peşəkar əməkdaşları hadisə yerində olublar.

İlkin araşdırma zamanı yanğın baş vermiş ərazinin müxtəlif yerlərində yanğın ocaqlarının mənbələri diqqəti cəlb edib, bu mənbələrdə ocaq qalanması və ərazinin müxtəlif yerlərində yanmış ağac kötükləri aşkar olunub. Aşkar edilmiş faktlar hadisənin qəsdən törədilməsi ehtimalına ciddi əsaslar yaradıb.

Qeyd olunanları nəzərə alaraq, hadisənin daha dərindən araşdırılması və yanğına səbəb olmuş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə yanğın baş vermiş ərazidən götürülmüş nümunələrin ekspertizaya təqdim edilərək müvafiq qurumlara göndərilməsi qərara alınıb.

09:00

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Bu barədə FHN-dən bildirilib.

Yanğın nəticəsində təxminən beş hektar sahədə ağaclıq və kol-kos yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Yanğının söndürülməsi əməliyyatında ümumilikdə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və aviasiya dəstəsinin iki ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları, bir qrup kənd sakini iştirak ediblər.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir